525.Az

Tanınmayan diplomlar


 

Tanınmayan diplomlar<b style="color:red"></b>

Hər il yüzlərlə azərbaycanlı gənc təhsil almaq üçün xaricə üz tutur: universitetə daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda iştirak edib diplom alır. Ölkəyə qayıdandan sonra onlar diplomların tanınmaması problemi ilə üzləşirlər. Demək olar, hər il xaricdə təhsil alan yüzlərlə məzunun diplomu ölkədə tanınmır. Ali təhsil haqqında sənədi tanınmayanlar arasında Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində təhsil alanlar üstünlük təşkil edir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanlarının verdiyi, ali təhsil proqramının uğurla bitirilməsini təsdiqləyən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir. Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarovanın sözlərinə görə, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərində təhsil alan məzunlardır: "Tanınmada üç əsas məsələ nəzərə alınır. Birincisi, namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var. Mütləq şəkildə xaricdə təhsil almış hər bir tələbə ölkə ərazisinə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Yəni bu, Azərbaycanda tədris olunan ixtisaslarla bərabər, oxşar olması kimi başa düşülür. Əgər Azərbaycan ərazisində qanunla tanınmayıbsa, onda tələbənin əldə etdiyi diplom keçərsiz sayılır və əmək fəaliyyətini icra etməkdə bir çox problemlərlə qarşılaşa bilir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir. Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur".

Nostrifikasiya prosesindəki standartlardan söz açan İdarə Heyətinin sədri vurğulayıb ki, Agentliyin hansısa "qara siyahı"sı yoxdur: "Biz tələbənin təhsil aldığı universitetin həmin ölkədə akkreditasiyasının olub-olmamasına baxırıq. Təbii ki, başqa problemlərlə də rastlaşırıq. Misal olaraq, Ukrayna universitetləri ilə bağlı bir çox problemlər olur. Vətəndaşın sənədlərinə baxdığımız zaman məlum olur ki, tələbə dörd il ərzində cəmi 20 gün həmin ölkədədirsə, hüquqşünaslıq diplomu alıb. Təbii ki, bu, heç bir məntiqə sığmır". O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən, orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab edilir.

Ülkər Səttarova deyir ki, bakalavriat və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunur. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. Həmçinin, müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və dissertasiya işi yazmayan şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçirilir. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsilə üstünlük verirlər. Xaricdə təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları təhsilin bu formasına yönəldirlər: "Həmin universitetlər, ixtisaslar ölkəmizdə tanınsa da, təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığından diplomları tanınmır. Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsil üçün müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom əldə edirlər. Nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər".

Ekspert deyir ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır: "Amma bu formada təhsilalmanın özü də diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə semestr müddətində 90 gün olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, diplomların tanınması ilə bağlı ünvanlanan müraciətə imtina cavabı verilir. "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər. Tələbə ali təhsil müəssisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Elm və Təhsil Nazirliyi tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib, yoxsa keçirməyibi?! Buna görə də tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar. Təhsilin məzmunu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcək".

Təhsil eksperti Elçin Süleymanov hesab edir ki, tələbənin həqiqətən xaricdə oxuması, təhsil aldığı universitetin leqal və ya qeyri-leqal olmasının araşdırılması, tələbənin təhsil aldığı dili bilib-bilməməsi kimi hallar yoxlanılmalıdır. Ümumi olaraq tələbə əgər leqal universitetdə qanuni şərtlər ilə təhsil alırsa, onun diplomu ölkədə tanınır. Xarici diplomun ölkəmizdə tanınmama səbəblərindən biri distant təhsil forması ilə bağlıdır. Ölkədə distant təhsil etibarlı sayılmadığı üçün mənfi cavabların sayı da çox olur. Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edir, Azərbaycanda tanınmayan diplom alırlar. Xüsusilə bəzi ölkələr var ki, onların özü belə o diplomu tanımır. Sorğu göndərilən zaman bu kimi problemlər gün üzünə çıxır.Amma bununla belə,  nə bizim diplomların bəzi xarici ölkələrdə, nə də tam əksinə - bizdə tanınması məsələsi həll olunub. Ona görə də diplomların tanınmasında problemlər yaşanır. Diplomların tanınmaması ilə bağlı isə müraciət edən şəxslərə geniş açıqlamalar göndərilir. Diplomu tanınmayan şəxslər məhkəməyə müraciət edə bilərlər. Bu zaman geniş araşdırmalar aparılır. Ekspertiziya nəticələrinə əsasən öz ixtisası üzrə müəyyən biliyin yoxlanılması prosesi gedir. Şəxs öz sahəsi üzrə imtahan verir onun biliyi yoxlanılır. Minimum bal topladıqdan sonra tələbənin diplomunun ölkədə tanınması prosesi sürətlənir".

Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?" sualına cavab tapmalıdır. Amma nüfuz xətrinə, "təki xaricdə oxuyum" deyənlər çox vaxt bunun sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmasınlar: "Problemin əsas səbəblərindən biri   xaricdə təhsil şirkətlərinin tələbə və valideynlərin  məlumatsızlığından istifadə etməsidir. Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom alırlar.

Təhsil eksperti Qoşqar Məhərrəmov diplomların tanınması ilə bağlı təkcə bizim ölkədə deyil, dünyada problemlə qarşılaşanların çox olduğunu bildirib. Bunun səbəbi abituriyentlərin xaricdə təhsil məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər.

Ekspertin sözlərinə görə, diplomları tanınmayan  bir qisim abituriyentlər də var ki, ali məktəbdən qəbul alsalar da, universitetdə normal təhsil almayıblar: "Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən çıxış-girişlə bağlı qeydlər  olsa da, müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada, Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə, prosedurdan keçə bilməyəcək. Ona görə də, tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar".

Sevinc QARAYEVA

 





23.03.2023    çap et  çap et