525.Az
Oğlu: “Cavad Heyət reanimasiyadadır"
“Professor Cavad Heyət hazırda Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir”.
Bunu Lent.az-a açıqlamasında C. Heyətin oğlu Baxşəli Zülfü bildirib. O qeyd edib ki, professorun komaya düşməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: “Həkimlər hazırda çalışırlar ki, Cavad müəllimin vəziyyəti normallaşsın”.
Qeyd edək ki, 1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.
Xatırladaq ki, C. Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burda səhhəti pisləşib. Məşhur azərbaycanlı cərrahın ötən gün ölüm xəbəri də yayılıb. Ötən həftə Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən C. Heyətin vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına köçürülüb.
14.07.2014
çap et