525.Az

İrəvanın mina müharibəsi 


 

BEYNƏLXALQ BİRLİYİN SUSQUNLUĞU DAHA ÇOX İNSAN FACİƏSİNƏ SƏBƏB OLUR

İrəvanın mina müharibəsi <b style="color:red"></b>

İkinci Qarabağ müharibəsi başa çatsa da, Ermənistanın Azərbaycana qarşı mina terroru bitmək bilmir. İllərdir Ermənistan torpağlarımızı işğalda saxlamaqla kifayətlənməyib, həm də ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndirib, urbisid, kultursid və ekosid törədib. Azərbaycan hazırda həmin əraziləri yenidən inşa etməklə, qurmaqla yanaşı, ağır problemlərdən biri olan minaların zərərsizləşdirilməsi ilə də mübarizə aparır. Təəssüf ki, bu, həddindən artıq ağır bir problemə çevrilib. Ermənilərin mina terroru insanlarımızın həyatını itirmələri, bədən xəsarətləri almaları ilə nəticələnir.

Martın 16-da daha iki vətəndaşımız bu terrorun qurbanı oldu. Ağdamda mina partlayışı nəticəsində rayonun Səfərli qəsəbə sakinləri - 1999-cu il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənov işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində həlak olublar. Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanı olub, onlardan 48 nəfəri həyatını itirib.

Ağdamda baş verən mina partlayışı növbəti dəfə onu göstərdi ki, Azərbaycanın dəfələrlə məsələ qaldırmasına baxmayaraq, Ermənistan düzgün mina xəritələrini verməkdən imtina edir. İrəvan Azərbaycana bir neçə minalanmış ərazilərin xəritəsini təqdim etsə də, onlar yararlı deyil.

Azərbaycan XİN-in baş vermiş faciəli hadisə ilə bağlı bəyanatında da bu məqama diqqət çəkilib. Qeyd olunub ki, yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır. Həmçinin, beynəlxalq ictimaiyyətə Ermənistanın öhdəliklərini kobud şəkildə pozmasına, məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırış edilib.

Azərbaycan mina məsələsini mütamadi olaraq gündəmə gətirir, amma söhbətin dinc insanların həyatını itirməsindən, onların ağır xəsarət almalarından getməsinə baxmayaraq, yenə də müvafiq beynəlxalq reaksiyaları görmürük. Ermənistana bu məsələdə təzyiq edilmir.

Azərbaycan Prezidenti problemi dəfələrlə beynəxalq müstəvilərdə səsləndirib. Dövlət başçısı bəyan edib ki, ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb, Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir.

Beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.

Amma əvəzində onu görürük ki, ermənilər mina terrorunu genişləndirməkdədir. Təkcə işğal dövründə deyil, ondan sonra da eyni çirkin əməli törədərək, Azərbaycan torpaqlarını minalayıblar. Belə ki, onlar müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşəyib. Bu, dediyimiz kimi,  Azərbaycana qarşı açıq terror hərəkəti, cinayətdir.

Bu gün də eyni əməlləri törətməyə çalışan Ermənistanın Laçın yolundan Rusiya kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə silah-sursat, minalar daşıması faktları heç kimə sirr deyil. Həmin yolda ekofəallarımızın aksiyasından sonra isə məlum oldu ki, onlar digər alternativ yollarla bunu edirlər. Azərbaycan tərəfi bu qanunsuz addımların qarşısını almaq üçün bütün gərəkən addımları atır. Amma görünən odur ki, beynəlxalq birlik göz önündə baş verən bütün bu qanunsuz hərəkətlərə, cinayətlərə göz yumur ki, bu da regionda gərginliyi artırır, sülh, sabitlik üçün imkanları daraldır. Əgər beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq edilsəydi, bu gün dinc insanlarımız mina qurbanına çevrilməzdi. Azərbaycan bu terrorla üz-üzə qalmazdı. Ona görə də baş verən faciəli hadisələrin məsuliyyəti tək Ermənistanın deyil, susqunluq göstərib, ikili standartlardan əl çəkə bilməyən, bu cinayətkar ölkəyə münasibətdə adekvat yanaşma sərgiləməyn beynəlxalq təşkilatların, o cümlədən, dünyanın aparıcı ölkələrinin də üzərinə düşür. Məlumdur ki, Ermənistanda hələ sovet dövründən iki mina zavodu fəaliyyət göstərir, müharibədən sonra hər iki zavodun istehsal gücü artırılıb. Həmin zavodlarda istehsal olunan minalar isə Azərbaycan ərazilərinə daşınıb.

 

 





19.03.2023    çap et  çap et