525.Az

Paşinyanın açıqlamaları və Üçtərəfli Bəyanat - Sosial şəbəkədə yazılanlar


 

Paşinyanın açıqlamaları və Üçtərəfli Bəyanat - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Cavanşir Feyziyev, millət vəkili:

- Müasir Azərbaycan ədəbiyyatının canlı  korifeyi, əsərləri ilə böyüdüyümüz və yaratdığı obrazların örnəyi ilə həyatı dərk etdiyimiz görkəmli və sevimli yazıçımız Anarın 85 yaşı tamam olur. Uzun illər ərzində xalqın böyük bir kəsiminin həyata baxışlarının formalaşmasında mühüm rol oynamış Anar bu gün də öz məsləkdaşlarının müəllimi və hamisi qismində öz fəaliyyətini uğurla davam etdirir, gördüyü işlərlə, yüksək vətəndaşlıq mövqeyi ilə ictimai şüurun inkişafında əhəmiyyətli xidmətlər göstərir. Geniş fəaliyyətlərində və uğurlu yaradıcılığında atası Rəsul Rzanın vətənpərvərliyini və milli ruhunu, anası Nigar xanımın romantikasını  və qayğıkeşliyini yaşadan böyük yazarımız  özündən sonra gələn nəsillər üçün böyük bir ədəbi məktəbdir.

Hörmətli Anar müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıram.

 

Rəşad Quliyev, sosial şəbəkə istifadəçisi:

- Laçında, Həkəri çayı sahilində salınacaq "CamperPark Həkəri"də rəssamlar üçün xüsusi iş və istirahət guşəsi ayrılacaq. Bununla da həm yerli, həm də xaricdən gələn rəssamlarımız istər kətan üzərində, istərsə də karavanların üzərində öz əsərlərini nümayiş etdirə biləcəklər. Molbert, fırça, yağlı boya, tempera, pastel, akvarel kimi bütün ləvazimatlarla dolu olan kapsullarda həm istirahət edə bilər həm də öz obrazlarını canlandıra biləcəklər...

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- "Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb? Cinayətkarların "məlumatsız və nəzərə almadıqları" məqamlar, DİN-in isə imkanları və üstünlüyü nədə olub?

Cinayət baş verən gün, bir neçə saat ərzində DİN tərəfindən cinayətkarların birinin zərərsizləşdirilməsi və digərinin   yaxalanması peşəkar və uğurlu  bir əməliyyat kimi dəyərləndirilə bilər.

Görəsən, qısa bir zaman kəsiyində bu cür uğurlu əməliyyat necə reallaşdırıla bilərdi?

DİN əməliyyatın detallarını açıqlamayıb.

Amma ötən günlər DİN-nin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev əməliyyatla bağlı bəzi məqamlara toxunub, cinayətkarlaın öncədən hazırlıq gördüklərini, hətta müşahidə kameralarının yerlərini nəzərə aldıqlarını açıqlayıb.

DİN rəsmisi eyni zamanda, "onların nəzərə almadıqları bir çox məqamların olduğunu və məlumatsız olduqlarını" vurğulayıb.

Görəsən, cinayətkarların "məlumatsız və nəzərə almadıqları" məqamlar, DİN-nin imkanları və üstünlüyü nədə olub?

Düşünürəm ki, bu, yenə də texnologiya və data, həmçinin də bunların hər ikisindən istifadə edənlərin peşəkarlığı ilə bağlı ola bilərdi.

DİN rəsmisi açıqlamasında "cinayətkarların şəxsiyyətinin müəyyən edildiyi və ola biləcəkləri mümkün  ərazilər"  haqqında da danışıb.

Fikrimcə, DİN-nin uğurlu əməliyyatı məhz bu məqamdan, yəni cinayətkarın  identifikasiyasından başlayıb.

Bəs bu, necə müəyyən olunub?

Gizli deyil ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, DİN-nin əlində nəhəng "Təhlükəsiz şəhər" informasiya sistemi, onun da onlarla alt sistemləri var.

Yəni kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verən sistem, Bakı şəhəri üzrə elektron müşahidə sistemi, avtomobili, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verən sistem, Biometrik identifikasiya sistemi, Videoanalitika sistemi və s. bu tip resurslardan uzun müddətdir ki, DİN istifadə edir.

DİN cinayətdən öncə baş verənləri, məhz həmin ərazidəki şübhəli məqamları, ümumiyyətlə ərazi ilə bağlı əvvəllər toplanmış bütün datanı incələmək imkanına malikdir.

Həmçinin DİN-in bu resurslar vasitəsilə imkanı var ki, artıq şəxsiyyəti müəyyən edilənin hətta hansı gün, hansı metro və digər kütləvi yerdə olduğunu müəyyən edə bilsin.

Ölkəmizdə 2008-ci ildən başlayaraq "Təhlükəsiz Şəhər" və onun alt sistemlərinin qurulmasına, ayrıca Mərkəzin qurulmasına milyonlarla vəsait yatırılıb.

Xatırladıram ki, Prezidentin "Təhlükəsiz Şəhər"lə bağlı fərmanı, videonəzarət sisteminin qurulması ilə bağlı NK-nın 2010-cu ildə qəbul edilən xüsusi qərarı var.

Yəni müşahidələr göstərir ki, DİN-in, bütövlükdə polis sisteminin rəqəmsal transformasiyası istiqamətində son illərdə xeyli işlər görülüb.

Müşahidələr göstərir ki, adı çəkilən qərarın icrası istiqamətində problemlər də var, amma bu başqa bir müzakirənin mövzusudur.

Beləliklə, düşünmək olar ki, mövcud data və texnoloji imkanlarlarla cinayətkarlar identifikasiya olunandan sonra, güman ki, DİN onların hərəkət trayektoriyası və mümkün kordinatlarını da texnologiyaların köməyi ilə müəyyən edə bilib.

Sonradan baş verənlər göstərir ki, cinayətkarların "mümkün kordinatlar"ı həm də Torqovi ərazisində olub.

Geridə qalanlar isə artıq cinayətkarı izləmək, saxlamaq və zərərsizləşdirmək ola bilərdi ki, DİN də bunları peşəkarlıqla yerinə yetirib.

Beləliklə, düşünürəm ki, izləmə  əməliyyatını quran və silahlı cinayətkarı yaxalayan polislərin peşəkarlığı ilə yanaşı,  rəqəmsal təhlükəsizlik sistemlərini və texniki resursları, operativ data emalı və identifikasiya sistemlərini, effektiv və düzgün qərarların qəbuluna kömək olan "Təhlükəsiz Şəhər" sistemini özündə cəmləşdirən DİN-in texnoloji infrastrukturunun da rolu xüsusi qeyd olunmalıdır.

 

Asif Nərimanlı, jurnalist:

- Xankəndindəki separatçı rejim Prezident Administrasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından "yox" deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini "tərəf" kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər;

Gözlənilən idi, çünki Bakıya gəlmələri "tərəf" olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir:

- Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, "separatçılar erməni əhalisi deyil" və "erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına" onlar imkan vermir;

- Qarabağda mümkün praktiki addımların - həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi "erməni əhalisinə" qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır.

 

İradə Tuncay, Əməkdar jurnalist:

- İspaniyadakı binaların möhtəşəmliyinə baxıram. Həqiqi möhtəşəmliyə, burda addımbaşı yazılan möhtəşəm yox... TV dən izləyirəm yəni...

Futbol komandalarının adların çəkirlər mətndə... Fikirləşdim... Binaların qüllələri göylərə dirənən ölkədə futbol da göylərdə uçacaq da... Yazıq Qurban... Komalarda yaşayan toplumun arasında Avropaya futbol komandası çıxara bilib... Və danlayırıq...

 

Xaqani Səfəroğlu, jurnalist:

- Paşinyan bugünkü mətbuat konfransında yenə avanturist açıqlamalar verib.

Paşinyan gah deyir Bakı Xankəndi ilə danışmalıdır. Sonra deyir Azərbaycan bizi Qarabağ erməniləri üçün təhlükəsizilk qarantı olmağa qoymur. Ardınca deyir ki, Xankəndinə beynəlxalq missiya gəlməlidir.

Axırda da Üçtərəfli Bəyanat yadına düşüb. O da Laçın dəhlizi ilə bağlı danışanda.

Paşinyan onu demir ki, bu Bəyanata əsasən ilk olaraq erməni silahlıları Qarabağdan çıxarılmalı, BMT-nin nəzarəti ilə qaçqınlar keçmiş Dağlıq Qarabağa qayıtmalıdır.

Bu sənəddə tərəflərin üzərinə götürdüyü öhdəliklərdir.

Paşinyan isə "yeni xanə" açmaq istəyir. Onun açıqlamaları Üçtərəfli Bəyanatı dağıdır və Minsk Qrupunu "diriltmək" cəhdidir.

 

Qulu Məhərrəmli, professor:

- Lənkəranda ANAİB-in təşkil etdiyi I Kitab sərgisindəyik. Burada bir neçə məqam xoşuma gəldi: şəhər əhli sərgiyə şövqlə gəlir və kitaba pul xərcləyir; Lənkəran məktəbliləri kitaba çox həvəslidir, maraqlı kitab seçimləri vardır; sərgidə "İşıq" jurnalının (1911-12) tam transliterasiyasına (MİMTA çap edib) rast gəldim; sərgidə ilk dəfə AUDİOKİTABlar da nümayiiş etdirilir.

 

Fərhad Mehdiyev, professor:

- Alimentlə bağlı adətən qadınlar mediasiyaya müraciət edir və tələbləri aliment məbləğinin arıtırılması olur.

Amma bəzən də kişilər müraciət edir və onların tələbi də "alimentin ləğv edilməsi" olur. Adətən bunu belə əsaslandırırlar ki, "onun üzündən infarkt keçirmişəm, məni infarkt edib, 1-ci qrup əliləm. 1-ci qrup əlillər də aliment ödənişindən azaddır".

 

 

 





17.03.2023    çap et  çap et