525.Az

London İqtisadiyyat Universitetində azərbaycanlıların şəbəkələşməsi üçün konfrans keçirilib


 

London İqtisadiyyat Universitetində azərbaycanlıların şəbəkələşməsi üçün konfrans keçirilib<b style="color:red"></b>

London İqtisadiyyat Universitetində (LSE) azərbaycanlı mütəxəssislər və tələbələr arasında şəbəkələşmə (networking) imkanı yaratmaq məqsədi daşıyan “Azərbaycan Konfransı 2023” adlı konfrans keçirilib.

525.az APA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Londonun aparıcı şirkətlərində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər və hazırda London universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirin məqsədi Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə Britaniyada çalışmaqda olan həmyerlilərimizə görüş imkanı yaradıb, tələbələrin akademik həyatdan iş həyatına keçidinə təkan vermək olub. Paneldə çıxış edənlər hüquq, diplomatiya, maliyyə, neft və enerji, və texnologiya kimi sahələrdə öz təcrübələrini tələbələr ilə bölüşüblər.

2021-ci ildən Azərbaycanın Böyük Britaniyadakı səfiri təyin edilən Elin Süleymanov Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə aldığı təhsil sistemi, bundan əvvəl səfir olaraq ABŞ-da fəaliyyət göstərdiyi illər, öz təcrübələri haqqında tələbələrə məlumat verib. O, Azərbaycan Xarici İşlər Nazirliyində xüsusilə son illərdə gedən inkişafdan, gənc tələbələr üçün diplomatiya sahəsindəki geniş imkanlardan danışıb . Səfir bildirib ki, uğurlu diplomat olmağın ən əsas şərtlərindən biri də öz millətinə və Vətəninə ürəkdən bağlı olmaq, və inanmaqdır. Daha sonra səfir tələbələrin suallarını cavablandırıb.

“Mott McDonald” şirkətində İnşaat Mühəndisi və Layihə İdarəetmə mütəxəssisi olan Arzu İmanlı və “PwC” şirkətində Kapital Layihələri, Kommersiya Təminatı üzrə konsultant Tural Məmmədov çıxış edib. Onlar Britaniyaya illər öncə necə gəlməkləri haqqında tələbələrə məlumat verib, Britaniyada iş tapmağın yollarından bəhs ediblər. Arzu İmanlı tələbəlik illərində müxtəlif şirkətlərdə staj etməyin önəmindən, yaxşı karyera üçün iş praktikasının karyerada irəliləməyə necə kömək etdiyindən danışıb. O bildirib ki, uğursuzluğa düçar olmağa qorxmadan tələbələr şirkətlərə müraciət etməlidir, və alınan rədd cavablarına baxmayaraq həvəsdən düşməmək lazımdır.

Konfrans çərçivəsində digər çıxışçılar isə hüquq, maliyyə, neft və enerji, texnologiya kimi sahələrdəki iş imkanlarından söz açıblar.

Qeyd edək ki, London İqtisadiyyat Universitetinin (LSE) Azərbaycan Cəmiyyətinin rəhbərləri Nərmin Tağıyeva və Diana Daşdəmirova tərəfindən təşkil olunan konfransın ərsəyə gəlməsinə “Queen Mary”, “Kings College London”, “Univeristy College London”un Azərbaycan cəmiyyətləri və Britaniyadakı Azərbaycan Tələbə Birliyi də dəstək olub.

 





19.03.2023    çap et  çap et