525.Az

Almaniya Qafqazda Fransanın yerini doldura biləcəkmi?


 

Almaniya Qafqazda Fransanın yerini doldura biləcəkmi?<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri həm Azərbaycanın Avropa ilə əlaqələrinə, həm də ölkə iqtisadiyyatına müsbət təsirlər göstərə bilər. Prezidentin alman iş adamları ilə görüşü Azərbaycana yeni investisiyalar edilməsi baxımından çox önəmlidir.Ancaq Almaniyanın bu münasibətlərin inkişafında tək marağı iqtisadi səbəblərlə bağlı deyil. Almaniya həm də bu yolla Cənubi Qafqaz üzərində yeni təsir imkanları qurmağa çalışır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentindən öncə Ermənistan Baş naziri Nikol Paşinyan da Almaniyaya səfər etmişdi. Bu baxımdan iki bir-biri ilə münaqişəli olan Cənubi Qafqaz ölkəsinin liderlərinin Almaniya səfəri təsadüfi sayıla bilməz. Bu amil Ermənistanın Avropadakı "müttəfiqi" Fransanın maraqlarına zidd olsa belə, Azərbaycan üçün vəziyyəti müsbətə doğru dəyişə bilər.

Politoloq İlyas Hüseynov da "525"ə açıqlamasında bir müddət öncə Ermənistanın Baş nazirinin Almaniyaya səfərini qabardıb: "Bu səfərdə elə məqamlar olub ki, daha sonra bizi qane etməyən o məqamalar düzəlişlər edilib. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri həm də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu səfər Azərbaycanla Almaniya arasında siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat, enerji sahələrində münasibətləri inkişaf etdirmək baxımından da önəmli idi. Cənab Prezident İlham Əliyev bu səfər zamanı Laçın yolu üzərində nəzarət-buraxılış məntəqələrinin qurulmasının önəmini bir daha diqqətə çatdırdı. Bu, həm də Ermənistana bir mesaj idi ki, Azərbaycan regionda təhlükəsizliyin gücləndirilməsi, terrorun qarşısının alınması baxımından bu məsələni önəmli hesab edir. Onu da qeyd etmək lazımdır ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə fəallıq bir qədər də artıb, bu, ticarət dövriyyəsi ilə bağlı rəqəmlərdə də özünü göstərir. Cənab Prezidentin Almaniyanın biznes dairələri ilə keçirdiyi görüşdə regiondakı iqtisadi reallıqlar və əməkdaşlıq imkanları da müzakirə edilib. Almaniyanın iş adamları Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında da yaxından iştirak edə bilərlər".

Bəs Almaniya Fransa kimi təktərəfli davranmadan Brüssel platformasına qoşula və hər hansı bir töhfə verə bilərmi?

Politoloq Almaniyanın Brüssel platformasına hansısa töhfə verməsini müsbət addım kimi qiymətləndirib və Almaniya ilə Fransa arasında müəyyən fikir ayrılıqlarının mövcudluğuna  diqqət çəkib: "Brüssel formatını dağıtmaq üçün Fransanın dayanmadan atdığı addımlar, niyyətlər özünü büruzə verir. Azərbaycan isə Brüssel formatında danışıqların regionun təhlükəsizliyi üçün mühüm amil olduğunu dəfələrlə diqqətə çatdırıb. Ancaq Fransa burada öz pozucu və destruktiv niyyətini geniş şəkildə ifadə edir. Almaniyanın Brüssel platformasına hansısa töhfə verməsi və Fransanı bu pozuculuq niyyətindən daşındırması çox gözəl olardı. Çünki biz bilirik ki, Almaniya ilə Fransa arasında müəyyən fikir ayrılıqları var. Makronla Merkel bir dönəm vahid mövqedən çıxış edirdi, bu gün isə Merkel sonrası Almaniya ilə Fransa arasında müəyyən fikir ayrılıqları nəzərə çarpır. Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malik olan yaşıl enerji dəhlizinin təşəbbüskarı Azərbaycanla Almaniya arasında məhz təhlükəsizlik spektrının gücləndirilməsi beynəlxalq antiterror koalisiyası çərçivəsində regionda təhlükəsizliyə töhfə vermək nöqteyi-nəzərdən çox önəmlidir və düşünürəm ki, Almaniya-Azərbaycan əməkdaşlığı çox faydalı nəticələr verə bilər".

Fərid SANÇAR

 





19.03.2023    çap et  çap et