525.Az

Aqil ABBAS: "Qazandıqlarım itirdiklərimi heç vaxt əvəz edə bilməz"


 

Aqil ABBAS: "Qazandıqlarım itirdiklərimi heç vaxt əvəz edə bilməz"<b style="color:red"></b>

Dəfələrlə ondan müsahibə almaq fikrinə düşsəm də, bəzən səbəbli, bəzən də səbəbsiz olaraq alınmayıb. Mən də gözləmişəm, bilmişəm ki, nə vaxtsa bu müsahibə baş tutacaq. Amma sosial şəbəkə üzərindən bütün mətbu yazılarının oxucusuyam. Xeyli vaxt dövlət televiziyasında  qonşu redaksiyalarda çalışdığımız  xanımı İradə Tuncay onun yazılarını elə təqdim edir ki, oxumadan keçmək olmur. Özü ilə isə  keçən ilin sentyabr ayında ilk dəfə olaraq üz-üzə gəldim. Həmkarım İradə xanımı kitabımın təqdimatına dəvət etmişdim. O da tək gəlməmişdi. Və həmişə çılğın çıxışlarını izlədiyim millət vəkilinin o təqdimatda iştirakı mənim üçün gözlənilməz olsa da, təəccüb doğurmadı, çünki bu gəliş şəhid adına olan bir ehtiram idi.

Yaxın günlərdə ömrünün 70 yaşına çatan bu insandan müsahibə hazırlamağı redaksiyadan bir tapşırıq olaraq alsam da, düşündüm ki, deməli, gözlədiyim vaxt çatıb. Əlaqə saxladım və ertəsi günə vaxt təyin elədi. Mən də sual yükümü tutub deyilən vaxtda ünvana gəldim. "525-ci qəzet"dənəm" deyəndən sonra azca gözləməyimi söylədi. Gözlədim və çox keçməmiş dedi ki, buyurun, başlayaq. Elə ilk sualı verməyə hazırlaşırdım ki, arada belə bir dialoq oldu:

- Məni tanıyırsan?

- Tanıyıram.

- Hansısa bir  əsərimi oxumusan?

- Oxumasam da, sosial şəbəkələrdə bütün yazılarınızı izləyirəm.

- Oxumamısansa, məndən necə müsahibə alacaqsan?

- Tərtib etdiyim suallarla.

Düzü, içimdə iradla razılaşmasam da, bunu büruzə vermədim. Və bundan sonra keçdik müsahibəyə. Artıq oxucu bu gün kiminlə görüşəcəyini  anlasa da, mən öz növbəmdə müsahibimizi təqdim etməyə borcluyam. Beləliklə, müsahibimiz yazıçı-publisist, Əməkdar jurnalist, millət vəkili Aqil Abbasdır.

 

- Yaman narahat dünyamız var...

- Demək ki, biz də narahatıq. Məmləkətimin halı necədisə, mən də eləyəm. Aqil Abbas başqa cürə ola bilməz.

- Elə əvvəldən başlayaq...

- Ağcabədinin Bayat kəndində doğulmuşam. 10 yaşım olanda ailəmiz Ağdama köçüb. Məktəbi əla qiymətlərlə bitirb Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşam. Fəaliyyətə müəllimliklə başlasam da, tez zamanda yolum dəyişdi və ədəbi mühitə gəldim. 1977-ci ildən başlayan yol hələ də öz axarındadır.

- Dediniz ki, Ağcabədidən Ağdama köçdünüz...

- Ailə böyük, kənd yerində də şərait yox. Və atam bizi bu şəraitsizlikdən qurtarmaq istəyirdi. İki yol vardı - ya Ağcabədiyə, ya da Ağdama köçmək. Ağcabədinin Hindarxdan aşağı bütün kəndləri Ağdamla bağlıydı, çünki çox yaxın idi. Həm də Ağdam şəhər idi. On orta məktəb, dörd texnikum, üç kinoteatr, iki musiqi məktəbi vardı orada. Bu inkişafa görə də atam Ağdama köçməyə qərar verdi.

- Səkkiz bacı-qardaşı boya-başa çatdıran Məhəmməd kişi və Solmaz anadan danışaq...

- Atam ziyalı insan idi. İxtisasca iqtisadçı olsa da, ədəbiyyatı, tarixi gözəl bilirdi. Fars, kürd, erməni dillərində səlis danışıb, hətta almanca da azdan-çoxdan yeri düşəndə fikrini izah edərdi. Gözümü açandan evimizdə kitab görmüşəm, zəngin kitabxanası vardı Məhəmməd kişinin. Evin ilk övladı olduğumdan atam bütün gücünü mənim üzərimdə sınayıb. Adımı da Aqil qoyub ki, ağıllı-kamallı olum. Səkkiz övladın içində ən yaxşı oxuyan mən olmuşam. Ata nənəm vardı, ona bibi deyirdik. İslama bağlı, oruc-namazlı olan nənəm çoxlu hədislər bilirdi. Həmin hədislərdən, Peyğəmbərdən, imamlardan çox danışardı mənə. Bir də gözəl bayatılar bilirdi nənəm. Bunları eşidə-eşidə böyümüşəm. Anam Solmaz xanım üç sinif oxumuşdu. Hecalaya-hecalaya nəsə oxuyub başa vura bilirdi. Amma mənim dərc olunan bütün yazılarımı uşaqlara oxutdurub qulaq asardı. Birinci sinifdən onuncuya qədər bütün dəftərlərimi anam saxlamışdı. Sonralar onları mənə verdi, amma sonda hər şey kimi, o dəftərlər də erməninin vurduğu odların içində yandı. Atam bütün övladlarına ali təhsil verdib. Adı-sanı, imkanı olan bu insan hamımızı oxutdurmağı vacib bilib.

- Və siz də yaxşı oxumusuz...             

- Yaxşı oxuyan mən olmuşam, bir bacım da ortabab. Məktəbdə qiymətlərimin hamısı "5" olub. Futbol oynaya bilməmişəm, həmişə "zamen"də oturmuşam. Uşaqlar məni çox sevirdi, çünki hamısının məsələ-misalını həll edirdim. Amma tələbəlikdə tam əksi oldu, qiymətlərim "2" və "3" olub, yəni yaxşı oxumamışam. Özümün sevdiyim fənlər vardı - fəlsəfə, etika, estetika. Bu dərsləri yaxşı oxuyardım, xüsusən də fəlsəfəni. Hətta Elmi kommunizmi də oxuyurdum. Amma ixtisas fənlərini sevməmişəm. Universiteti bitirəndən sonra "Elm və həyat" jurnalında işləməyə başladım və o zaman anladım ki, oxumamaqda çox səhv etmişəm. Beş il ərzində dilçiliyə, ədəbiyyatşünaslığa aid keçdiyimiz bütün universitet dərsliklərinin hamısını aldım, onları iki ilə oxudum və imtahanı da "Elm və həyat" jurnalında işləyən çox savadlı ziyalı Əlisa Nicata verdim.

- Yazıçı Aqil Abbas jurnalistikadan da yan keçməyib...

- Mən yazıçıyam, amma jurnalist kimi də fəaliyyətim var. Xalq yazıçısı Anarın bir yaxşı sözü var, biz universitetdə oxuyanda demişdi bunu: "Jurnalistika təcili yardımdır, yazıçılıq stasionar xəstəxana". Jurnalist nöqsanları daha tez tapır, redaktə ilə yazını səliqə-səhmana salır. Yazıçılıq böyük zəhmət tələb edir. Burda ruh, təxəyyül öz işini görür. Mən ədəbiyyata yazıçılıqla 70-ci illərdə gəlmişəm, jurnalistikaya isə çox sonralar.               

- Bugünkü medianın vəziyyəti...

- Azərbaycanda bu gün mətbuat var ki? Üç-dörd qəzetlə media olur? Medianın vəziyyəti çox acınacaqlıdır və təbii ki, onun bu durumu məni qətiyyən qane etmir. İndi xəbərçiliklə məşğul olan saytların və sosial şəbəkələrin dövranıdır. Mənim üçün jurnalistika Rusiya jurnalistikasıdır - maarifçi və araşdırıcı. Zamanında bizim "Ədəbiyyat və incənət" qəzeti əldən-ələ gəzərdi. "Qobustan" jurnalı mətbuatda bir inqilab etmişdi. Bu gün gördüyümüz mənzərə cılız xəbərçiliyin sensasiyaya çevrilməsidir - birini oğurladılar, biri qoşulub qaçdı, at gəlib örkəni apardı. Bu gün bütün kütləvi informasiya vasitələrinin öhdəçiliyi budur. Sanki söz veriblər ki, bu millətə maariflənmək lazım deyil.  Müəyyən mətbu orqanları bununla mübarizə aparır, amma bu da çox zəifdir. Çünki gücləri sosial şəbəklərə yetmir. Sosial şəbəkə də nə istəyir, onu da edir. Türklərin bir məsəli var: "At izi it izinə qarışıb".  İstəyən tənqid edir, biri təhqir edir, üçüncüsü böhtan atır. Bu gün Jurnalistika fakültəsində savadlı müəllmlər savadlı kadrlar yetişdirir. O savadlı kadr gəlir mətbuata, Aqil və ona bənzərlər deyir ki, gör kim kimi şərlədi, kim kimi oğurladı, kim kimə sataşdı, get, axtar tap və onlardan yaz.

- Yəni...

- Yəni redaktorlar, mətbuatı idarə edənlər oxucunu bu günə saldığı üçün artıq o, bunları oxumaq istəyir. Fəlakətin həqiqi üzü budur.

- Ağdama çox bağlısınız...

- Mən bütün Vətənimə bağlıyam. Onun daşına, kəsəyinə, koluna, meşəsinə, suyuna, çiçəyinə, ağaclarındakı yarpaqlara, ən dar çığırına - hər yerinin vurğunuyam. Əsərlərimdə də oxucuya həmişə bu sevgini, insan olmağı, ədaləti hər şeydən üstün tutmağı aşılamağa çalışmışam. Mənim üçün Kürdəmirlə Şuşanın fərqi yoxdur. Yəqin ki, oxucu bu müqayisəni niyə etdiyimi anlayacaq. Yəni Azərbaycanın hər nöqtəsi məmləkətimdir.

- 23 iyul 1993-cü il...

- Ayın 24-də mən artıq Ağdamda idim. İşğal xəbərini, camaatın yollarda ac-susuz qaldığını eşidən kimi 4-5 nəfər dost yığışıb imkanımız yetən yardımla köməyə getdik. Həmin günü xatırlayanda göz yaşları məni boğur. Aramızda bölgü apardıq və mənim payıma çörək düşdü. Təxminən üç ton çörək apardım. Əsgərlər götürməyib dedi ki, camaat yollarda neçə gündür çörəksizdir, onlara aparın. O mənzərəni ömrümün sonuna qədər unuda bilmərəm. Maşını saxlamağa imkan yox idi. Yük maşının qapısını açıb əsgərlərlə birlikdə sağa-sola çörək atırdıq, insanlar da havada onu tuturdu. Çörəkli şəhər olan Ağdamın əhalisini bu vəziyyətdə görmək hələ dərdin başlanğıcı idi. Atam işğal gününə qədər Ağdamı tərk etmədi.

- Və 27 ildən sonra...

- Bunu dəfələrlə demişəm, indi də deyim. İt qoxu ilə yiyəsini tapan kimi, mən də iyləyə-iyləyə evimizi dərhal tapdım. Hamı çaş olub qalmışdı, çünki bir istinad nöqtəsi belə, yox idi. Mən isə birbaşa həyətimizə girdim.

- Siyasətə gələn yol...

- Bu, yəqin ki, millət vəkilliyinə işarədir. Yazıçı da, jurnalist də siyasətin bir üzvüdür. Sən siyasətə gəlmək istəməsən də, özü səni çəkir. Mən də bunu görüb deputatlığa namizədliyimi verdim və ardıcıl dörd çağırışdır ki, seçilirəm.

- Amma seçicilər çox vaxt səs verdikləri millət vəkilindən razı qalmır...

- Millət vəkili dövlətlə xalq arasında vasitəçi olan rəsmi bir təmsilçidir. Seçicilər millət vəkilinin səlahiyyət və vəzifəsini çox vaxt unudur. Seçici millət vəkilindən iş istəyir və düşünmək belə istəmir ki, mən icraçı deyiləm. Millət vəkili onun istəyini müəyyən dairələrə çatdıraraq, yardımçı ola bilər, lakin icra edə bilməz. Mənə zəng vurublar ki, Ağcabədidə yüz artezian quyusu yanıb. Dövlətin bunu təmir etməyə gücü çatmırsa, millət vəkili nə edə bilər? Birini Aqil Abbas öz gücünə, ikincisini bir dostdan xahiş etməklə düzəltdirə bilər, bəs sonra? Bax, belə olan halda seçici narazılığı yaranır. İş axtaranlara bir dəfə dedim ki, kəndlinin torpağı var, onu əkib-becərib ailəsini dolandırmalıdır. Bu sözümə görə məni topa tutdular. Bu gün əgər məmurlar yerlərində olsalar, Azərbaycan cənnətə dönər. Seçici millət vəkilindən aşırı istəyinə diqqət etməlidir.

- Yaman çılğınsınız...

- Uşaq vaxtından gələn xarakterdir. Məktəbdə də belə olmuşam, universitetdə də. Tələbə vaxtı bir müəllimin sözü xoşuma gəlmədiyi üçün mübahisə edib onu vurmuşdum. Cəzam da universitetdən qovulmaq oldu, lakin sonra bərpa olundum. Vilayət Quliyevlə birlikdə oxumuşduq, o, bu haqda məqaləsində də yazmışdı.

- Aqil Abbas və ilham pərisi...

- Vallah, bu, şairlərin uydurmasıdır. İndiyə qədər nə ilham pərim olub, nə də özü gəlib məni tapıb.

- Təsəvvür edək ki, bir göz qırpımı deyilən vaxtınız var...

- Ağdamlı çağlarımda, bir də babalarımın yurdu Kəlbəcərdə olmaq istərdim. Vəssalam.

- Qazandıqlarınız və itirdikləriniz...

- Ad-san qazandım, yazıb-yaratdım, uğurlar əldə etdim. Lakin qazandıqlarım itirdiklərimi heç vaxt əvəz edə bilməz. Mən mənim olan Ağdamı itirmişəm, mən anamın, qardaşımın məzarını itirmişəm. Və bunları mənə qaytara biləcək qazandığım ola da bilməz. Düzdür, bərpa işləri gedir, amma onu görməyə ömrüm çatmaz...

- 44 günü çox gözlədik...

- Çünki belə lazım idi. O yola çatmaq asan deyildi. Bunun diplomatiyası, hərbi sənayenin güclənməsi, xalqın mütəşəkkilliyi və daha nə qədər problemlər vardı. Və bunlar bir-iki günə həll oluna biləcək məsələlər deyildi, ona görə də uzun yol gəldi. Mən bu qələbəyə həmişə inanmışam. 25 il ərzində bütün çıxışlarımda, yazılarımda  demişəm ki, kim bayrağımızın Şuşada dalğalanacağına inanmırsa, kəndir alıb özünü assın. İnsanın inamı həmişə olmalıdır. Onu da demişdim ki, Şuşada bayrağımızı görüb, himnimizi eşidərəmsə, ürəyim partlayacaq. Amma belə olmadı, Allah buyurdu ki, hələ yaşa.

- Mətbuat əhlinə sözünüz... 

- Qələm dostlarımdan xahiş edirəm ki, düzü düz, əyrini əyri yazsınlar. Qərəzli olub heç kəsin hüququnu pozmasınlar. Tənqidi belə, sevgi ilə yazsınlar. Guya dediklərimi eşidəcəklər ki???

SÖZARDI: Aqil Abbasla müsahibə vur-tut 50 dəqiqə çəkdi. Bu vaxt ərzində o, suallara da cavab verə bildi, telefon zənglərini də qəbul etdi, hətta çəkilişə gələnlərə belə, masahibə verib yola saldı. Qalan üç-dörd sualımı isə yolda cavablandırdı. Sonuncu suala çataçatda yenə də onun əsərlərini oxumadan müsahibəyə gəldiyimi bir daha vurğuladı və bunu yazıda qeyd etməyi də tapşırdı.

Aqil müəllim, dedikləriniz hamısını nəzərə aldım. Sağlıq olsun, sizdən daha bir müsahibəni Ağdamda götürəcəyimə ümid edirəm. O Ağdamda ki, işğalından cəmi 20 gün əvvəl orada ezamiyyətdə olmuşdum. Məndən bu qədər...

Tamilla M-zadə

 





22.03.2023    çap et  çap et