525.Az

Xalq yazıçısı - Anarın 85 yaşına


 

Xalq yazıçısı - <b style="color:red"> Anarın 85 yaşına</b>

Bəşəriyyət əsrlərdir ki, perpetuum-mobile, yəni fasiləsiz, dayanmadan işləyən əbədi mühərrik  arzusundadır. Hətta Leonardo da Vinçi kimi universal zəka sahibi də müəyyən şübhələrinə baxmayaraq, ilk baxışdan inanılmaz görünən bu fantastik ideyaya ömrünün illərini vermişdi.

Və yəqin ki, heç fərqinə də varmamışdı ki, yeganə əbədi mühərrik insanın yaradıcı zəkası, düşünən beyni, döyünən ürəyi ola bilər. Yalnız insan övladının yaratdıqları özündən sonra da bəşər nəslinə ən müxtəlif hisslər aşılayan, onu yaşamağa və sevməyə, gözəl və böyük  işlər görməyə, dosta məhəbbət, düşmənə nifrət bəsləməyə, dünyanı dəyişdirməyə təlqin edən perpetuum-mobileye - əbədi mühərrikə çevrilə bilər.

Çünki əvvəldən söz olub və sona da söz qalacaq. Bir də həyatını bütünü ilə sözə, sənətə, yaradıcılıq adlı  bitib-tükənməyən sevdaya verənlər...

Xalq yazıçısı, hörmətli Anarın  85 yaşı tamam olur. Bu uzun və hadisələrlə zəngin ömrün zənnimcə, 70 ili ədəbiyyata, sözə verilib. Ən azı, son 55 ilə şəxsən şahidlik edə bilərəm. İnanıram ki, yazıb-yaratdıqlarının mühüm bir hissəsi bundan sonra onilliklər, yüzilliklər boyu yaşayacaq. Dünyaya Azərbaycanı və Azərbaycan xalqını tanıdacaq. Həm də yalnız milli hüdudlarla məhdudlaşmayacaq. İnsanlara ən müxtəlif hisslər aşılayacaq.  İntəhasız söz və fikir fəzasında öz müstəqil ömrünü sürüb hesablandığı hədəflərə doğru gedəcək.Niyə də perpetuum-mobilə hesab olunmasın?

Anar ömrünün bu yetkin çağında da az qala hər gün sözə və ədəbiyyata sadiqlik nümunəsi göstərir. Başqaları üçün ikinci dərəcəli, əhəmiyyətsiz görünən məsələlər də əgər ədəbiyyatın taleyi və sabahı ilə bağlıdırsa, Anar müəllim üçün son dərəcə prinsipial xarakter daşıyır. Yorulmadan, usanmadan digər canlı "klassiklərin" əl yelləyib keçəcəkləri epizodlara da vaxt, enerji sərf etməyi özünə borc bilir.

Bu vacib ədəbi missiyanın davamlı olmasını arzulayıram.

Dəbdə olan bir ifadə var - "son ensikolpedist". Nədənsə ensiklopedist təfəkkürlü, hərtərəfli insanları çox vaxt keçmişdə axtarırırıq. Göz önündə olanları görməyə isə sanki çətinlik çəkirik. Anar - yazıçı, dramaturq, ssenarist, şair, tərcüməçi, kinoşünas, ədəbiyyatşünas, tənqidçisi, rejissor, memuarist, sənətşünas, ictimai xadim, natiq və s. keyfiyyətləri ilə tam bir ensiklopedist deyilmi?

Çağdaş mədəniyyətimizin perpetuum-mobilesinə və ensiklopedist zəhmətkeşinə doqquzuncu onilliyə doğru yolda möhkəm cansağlığı və yorulmazlıq arzuları ilə...

15 mart 2023-cü il

 

 





20.03.2023    çap et  çap et