525.Az

Dünya ölkələri üçün nümunə - Azərbaycan-Türkiyə qardaşlığı


 

Dünya ölkələri üçün nümunə - Azərbaycan-Türkiyə qardaşlığı<b style="color:red"></b>

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dost münasibətlərinə malik digər ölkələr tapmaq mümkün deyil. İki ölkə çətin gündə də, xoş gündə də daim bir-birinin yanında olub. Getdikcə bu dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Türkiyə 44 günlük müharibə zamanı Azərbaycanın yanında oldu, hər cür mənəvi dəstək göstərdi. Qardaş ölkədə ötən ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk olaraq köməyə gedən məhz Azərbaycan oldu.  Həm dövlətimiz, həm xalqımız əlindən gələn bütün dəstəyi türk qardaş və bacılarına göstərdi. Geniş yardım kampaniyalarına başlanılması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər dərin və güclü olduğunu göstərdi. Azərbaycanın qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Qeyd edək ki, qardaş Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycanın dövlət qurumları səfərbər olaraq köməyə tələsdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib.

Heydər Əliyev Fondunun Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri olduğunu xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.

Martın 16-da isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Ümumiyyətlə, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr və əməkdaşlıq getdikcə güclənir,  münasibətlərin daha da inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin bu məsələdə rolu danılmazdır. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfə Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. 2021-ci ildə Təşkilatın İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq".

Hər zaman olduğu kimi, bu məsələdə də dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür. Belə ki, ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana yaşıl enerji ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri və səfər zamanı imzalanmış sənədlər Türk Dövlətləri Təşkilatının üzvü kimi ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.

Ölkəmizin Türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır. Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən "qardaş köməyi"ndə gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyaya Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə super güc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.

Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.

44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev mövzu ilə bağlı  "525"ə deyib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir, qardaş dövlətdir: "Biz görürük ki, indi Türkiyə doğrudan da çətin vəziyyətdədir. Orda böyük bir faciə baş verib. Ona görə də Azərbaycan da maddi yardımdan başqa, siyasi dəstəyini də göstərir. Türk Dövlətləri Təşkilatı  Zirvəsinin qardaş ölkədə keçirilməsi Türkiyə dövlətinə, rəhbərliyinə siyasi dəstək kimi qiymətləndirə bilərik. Eyni zamanda gündəmdə bir sıra digər geosiyasi məsələlər var. Çox güman ki, bunlar müzakirə olunacaq. İqtisadi məsələlər var. Türkiyənin indi iqtisadi durumu da gərgindir. Türkiyə seçkilərə gedir. Təəssüflər olsun ki, bəzi Qərb dövlətləri Türkiyədə seçkilərə bu və ya digər formada müdaxilə etməyə çalışırlar. Seçkilərin nəticələri ilə bağlı öz gözləntiləri var və buna görə də təsir etməyə çalışırlar ki, nəticə istədikləri kimi olsun. Belə olan halda, Azərbaycanın və  digər türk dövlətləri liderlərinin Türkiyəyə getməsi, orda Zirvə Görüşünün keçirilməsi Türkiyə dövlətinə böyük dəstəkdir".

F.Şəfiyev əlavə edib ki, seçkidən sonra iki ölkənin münasibətləri də çox müzakirə olunur: "Bizim bəzi qonşu dövlətlərdə belə gözlənti var ki, seçkilər olacaq və rəhbərlik dəyişə bilər. Ona görə məsələn, Ermənistan tərəfindən sülh sazişi ilə bağlı iş yubadılır. Gözləyirlər ki, seçkilər nəticəsində digər bir namizəd qalib gəlsə, ola bilsin ki, Azərbaycana, ümumiyyətlə, regiona dair siyasət dəyişəcək. Amma Azərbaycan məsələsi bir prioritet olaraq Türkiyənin siyasi gündəmindədir. Əgər hətta 10-15 il bundan əvvəl yanaşmalar fərqli idisə, indi HDP istisna olmaqla, demək olar ki, bütün partiyalar üçün Azərbaycan məsələsi Şimali Kipr qədər eyni səviyyədə vacib bir məsələdir. Ona görə Türkiyənin bir cəmiyyət olaraq Azərbaycana dəstəyi həmişə olacaq. Mən gözləmirəm ki, seçkilərin nəticələrindən asılı olaraq Azərbaycana münasibət kəskin şəkildə dəyişsin".

 

 





17.03.2023    çap et  çap et