525.Az

Tərlan Seyidov: İthaf - Zümrüd Dadaşzadə yazır


 

Tərlan Seyidov: İthaf - <b style="color:red">Zümrüd Dadaşzadə yazır</b>

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas məktəb-studiyası nadir təhsil ocaqlarındandır. Bir neçə il öncə bu məktəb öz 40 illik yubileyini xoş bir atmosferdə Akademiyanın böyük zalında qeyd etdi. Hamı məktəbin müəllimlərini və ən əsası – onun qurucusu Tərlan Seyidovu ürəkdən təbrik edir, ustada və onun qurduğu ocağa yeni-yeni uğurlar diləyirdi.

Bir neçə gün əvvəl isə Akademiyanın elə həmin zalında həzin və kədərli ovqat bərqərar olmuşdu. Tərlan müəllimin anım məclisinə toplaşmışdıq.

Məktəb-studiya 1980-ci ildə yaradılanda, yəqin, bəzi kəslər onun gələcək perspektivlərinə skeptik yanaşırdı. Belə ki, o zaman Bakıda musiqi məktəbləri artıq yetərincə idi. Bir çoxumuzun bitirdiyi, Bülbülün adını daşıyan yeganə orta ixtisas musiqi məktəbi – nüfuzlu və şöhrətli - özünü təhsil sistemində təsdiqləmişdi. Belə təqdirdə yeni bir musiqi ocağının yaradılması hansı  ehtiyacdan doğdu? Əsas məqsəd ali təhsil müəssisəsi olan konservatoriyanın tələbələrinə – gənc  ifaçılara, musiqişünaslara pedaqoji təcrübə əldə etmək üçün bir baza yaratmaq idi. Lakin bu başlıca vəzifə ardıcıl olaraq yeni ideyalar hesabına genişlənməyə, zənginləşməyə başladı, “palitra” rəngarənglik əldə etdi. Təşəkkül mərhələsinə qədəm basan məktəb-studiya tədricən özgün yolunu müəyyənləşdirdi və fərqli, çətin yolla inamla addımlamağa başladı. Heç də təsadüfi deyil ki, bu tədris ocağının adında açar söz  “studiya” idi: məhz bu ad məktəbin elə əvvəlcədən axtarışlar, eksperimentlər, pedaqogika sahəsində innovasiya xarakterli metodların tətbiqi dalğasına kökləndiyinə işarə edirdi. 

Uzun illər ərzində  burada nələr gerçəkləşdirilməyib! Məktəbdə cari tədris prosesi bir-birindən maraqlı tədbirlər – musiqi tamaşaları, konfrans və festivallar hesabına daim canlandırılır. Bu ocaqda həyat durmadan çağlayır, daim yeni ideyalar, yeni layihələr təklif olunur. Və ən əsası – onlar uğurla həyata keçirilir - əzmlə, həvəslə, istedadla! 

Və bu rəngarəng palitranın yaradıcısı Tərlan Seyidov idi – sənətşünaslıq doktoru, professor, Əməkdar İncəsənət xadimi.

T.Seyidov müqtədir sənətkar idi - öz şəxsində  ixtisasımızın müxtəlif şaxələrini ehtiva edirdi – ifaçılığı, alimliyi, müəllimliyi. Odur ki, nə gerçəkləşdirirdisə, əvvəlcə öz təcrübəsinə, zəngin biliklərinə və geniş dünyagörüşünə, bir musiqiçi kimi sahib olduğu dərin mədəniyyətə dayaqlanırdı. Tərlan müəllim Azərbaycanda piano ifaçılığına dair nə varsa, hər şeydən xəbərdar idi. Onu fortepiano sənətimizin bir növ salnaməçisi adlandırardım - bütün  dəyərli pianoçular (fəxri ad və vəzifəsindən asılı olmayaraq) haqqında informasiyanı toplayaraq ümumiləşdirmiş, həm də fortepiano üçün yaradılan ədəbiyyatı hərtərəfli təhlil etmişdir. Onun başlıca - fundamental tədqiqatının adı da kifayət qədər səciyyəvidir: “XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı”.  Son illər Tərlan  müəllim fəaliyyətini daim  diqqətlə izlədiyi Fərhad Bədəlbəyli haqqında ikicildlik nəşrin hazırlanması üzərində xüsusi əzmlə, həvəslə çalışırdı. “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” (Bakı: Şərq-Qərb, 2019) adlı bu nəşr, əlbəttə, öz sanbalı,  strukturunun səlisliyi, əhatə etdiyi materialların əlvanlığı ilə  valeh edir.  Tərlan müəllimin son məqalələri isə prezentasiyası elə cari ilin martında baş vermiş “Azərbaycan ifaçılıq sənəti. Tarixin səhifələri” (Bakı: 2021) üçcildliyində yer aldı. Bu məqalələr ünlü müəllimi Mayor Brennerin, həmkarları Rauf Atakişiyev, Zöhrab Adıgözəl-zadə, Fərhad Bədəlbəylinin portretlərini təqdim edir. Əlbəttə, bu kitabda T.Seyidov haqqında məqalə (müəllif Rəna Səfərəlibəyova) də var.

Fortepiano üçün musiqi bəstələyən müəlliflər T.Seyidova etibar edirdilər, onun ekspert rəyinə ehtiyac duyurdular. Yadımdadır, təxminən on il öncə -2014-cü ildə, gərək ki, isti iyul günündə biz tamamilə “sakinsiz” Musiqi Akademiyamızın bəstəkarlıq kafedrasında  böyük sənətkar Arif Məlikovun yenicə tamamladığı  Fortepiano konsertini birinci dinləyicilər qismində Ceyhun Allahverdiyevin ifasında partituraya baxa-baxa    bahəm - həyəcanla və maraqla -  dinlədik. Dinləyişdən sonra Tərlan müəllimin səsləndirdiyi fikirlər necə də sərrast və mənalı idi!  

T.Seyidova xas  bir cəhət mənim üçün xüsusən dəyərlidir: o,  ən müxtəlif  təmayüllər  məcrasında çalışan bəstəkarlardan yazırdı, yəni zövq məhdudiyyəti ona yabançı idi.  Təqiqatının qəhrəmanları arasında  klassiklər də,  cavan, yaradıcılıq axtarışında olan müəlliflər də var idi. İ.Hacıbəyovun, C.Quliyevin, R.Həsənovanın, neçə-neçə başqa müəllifin əsərləri haqqında ilk rəyi məhz o bildirmişdi. Özü də onu  fəxri ad və ya vəzifə amili maraqlandırmırdı: əsas -  əsərin bədii keyfiyyətləri, obrazın yeniliyi və  musiqi dilinin özünəməxsusluğu idi.  Bu da məni -  çağdaş musiqinin ən yeni tendensiyalarına daha çox diqqət yetirən müəllifi çox sevindirirdi.    

Tərlan müəllim olduqca  mütəhərrik bir təfəkkür sahibi idi, uzaqgörən idi və ən başlıcası - laqeyd adam deyildi. Yəqin bir çoxları kimi, konservatoriyada öz pedaqoji və elmi fəaliyyəti ilə arxayın-arxayın məşğul ola bilərdi və elə bununla da, şübhə etmirəm, musiqi təhsilimizə öz töhfəsini verərdi. Amma Tərlan müəllim yaxşı mənada sakit dayanan adam deyildi. Onu akademik musiqinin, ümumən, bizə miras qalan sənətin gələcəyi narahat edirdi. Kimlər musiqimizin ənənələrini davam etdirəcək? Ən əsası – necə?  Musiqi təhsili necə qurulmalıdır ki,  maksimum səmərəsi olsun, düşünən, peşəkar və zövqlü  gənclər yetişsin. Elə gənclər ki,  dünya musiqi mədəniyyətinin müxtəlifliyini əxz etsinlər, eyni zamanda öz köklərini də unutmasınlar, başqa sözlə müdrik Üzeyir Hacıbəylinin vəsiyyətlərinə dayaqlanaraq, yeni sahillərə istiqamət alsınlar. Bütün bu şərəfli məqsədlərin  gerçək olması naminə Tərlan müəllim çoxşaxəli fəaliyyət proqramı reallaşdırırdı.

Studiyada musiqi nəzəriyyəsi fənlərinin  mənimsənilməsi elə musiqi ifaçılığı ilə sıx təmasda  baş tutur – tədris formal xarakter daşımır, bir növ canlı nəfəs aşılanır. Burada  müntəzəm olaraq müxtəlif dərs vəsaitləri – not materialları (bir çox əsərlər ilk dəfə işıq üzü görüb), müntəxəbatlar, musiqi məktəbləri üçün  proqram-konspektlər hazırlanıb nəşr etdirilir,  yaradıcılıq prosesi innovativ metodlar hesabına  məzmunca dolğunlaşır, musiqi teatrında səhnələşdirilən çeşidli tamaşalar isə uşaqların yaradıcılıq potensialının aşkarlanması və gerçəkləşməsini təmin edir. Belə bir “polifoniya”  - məktəb-studiyanın  direktoru  üçün isə musiqinin bütün üslub təzahürləri  - caz, folklor, ənənəvi sənət - eynilə vacib idi  -  bu ocağın heç kimə bənzəməyən özünəxas simasını müəyyənləşdirir. 

Tərlan Seyidovu əsl maarifpərvər adlandırardım,  XIX əsrin sonu – XX əsrin əvvəllərində miqyaslı fəaliyyət həyata keçirən  aydınlarımızın, ilk öncə Üzeyir bəyin  yolunun davamçısı. Tərlan Seyidov öz ətrafında  gözəl mütəxəssislər, əzmkarlar, ən  başlıcası - musiqini səmimi qəlbdən sevən həmfikirlər toplayaraq,  ideyalarının həyata keçməsi  naminə günbəgün yorulmadan  çalışırdı.

Tərlan müəllim  heç zaman  əldə olunan nailiyyətlərlə  məhdudlaşmırdı. Son illər  fəaliyyət çərçivəsini dönmədən genişləndirən usanmaz pedaqoq və alim   Azərbaycanın bütün bölgələrində musiqi təhsilininin səviyyəsini yaxşılaşdırmaq məqsədilə müsabiqələr təşkil edirdi. Məsələn, “Müxtəlif xalqların musiqi ədəbiyyatını öyrənirik” müsabiqəsində məktəblilər təqdim etdikləri mövzu haqqında məlumat verir və həmən musiqi illüstrasiyalarını  - əxz etdikləri alətdə müəyyən musiqi parçalarını sərgiləyirdilər.  2022-ci ilin “Musiqiçilərin pedaqoji ustalığı” müsabiqəsində isə artıq  məktəb müəllimlərinin prezentasiyalarını mühakimə edirdik – özümün də daxil olduğu sanballı münsiflər heyəti onlarla videoçarxı seyr edib  iştirakçıları qiymətləndirir, imkan daxilində onlara  tövsiyələr verirdi. Əlbəttə, qaliblər də var idi. Amma əsas axı bu, deyil. Əsas   uşaqlarımızın musiqiyə cəlb olunması, onlarda zövqün formalaşması, müəllimlərin isə yaradıcılıq axtarışlarına sövq edilməsi  idi.  Müsabiqələr beynəlxaql formatda gerçəkləşdirilirdi – Türkiyə, Qazaxıstan. Özbəkistan, başqa ölkələrdən  də yarışa qatılanlar var idi. Amma mənim üçün ən əsası -  bizim balalarımızn çıxışları idi – Yevlax, Bərdə, Şəki, Ağdam,  neçə-neçə başqa  şəhərlərdən və hətta ən ucqar kəndlərdən məktəblilərin və onların müəllimlərinin bu müsabiqədə iştirakı şəxsən məni çox sevindirdi. Məsələn, Yevlaxın Xaldan kəndindən qızcığaz opera haqqında danışanda və sonra, kələ-kötür də olsa, çalmağa çalışsa, mən hətta kövrəldim...

Məktəb-studiya ilə “şəxsi münasibətlərimi” də açıqlamaq istərdim. Demək olar ki, biz “həmyaşıdıq”. 1980-ci ildə Konservatoriyaya daxil olmuşam və “pedaqoji təcrübə”  fənni çərçivəsində məktəbin ilk şagirdlərinə musiqinin “əlifbası”ndan dərs demişəm. Həmişə müəllim olmaq istəyirdim, odur,  bu ocağın mənə və onlarla başqa  tələbələrə  verdiyi imkanları yüksək dəyərləndirirəm. Sevinirəm ki, vaxtilə konservatoriyada “Musiqi tarixi” kursunda mənim mühazirələrimi dinləyən tələbələrim də hal-hazırda məktəb-studiyada çalışır və gözəl nailiyyətlər sərgiləyir.

2016-ci ildə Cənubi Koreyanın  paytaxtı Seul şəhərində beynəlxalq konfransda iştirak etmək üçün dəvət aldım. Həmin  konfransın önəmli - nəcib və xoşməramlı  bir mövzusu var idi: “Cəmiyyətin humanist əsaslarının bərpası  məqsədilə təhsildə ənənəvi sənətlərin  rekonstruksiyası və tətbiqi”. Mən “Muğam  müasir Azərbaycanın mədəni paradiqmasında” adlı məruzəmdə  bu sənətin təşəkkülünə, ümdə keyfiyyətlərinə dair geniş panoram sərgiləməyə çalışmışdım: tarixə də üz  tuturdum, muğamın  “həyatında” ən  önəmli hadisələr,  dövlətimizin bu sənəti yaşatmaq naminə reallaşdırdığı sıra-sıra tədbirlər, layihələr haqqında məlumat verirdim. Amma hiss edirdim ki,  mətn  natamamdır və onun bəzi mühüm əlavələrə ehtiyacı var. Xüsusən də  muğamın tədrisi, bu sənətə gənc nəslin münasibəti ilə bağlı məsələlər auditoriya üçün maraqlı ola bilər. Və konfrans ərəfəsində mənə bəlli oldu ki, məktəb-studiyada Azərbaycan musiqisinin  məqam əsaslarını şagirdlərə öyrətmək məqsədilə  diqqətəlayiq işlər görülür. Uzaq ölkəyə səfərdən öncə mən Tərlan müəllimlə onun  xudmani kabinetində görüşdüm və ətraflı söhbət etdim. İbrətamiz bir söhbət alındı.  Öyrəndim ki, burada “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc  musiqiçilərin tədris repertuarında” adlı Respublika festivalı (2015) keçirilib. Ən əsası – Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” risaləsinin adaptasiya olunmuş versiyası, məqamların musiqidə təzahürünün müxtəlifliyini əks etdirən iki cild müntəxəbat kimi qiymətli  vəsaitlər əsasında  uşaqlara elə erkən  təhsil illərindən  milli musiqinin muğam-məqam quruluşunun özəllikləri barədə qiymətli məlumat verilir: beləliklə, təhsilin elə lap başlanğıcında onlar milli  ənənəvi musiqimizin başlıca qanunauyğunluqlarını mənimsəyirlər. Deməli, musiqi zövqünün, duyumunun formalaşdığı çox həssas bir yaşda uşaqlara çox mühüm vərdişlər aşılanır. Və güman etmək olar ki, o vərdişlər sonralar səmərəsini verəcək. Vaxtilə Q. Qarayev Üzeyir Hacıbəylinin  dərslərinin əsas məqsədini belə  müəyyən etmişdir: “O (Ü.Hacıbəyli – Z.D.), mənim milli qəlbim naminə mübarizə aparırdı”. Bu fikri məktəb-studiyanın  fəaliyyətinə şamil etsək, deyə bilərik ki, burada şagirdlərin  milli ənənəvi sənətdən uzaq düşməməsi uğrunda müntəzəm bir iş həyata keçirilir.

Seul xatirələrinə dönərək qeyd etməliyəm ki, konfransda mütəxəssislərin əksəriyyəti  məhz həmin problemdən –  milli ənənələrə gənc nəslin marağının səngiməsi, əsrlərin mirası olan sənət xəzinəsinə laqeyd münasibəti barədə təşvişlə danışırdı. Odur  mənim  müzakirə zamanı səsləndirdiyim  fikirlər, Azərbaycanda musiqi təhsilində gerçəkləşdirilən konkret addımlar haqqında məlumatım hamının diqqətini cəlb etdi, hətta deyərdim ki, heyranlıqla qarşılandı. Mən bir daha Tərlan Seyidovun  uzaqgörənliyi və müdrikliyinə, gördüyü işlərin səmərəsinə əmin oldum.

Bakı Musiqi Akademiyasında bir neçə gün öncə  keçən “İthaf” adlı anım məclisinin ovqatı xüsusi idi. Rektor, xalq artisti, professor Fərhad Bədəlbəyli “dost itirmək çox çətindir” – Tərlan müəllim isə həqiqətən nadir vəfası ilə seçilən dost və həmkar, əsl arxa idi - etirafı ilə nitqini başlayıb, T.Seyidovla birgə  təhsil illərinə döndü, onun tədris naminə  inadkarlıqla reallaşdırdığı işləri, bir alim kimi ərsəyə gətirdiyi tədqiqatlarının əhəmiyyətini nəzər-diqqətə çatdırdı. Xüsusi olaraq vurğuladı ki, məktəb-studiyaya Tərlan müəllimin adının verilməsi  naminə əlindən gələni əsirgəməyəcək.  Məclisdə söz alan hər bir kəs – BMA-nın elmi və yaradıcılıq işləri  üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor  Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova,  1994-2002-ci illərdə məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini olmuş, indi ADMİU-nun  musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Kamilə Dadaşzadə, Mədəniyyət Nazirliyinin   incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun böyük məsləhətçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, bu sətirlərin müəllifi   Tərlan müəllimin  bir şəxsiyyət  kimi ümdə cəhətlərini – nadir işgüzarlığını, təhsil işinə sədaqətini, sənət eşqini,  dürüstlüyünü, ümumiyyətlə, uca amallarla yaşadığını vurğulayırdı.   Xatirə xarakterli çıxışlar arasında  səslənən musiqi - məktəb-studiyanın məzunlarının, tələbələrinin  xüsusi bir sevgi ilə ifa etdiyi əsərlər  isə sözdən daha artıq qüvvə ilə  məclisin əsas emosiyasını ifadə edirdi. Bədii rəhbəri F.Bədəlbəyli olan Bakı Kamera Orkestrinin çıxışı  işıqlı kədər  atmosferini bərqərar etdi.  Dirijor pultu arxasında studiya yetirmələri  - bu gün artıq ciddi, sanballı musiqiçilər kimi tanınan Fuad İbrahimovu,  Mustafa  Mehmandarovu görüb qürur duyurduq. İlk musiqi parçası - F.Bədəlbəylinin Adagio’sunun dramatik musiqisinin, hüzn dolu obrazlar aləminin təsir qüvvəsi çox böyük idi, Fərhad müəllimin təlatüm dolu qəlb çırpıntılarını çox dolğun ifadə edirdi.  A.Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin arzuları, B.Brittenin Sadə simfoniyasından “Sentimental sarabanda”, habelə  məktəbin məzunu, 44 günlük Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin simli kvartetindən II hissə (simli orkestr üçün versiya)  olduqca ekspressiv səslənərək, hüzn emosiyasının müxtəlif çalarlarını üzə çıxardı. Musiqi bölməsində daha bir neçə bəstəkar öz töhfələrini - Zərif Kərimova prelüdünü, Nuranə Zeynalova  violin və  piano üçün Poemasını (violin partiyası: Emil Hüseynov) Tərlan müəllimin əziz xatirəsinə ərməğan etdi. Tural Məmmədlinin kamança və piano üçün  pyesinin adı səciyyəvi idi: Sızıltı.  Mədinə Şahgəldiyevanın səsləndirdiyi kamançanın zərif , xəfif,  qəmli sədaları sarı simimizə toxundu.

İncə musiqi duyumu ilə fərqlənən pianoçular - Fəqan Həsənli, Nərgiz Kəngərlinin ifaları da  heç kimi biganə qoymadı. Coşqun Qadaşovun  interpretasiyasında  səslənən F.Əmirovun mahnısının sözləri  - Mən səni araram – ürəklərimizdən xəbər verdi: Biz Sizi hələ çox-çox aracayıq, əziz Tərlan müəllim!

M.Şuxun orqan və violonçel üçün  “Ave Maria”sı məktəbin  müəllimləri Gülnarə Mirqasım və  Tahirə Mustafayevanın ifasında konsertin səslər palitrasını öz nurlu çalarları ilə rövnəqləndirdi.

Xatirə məclisində məktəb-studiyanın bu gün dünyanın müxtəlif ölkələrində çalışan, təhsilini nüfuzlu musiqi akademiyalarında davam etdirən məzunlarının – Murad Abbasov (Almaniya), Tural Rafael ( Norveç), Jalə Rəsulova (Avstriya), Vüsalə Babayeva ( İngiltərə), Mələk Qocayeva (Türkiyə), Ruslan Biryukov (ABŞ), Tural Kazımovun (Rusiya)  videomüraciətlərinın translyasiyası proqrama xüsusi lirik notlar qatdı.  Onların bugünkü uğurlarının təməlində, şübhəsiz, məktəb-studiyada qazandıqları  biliklər və vərdişlər durur.

Anım tədbirində Samara Dövlət Mədəniyyət institutunun kafedra müdiri  Tatyana Svitovanın məktubunun oxunması da  önəmli idi:  Tərlan müəllimin vəfatından  çox  pərişan olduğunu bildirən T.Svitova azərbaycanlı sənətkarla görüşlərini səmimiyyətlə yad edir,  məktəb-studiyanın təşkil etdiyi müsabiqələrin əhəmiyyətini, musiqi təhsilində Azərbaycan təcrübəsinin bir örnək olduğunu  yazırdı.  Həqiqətən də, Tərlan müəllimin kreativ layihələri hər zaman hamıda  heyranlıq hissi doğururdu – bizim baş ucalığımız idi.

Məclisə yekun vuran  məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, vaxtilə Tərlan müəllimin tələbəsi,  illər onun ən etibarlı köməkçisi Sevda Məmmədli kollektiv adından çıxış edib həyəcanını, göz yaşlarını çətinliklə cilovlayaraq,  ustadın  ənənələrini yaşatmaq naminə  dönmədən çalışacaqlarını  vəd etdi.   Ən kiçik  məktəblilərdən ibarət xor kollektivi  (bədii rəhbər Aqil Qafulov, solist Şəfəq Hacıyeva) müəllifi  Aytən İbrahimova (elmi-metodik işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru) olan məktəb himnini yeni versiyada ifa etdi.  Məktəbin müəllimlərinin də bir-bir səhnəyə qalxıb  fidan balalardan ibarət xora qoşulması hamını duyğulandırdı. 

Bütün məclis boyunca monitorda sərgilənən  slaydlar Tərlan müəllimin zəngin və şərəfli həyat yolunu – gerçəkləşdirdiyi   layihələri,  görkəmli sənətkarlarla görüşlərini əks etdirir və söylənilənləri əyaniləşdirirdi. Aytən İbrahimovanın vida xarakterli poetik misralarında da o qədər sevgi və itkidən doğan  ürək ağrısı var idi!  

Məclisin nəcib aparıcısı, “İthaf” kompozisiyasının  ərsəyə gəlməsinə xeyli enerji sərf etmiş  tanınmış rejissor Elvin Mirzəyevin  rolunu da qeyd etməliyəm. Ustadın xatirəsinə layiq – saxtakarlıq və pafosdan uzaq -  bir proqram alınmışdı.

Tərlan müəllim əsl yaradıcı idi: o, dolğun, olduqca mənalı  və davamlı bir ömür yaşadı. Onunla günbəgün çalışmaq, əməkdaşlıq etmək heç də asan deyildi –  məsuliyyətli, bəzən ifrat dərəcədə tələbkar idi, müəyyən məqamlarda hövsələsiz və hətta sərt ola bilərdi.  Amma axı  insanları əməllərinə görə mühakimə etmək lazımdır. Tərlan müəllim isə əməl adamı idi. O,  böyük, xeyirxah, gələcəyimizə hədəflənmiş neçə-neçə əməli ilə musiqi tariximizdə silinməz iz qoydu.  Bir də: Tərlan müəllimin ümumi nəcib iş naminə xırda  ixtilaflar  fövqünə qalxmaq bacarığı ibrətamizdir.

Bir çoxlarımıza, T.Məmmədəliyevanın dediyi kimi,  T.Seyidov mənəvi ata oldu.  Onun yoxluğu sarsıdıcıdır. Bu məqamda  Qara Qarayevin aşağıdakı sözləri  necə də mənalı səslənir: “Əgər insanların ömrü onların  gördüyü işlərə uyğun uzansaydı – insanların xoşbəxtliyi naminə, yaşayışın yaxşılaşması naminə, tərəqqinin xeyrinə, yaxşılığın xeyrinə - bu, ədalətli iş olardı”.  Amma  həyatın, təəssüf, öz qaçılmaz sərt və amansız qanunları var... 

 





17.03.2023    çap et  çap et