525.Az

İqtisadi böhranın neft qiymətlərinə təsiri


 

İqtisadi böhranın neft qiymətlərinə təsiri<b style="color:red"></b>

Fərhad QURBANOV
Maliyyə eksperti

İki gündür Avropada yaşanan “Credit Suisse” volatilliyi fonunda investorlar maliyyə böhranının təsirindən narahat olduqları üçün neft qiymətləri bu gün əhəmiyyətli itkilərdən sonra sabitdir. Ancaq hələ də böhrandan kənarda deyilik və “Silver Gate” və SVB-nin dağılması ilə başlayan maliyyə böhranının sona çatdığını söyləmək düzgün olmazdı. Buna görə treyderlər neftə olan tələbi  hesablamaqda çətinlik çəkirlər. Dünyanın ən böyük iki iqtisadiyyatlarından olan ABŞ və Avropa hökumətlərinin bank sektoruna müdaxiləsi qəfil çöküş qorxusunu yatırmağa kömək etsə də, yeni problemlər yarana biləcəyi üçün bazarlar gərgindir.

Bazar ertəsindən başlayaraq neft qiymətlərində müşahidə olunan itkilərdən sonra neft nəhayət, cümə axşamı günü öz itirmə seriyasını qırdı. Çərşənbə günü ticarətin sonunda həftənin başlanğıcından etibarən təxminən Brent 10%, WTI 14%-dən bir qədər çox ucuzlaşıb. Bu isə çərşənbə günü Brent markalı neftin qiymətinin bir il içərsində ilk dəfə 73.5 dollar səviyyəsinə eniş etməsi ilə nəticələnib. Cümə axşamından etibarən investorlar neft futures qiymətlərindən istifadə etməyə başladılar.

Ancaq nəzərə almaq lazımdır ki, real bazarlardakı əməliyyatlar fonunda Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının sabit saxlanması ilə razılaşma əldə olunub. Bu ən çox neft idxal edən ölkələrə zərər verə bilər. Özəlliklə ABŞ-da seçki marafonun yaxınlaşması və Bayden administrasiyasının bu ilin əvvəlində Aralıq seçkiləri öncəsi benzin qiymətlərini aşağı salmaq cəhdi, neft qiymətlərində ciddi volatil hərəkətlər formalaşdırmaqdadır. Özəlliklə 67 dollar qiymətindən bazardan neft almaq istəyi ABŞ strateji neft ehtiyatlarının doldurulması ilə bağlıdır. Bu hərəkət öz növbəsində bazarda əlavə volatilliyin formalaşmasına gətirib çıxarmaqdadır.

Neft qiymətlərinin yüksəlməsi neft ixrac edən Azərbaycan, Səuadiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirliklləri və Qətər kimi ölkələrin iqtisadiyyatına müsbət təsir etməkdədir. Hətta qiymətlərdə İsveçrə Milli Bankının “Credit Suisse”-i dəstəkləmək üçün hərəkətə keçməsindən sonra, xam neft 16 ayın minimum səviyyəsindən zəif də olsa yüksəlib. Lakin qlobal iqtisadiyyatla bağlı narahatlıqlar ciddi canlanmaya mane olur. Son olaraq bank sistemində yaşanan məlum hadisələr neft qiymətlərində volatil hərəktləri formalaşdırmaqdadır.

 





17.03.2023    çap et  çap et