525.Az

Hər gün yollara boylanar... - Salman Alıoğlu yazır


 

Hər gün yollara boylanar... - <b style="color:red"> Salman Alıoğlu yazır</b>

Vətən deyəndə şəhidlər, şəhidlər deyəndə torpaq, şərəf, qürur yada düşür. Məşhur bir kəlamda deyidiyi kimi, torpaq uğrunda ölən varsa - Vətəndir. Adı and yerinə çevrilən, igidliyi dastanlara sığmayan şəhidlər Azərbaycanın haqqını və şərəfini ucaltdılar.

Şəhidlərin doğum tarixinə nəzər salanda 19-20 yaşlı gənclərin torpaq sevdası adamın bütün varlığını titrədir, göz yaşları yanağımızda şırım açır, qəlbimiz odlanır, dərdimizin ağırlığından qəlbimizdən ah qopur, fəqət, həm də bir qürur hissi başımızı dikəldir, şərəfimizi ucaldır, düşünürsən ki, qüdrətli, azman və cəsur  xalq bir ölər, min dirilər. Bu igidləri böyüdən anaların, ataların dözümü, iradəsi, övlad yerinə al-qırmızı bayrağımızı sinəsinə sıxaraq, "təki Vətən yaşasın" deyən valideynlərin sonsuz kədəri qarşısında sözlər də aciz qalır. Sevgilisini, həyat yoldaşını müharibəyə yola salan, əllərində hələ toy xınasının rəngi solmayan gəlinlərin nələr çəkdiyini kim bilər, gündüzlər toxdaq görünsə də, gecələr səhəri  göz yaşları ilə açar, lal baxışları adamın ürəyini dəlib keçər. Atalarının məzarını qucaqlayıb soyuq daşı öpən, onun ruhu ilə səssiz danışan iki körpə uşağın o anda, nələr düşündüyünü kim bilər?!

Vətən torpağını bütöv edərək ömürləri yarı yolda qırılan şəhidlərə uca Allahdan rəhmət diləyir, şəhid analarının əllərindən öpür, şəhidlərin ömür-gün yoldaşlarının polad mətanəti qarşısında baş əyir, əfsanəyə çevrilən bir həyat hekayəsini, onlara təsəlli olacaq bir əhvalatı  yada salmağı özümə borc bildim.

Bu həyat hekayəsi, əfsanəyə çevrilmiş bir həqiqət qardaş Türkiyənin Ərzurum mahalının Tikkir (Çığdemli) kəndində baş verib. Bu tərəflərdə Mustafa ilə Gülbaharın dillərdə dastana çevrilən eşq hekayəsini bilməyən yoxdur. Bir-birini ürəkdən, candan sevən bu gənclərin ailələrinin razılığı ilə onların evlənmələrinə izn verilir. Fəqət bərabər nə qədər olduqları bilinməz, səfərbərlik elan edilir, ölkədəki bütün gənclər, oxuyan-oxumayan hərbi xidmətə çağrılır.

Mustafa da sevgilisini evdə qoyaraq ayrılır, əslində, bu ayrılıq o günlərdə ölümə getmək idi. Bəlkə bir daha Gülbaharını görməyəcək, "gülüm" deyə onu doyunca oxşamayacaqdı... Ayrılıq zamanı Gülbaharın iki gözü çeşmə olur, amma əldən nə gəlir ki?! Qəhrəman, fədakar türk qızları kimi, o da Mustafasını qürurla, inamla yola salır, gedişini uğurlayır.

Həsrət, hicran Gülbaharı üzür. Aradan aylar, illər keçir, fəqət Mustafadan bir xəbər gəlmir. Gözləri Mustafasını uğurladığı yollara baxan Gülbahar hər keçən gün gül kimi solur, için-için əriyir, ağlamaqdan gözlərində yaş da qalmır. Gəlinin bu durumu qayınanasını və qayınatasını çox üzür. Bir gün qayınatası Gülbaharın hər sabah Mustafanın yolunu gözləməsinə, sanki, uçan quşlardan da xəbər istəməsinə o qədər üzülür ki, dayana bilmir, bir əfsanə danışır. Huma quşu əfsanəsini...

Huma quşu, həm də cənnət quşu adlandırılır. Gözlə görünməyəcək yüksəklikdə dayanaraq, heç vaxt yerə toxunmadan uçan, bəzi mənbələrdə isə ayaqlarının olmadığı bildirilən əfsanəvi quş... Huma quşu həm də xoşbəxtlik, firavanlıq, səadət rəmzi hesab olunur. Yuvasından havalanan və çox yüksəkliklərdə günlərlə uçan Huma quşunu atası Mustafaya bənzədir və Huma quşunun xəbər gətirəcəyinə işarə edərək gəlininə təskinlik verir. Əfsanəyə görə, Huma quşunun yüksəkliklərdən səsi gəlir: "Yar qoynunda bir cüt suna bəslənir, sən ağlama, kirpiklərin islanır, mən ağlayım ki, bəlkə könül usanar". Burada "yar qoynunda bir cüt suna" - gəlinin iki cocuğuna işarədir...

Şəhid ailələrinə, onların övladlarına, qazilərə baş çəkmək, onlara təsəlli vermək, gücümüz çatan qədər kömək etmək hər birimizin boynunun borcudur. Unutmayaq ki, soyuq, biganə münasibət onların qəlbini qırır, onları incidir, həyata küskün baxırlar. Vicdanı olan kəs bunu etməməlidir, bir kəlmə şirin sözü, xoş münasibəti, doğmalığı onlardan əsirgəməməliyik. Vətən müharibəsindəki şərəfli Qələbəyə görə ordusu, əsgəri, generalı, cəngavər igidləri ilə fəxr edən, torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən şəhidlərin əziz xatirəsini uca tutan, qaziləri öz övladları kimi sinəsinə sıxan xalqımızın milli-mənəvi dəyərlərini unutmamalıyıq, düşünməliyik ki, şəhid ailələrinə və qazilərə hər birimizin ehtiram borcu var. 

 

 





17.03.2023    çap et  çap et