525.Az

Anara məktublar


 

Anara məktublar<b style="color:red"></b>

Materialların hazırlanmasında Əmin Əfəndiyev və Zakirə Əliyevanın tərtib etdikləri "Çağdaşları Anar haqqında" kitabından istifadə olunub.

 

 Əziz Anar!

Qaqauz yazıçısı D.Tanasoğlu və xanımı Sevda xanım sizə səmimi qardaşlıq salamı göndərir. 1988-ci ildə Müşfiqin yubileyi zamanı çəkilmiş fotoları Sizə göndərirəm. Bir az yubatdığım üçün üzr istəyirəm. Qardaş Azərbaycan xalqının başına gələn bəlalara görə mən və arvadım çox iztirab çəkirik.

Dərin hörmətlə,

Dionis Tanasoğlu
2 avqust 1990 Kişinyov

 

Əziz dostum Anar!

"Literaturnı Azərbaycan" jurnalında dərc olunmuş "Ağ qoç, qara qoç" povestinizi məmnuniyyətlə oxudum. Bizim xahişimizlə povest respublikada məşhur tərcüməçi Mındıbay İles tərəfindən çevrildi. Povest oxucular tərəfindən yüksək qiymətləndirildi, "Jalın" jurnalının povestiniz dərc olunmuş iki nömrəsini Sizə göndərirəm. Mən indi Respublika Məclisinin (Parlamentin) deputatıyam və paytaxtımız Astanada yaşayıram.

Sizə yaradıcılıqda qartal uçuşu arzulayıram. Hörmətlə,

Muxtar Şaxanov
17 yanvar 2005

 

Azərbaycan Yazıçılar Birliyinin sədri hörmətli Anara!

Anar müəllim və xalqımızın milli varlığını kəskin qələmiylə qoruyan yazıçı və şairlərimiz! Sayın Anar müəllim! Sizin yardımınız nəticəsində tariximizin şanlı səhifələrini yenidən canlandıran sanballı "21 Azər" jurnalı və onun qoyduğu müsbət təsirlər heç zaman qardaş Güney Azərbaycanın xatirə dəftərindən silinməyəcəkdir. Mən beləliklə, Sizə, yorulmaz şairimiz Miyanalı Əlirza və sair əməkdaşlara öz minnətdarlığımı bildirib böyük başarılar arzu edirəm.

Dərin sayğılarımla,

Behruz Həqqi

27 iyun 2000. Köln, Almaniya

(Anarın şərhi. Təşəkkürlər Güneyli qardaşlarımızın nəşr etdikləri "21 Azər" jurnalının redaksiyasına Yazıçılar Birliyinin  binasında yer verib şərait

yaratmağımızla bağlıdır.)

   

Sayın Anar yoldaş!

Mənə boyle xitab etməmə müsaide ediniz. Sizləri - 1962.lərdə mərhum Mehdi Hüseyndən sizin kiçik bir hekayə kitabınızı qəbul etmişdim - oradan tanıdım və sevdim. Gənc yazıçı idiniz. Mehdi Hüseyn sizi çox seviyordu. Sonra yazılarınızı "Azərbaycan" jurnalında oxudum, heç birini kaçırmadım.

Necib Karabacak

Lübley köyü, Razqrad sancağı Bulqarıstan

 

Əziz Anar!

İşə bax, Ankarada eyni "Taleman" mehmanxanasında eyni bir vaxtda olmuşuq, amma görüşməmişik, Mən bunu biləndə Siz artıq getmişdiniz. Türklər dedilər ki, Bakıda Türk dünyası yazıçılarının görüşü olacaq. Biz Çuvaşıstan Yazıçılar İttifaqı olaraq çox istərdik ki, o görüşdə iştirak edək. Mən Sizi çox yaxşı tanıyıram, qardaşım və istedadlı yazıçı kimi sevirəm və Sizə hörmət bəsləyirəm... Bizim Çuvaşıstan Yazıçılar İttifaqı fəal işləyən bir təşkilatdır, Ankaraya Türkiyədə çap olunmaqçün çuvaş ədəbiyyatı antologiyasını gətirdim. Bu işdə Sizin yardımınıza da ehtiyacımız var. Sizi qardaş və dost kimi salamlayıram.

Sizin

Mişşi Yuxma,

Çuvaşıstan Yazıçılar İttifaqının sədri, Çuvaşıstanın Xalq yazıçısı. Çeboksarı.

 

Əzizim Anar!

Azərbaycan sənət həyatında ötədən bəri bütün sənət qollarını içinə alan və bunlara iç və dış sənət hərəkətlərini izləyərək yeni üfüqlər açan bir sənət dərgisinə şiddətli ehtiyac duyulurdu. Nəşrinə təşəbbüs etdiyiniz sənət dərgisi bu ehtiyaca cavab vermək və bütün sənət qollarına işıq tutmaq surətiylə bu ehtiyaca cavab verərək böyük bir boşluğu doldurmuş olacaqdır. Eyni zamanda bu təşəbbüsünüz Azəbaycan sənət həyatına bir yenilik və canlılıq gətirəcəkdir. Bu səbəblə bu təşəbbüsünüzdən dolayı sizi və arxadaşlarınızı candan təbrik edər və həpinizə çalışmalarınızda böyük başarılar dilərəm.

M.Zəkəriyyə Sərtəl

(Məktub "Qobustan" toplusunun nəşrə hazırlanmasıyla bağlı yazılıb - red.).

 

Əziz dostum Anar!

Bakını və sizləri unutmaq mümkünmü? Sadəcə bizi dəvət edən Yazarlar Birliyini deyil, bütün bir xalqın sıcaqkanlığı bizi nasıl büyüledi. En qısa zamanda sizləri burada görmək istəriz. Bu gün İstanbulda əqrabanız Aydın bəyi telefonla aradım. Qızıyla danışdıq, sizə salamlarını iletdilər. "The last niyht of tve old year" oxuyuram ("Keçən ilin son gecəsi" kitabının ingiliscə nəşri nəzərdə tutulur - red.). Daha doğrusu, eşim Ayşə ilə oxuyuram. Pək möhtəşəm. Bir tanıtma yapacağam.

En kısa zamanda görüşmək diləyiylə sənə və eşin Zemfira xanıma salam və iyi diləklərimi sunarım.

İlbər Ortaylı.
28 noyabr 1988

 

Hörmətli Anar bəy!

Yayın evimizdə "Der sekhste eines funkstökigen Nauses" ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") çıxmış bulunmakdadır. Bu münasibətlə 18 nisan - 4 mayıs tarixləri arasında kitabınızdan oxumalar yapmaq, kitabınız və Azərbaycan ədəbiyyatı üzərinə TV və radioda söhbətlərdə bulunmaq, oxuyuculara kitabınızı imzalamaq üzərə siz Anar Rzayev Rəsul oğlu və həyat yoldaşınız Zemfıra Səfərova Yusif qızını Federal Almaniya Cümhuriyyətinə dəvət ediyoruz. Yolculuq məsrəfləriniz və Federal Almaniyadakı otel və digər məsrəfləriniz yayın evmiz tərəfindən qarşılanacaqdır. Burada bulunduğunuz sürə içində Bakının qardaş şəhri Mayns və Sumqayıtın qardaş şəhri Lüdviqşafen şəhər kitabxanalarında, Frankfurt, Visbaden, Münix, Bonn, Köln, Hamburq şəhərlərindəki kitab evlərində kitabınızdan parçalar oxuyacaqsınız. Ayrıca Frankfurt-Mayn, Köln və Boxum üniversitelərinin Türkoloyi bölümlərində Azərbaycan ədəbiyyatı və dili üzərinə konfranslar verəcəksiniz. Eyni Universitetlərdə həyat yoldaşınız Zemfıra xanım Azərbaycan müziki haqqında qonuşacaq. Mümkün olursa Frankfurt sinematekində Azərbaycan filməri göstərilə bilirsək, orada Azərbaycan filmi üzərində qonuşacaqsınız. Cevabınızı əcələ bəkliyorum.

Sevgi və salamlar!

Yıldırım Dağyeli.
Frankfurt, 2 fevral 1989

 

Əziz Anar! Mən artıq üç aydır ki, Varşavada yaşayıram. Sizin "Ağ Liman"ınız çox xoşuma gəldi, onu öz jurnalımda dərc etdim ("Ağ liman" polyak yazıçısı V.Kubastskinin redaktorluğu ilə Varşavada çıxan "Literatura na sveçie" - "Dünya ədəbiyyatı" jurnalının iki nömrəsində dərc edilmişdi - red.). Eləcə də jurnalda atanızın, çox sevdiyim Rəsulun şeirləri çap olunub. "Ağ liman"ı Lodzda nəşriyyata təqdim etmişik. Bu, Sizin polyak dilində çıxan ilk kitabınız olacaq. Əsərin tərcüməçisi Andcey Şimanski onun radio üçün variantını da hazırlayıb. Güman edirəm ki, Siz Polşaya qonaq gələcəksiniz. Qonorarınız Sizi Varşavada gözləyir. Sizi, atanızı, yoldaşınız Zemfıranı salamlayıram.

Sizin Vatslav Kubatski.
Varşava, 27 yanvar 1973

 

Əziz Anar!

Yeni il təbriklərin üçün çox sağ ol. Bu günlərdə kitabın çıxdı. Bu barədə mən də bilmirdim, birdən kitab dükanının vitrinində gördüm. Sən bəlkə nəşriyyatdan bir neçə nüsxə almısan. Hər ehtimala qarşı iki nüsxə göndərirəm. Sənin və Zemfiranın Macarıstana gəlməyinizlə əlaqədar bildirirəm ki, 15 iyunla 15 iyul arasında gəlsəniz, yaxşı olar. Bir xahişim də var. Məsələ ondadır ki, tələbələrimdən biri diplom işi kimi sənin yaradıcılığını götürüb. Bizdə olan bütün əsərlərini (rus və macar dillərində) oxuyub, indi də təhlilə girişib. Əgər bizə məlum olmayan əsərlərin varsa, xahiş edirəm göndərəsən. Ona əlavə material da lazımdır (sənin haqqında məqalələr, resenziyalar və s.). Mətnlərin özləri də olmasa, siyahısını göndər, biz kitabxanalarda axtarıb taparıq. Sizi səbirsizliklə gözləyirik.

Laslo Zaxemski
Eger. 5 fevral 1973

  

Əzizlərimiz Zemfira və Anar!

Çoxdandır Sizə yazmırıq. Heç nəyi unutmamışıq, amma vaxt çatmır. Sağ- salamatıq, işimiz isə başımızdan aşır. Anna və Rita (Rita Margit də Laslo Zaxemski və Anna Herinq kimi Anarın və başqa Azərbaycan yazıçılarının əsərlərini macar dilinə çevirənlərdir) Əylislinin kitabının tərcüməsini bitiriblər, bəlkə payıza qədər çıxdı. İyulun 1-nə Elçinin də kitabını nəşriyyata təhvil veriblər. Onlara denən, amma yəqin ki, bilirlər.

Anna sənin "Əlaqə"ni də çevirib. Oxuyanlar əsəri çox bəyənib, Bəlkə gözləyək "Macal"ı da çevirsin və ikisini bir kitabda nəşr etdirək. "Beş mərtəbə" ("Beşmərtəbəli evin altıncı mərtəbəsi" - red.) haqqında nəşriyyata dörd müsbət rəy verilib və o da çap ediləcək. Hamıya çoxlu salamlar.

Sizin,

Laslo, Anna.
Eger. 27 iyun 1980

 

 





17.03.2023    çap et  çap et