525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

Tolstoyun Şekspirə belə münasibət bəsləməsinə təəccüblənmək lazım deyildir, dahilərin bir-birin bəyənməməsi faktları olduqca çoxdur. Məgər, Şekspir özünün belə qiymətləndirilməsindən uduzmuşdurmu? Əsla yox. Həyatın bütün sahələrində olduğu kimi, yaradıcılığa münasibətdə də ədalətsizlik halları az deyildir, lakin bunlar ümumi rəydə mövcud olan qiymətə xələl gətirə bilmir, ona təsir göstərməkdə gücsüzlüyünü göstərir. Tolstoyun Çexovun pyesləri barədəki tənqidi rəyi də özünü doğrulda bilməmişdi. Zaman keçsə də, həmin pyeslər yenə də tamaşaya qoyulmaqla, ilkin qazandığı böyük cazibə qüvvəsini itirmir. Rusiyanın baş dram teatrı - Moskva Akademik Bədae Teatrı A.P.Çexovun adını daşıyır. Orijinalda MXAT adlanan bu incəsənət məbədinin daimi pərdəsində dahi dramaturqun ən məşhur pyesi olan "Qağayı"nın simvolu kimi, qanadlarını gərmiş həmin quşun şəkli əks olunmuşdur. Daha çox "Albalı bağı" pyesi, həmçinin digər iki pyesi dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur.

Şekspiri bəyənməyənlərlə yanaşı, onun yaradıcılığını bütünlüklə inkar edənlər, guya başqa müəlliflərin əsərlərinin onun adına çıxılmasını iddia edənlər də vardır. Əlbəttə, böyük düha sahiblərinə paxıllıq edənlər az deyildir, onları şübhə altına almaq, üstlərinə kölgə salmaq cəhdləri xeyli müddət ərzində mövcud olmuşdur. Onlar elmi əsaslarla təkzib edilsələr də, yeni iddiaçılar, əslində böhtançılar meydana çıxır. Şekspirin yazdığı incilərə inamsızlıq müxtəlif bəhanələrə əsaslanır.

Bəziləri iddia edir ki, Şekspir sadə bir teatr aktyoru idi, əsərlərində isə mütəfəkkir qələmi aydın görünür, deməli, bunları o, yazmamışdır. Dramaturqun pyeslərinin müəllifinin kraliça Elizabetin olduğunu güman edənlər də var. Əlbəttə, İngiltərə kraliçası böyük intellektə malik idi, beş əcnəbi dildə sərbəst danışırdı. Onun poetik istedadı da var idi, şeir yazır və ya bəzən yaxın adamlarına şeirlə müraciət edirdi. Onunla bir əsrdə yaşamış Müqəddəs Roma imperatoru V Karl (o, həm də İspaniya kralı idi) də şeir yazırdı. XIX əsrdəki İngiltərənin görkəmli baş nazirləri Homeri, Esxili, Sofoklu tərcümə etmişdilər. XX əsrdə Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçill ədəbiyyat üzrə Nobel mükafatını almışdı. İngiltərə siyasi xadimləri üçün poeziya, ədəbi yaradıcılıq heç də sirli bir sahə olmamışdı və Bakirə kraliçanın istedadı onun barəsində belə uydurmanın yaranması üçün ciddi bir əsas olmasa da, imkan yaradırdı.

Şekspir pyeslərində güclü erotik parçalar da yer tutur. Əgər bunlar Elizabet qələmindən çıxsaydı, İspaniyada bu "kafir" qadına nifrin yağdırılardı. Onlar ingilis kraliçasını ifşa etmək, hədələmək üçün səbəb axtarırdılar. Londondakı İspaniya səfiri dəniz quldurlarını himayə etdiyini kraliçanın üzünə demişdi və bu həqiqətdən heç də uzaq deyildi. Dəniz qulduru Frensis Dreyk İspaniyanın Kadis limanına hücum edib, oradakı böyük anbarları yandırmışdı. Elizabet isə onu per titulu ilə mükafatlandırmışdı, həmin vaxtdan ona ser Frensis Dreyk deyə müraciət edirdilər. Şekspirin təsvir etdiyi erotika səhnələri azacıq da olsa kraliçanın beyninin məhsulu olsaydı, ispanlar, Roma papası, katoliklər ona coşğun hissiyatın əsiri damğasını vurardılar, axı onun favoritlərinin mövcudluğu da sirr deyildi.

Şekspiri qaralayıb gözdən salmaq istəyənlərin digər qrupu onun pyeslərinin müəllifliyini böyük filosof, görkəmli dövlət xadimi ser Frensis Bekonun adına çıxırdılar. Aristoteli təqlid edərək, "Yeni Orqanon" kimi iki cildlik böyük fəlsəfi əsərin müəllifi əgər pyeslər yazsaydı, bunu gizlətməzdi, başqasının adı altında getməyinə də razı olmazdı.

Məşhur detektiv əsərlərin müəllifi olan görkəmli ingilis yazıçısı Aqata Kristi "Onlar Bağdada gəldilər" romanında qeyd edir ki, varlı bir londonlu məlum əsərlərin müəllifinin Şekspir deyil, Frensis Bekon olduğuna çox inandığından, bir görkəmli mütəxəssisi böyük qonorar verməklə tutmuşdu ki, o, sözlərin, ifadələrin işlənməsi, bütövlüldə pyeslərin dilinin, dialoqların, yazı tərzinin, xüsusən məntiqinin filosof Bekona məxsus olduğunu tutarlı arqumentlərlə sübut etsin. Həmin şəxs çox əziyyət çəkməklə pyesləri ciddi analizə məruz qoydu və əks bir nəticəyə gəldi. Sübut etdi ki, əsərlərin Frensis Bekon üslubuna heç bir dəxli yoxdur, onların hamısı Şekspirin qələmindən çıxmışdır. Bu tapşırığı sifariş verən adam da Şekspir barədəki əsassız və haqsız fikrini dəyişməli oldu.

Della Bekon adlı birisi isə, iddia edirdi ki, Şekspirin pyesləri əslində plagiata əsaslanır. O, xüsusən "Kral Lir", "Makbet" və "Koriolan" pyeslərini dəfələrlə oxumuşdu ki, Frensis Bekon tərəfindən onlarda qoyulmuş açarı tapsın. ABŞ-dan Londona gəldikdən üç il sonra onun məqaləsi ilk dəfə "Putnam" jurnalında çap olunmuşdu. Sonralar çıxan kitabında isə ciddi bir əsasa malik olmadan yazırdı ki, Şekspir bu pyesləri yaza bilməzdi, çünki o, cahil adam olmaqla, təhsil görməmişdi. Pyeslərdə göstərilən qanun, əyləncə, saray barədə onun bilikləri yox idi. Bu bədbəxt qadının ruhi vəziyyəti pisləşdi, o inanırdı ki, Frensis Bekon onun qohumudur. Psixiki durumu ağırlaşdı, ölümü isə ona imkan vermədi ki, böhtanlarına bəslənən qəzəb dalğasını sağlığında görə bilsin.

Başqa bir mühüm cəhəti də nəzərə almaq lazımdır ki, tələbkar London mühiti müəllifliyin saxtakarlıq yolu ilə əldə edilməsinə yol verməzdi. Həmin dövrdə şəhərdə çox sayda teatr, yüzlərlə dramaturq var idi və onların arasında ciddi rəqabət mövcud idi və belə qarşılıqlı nəzarət şəraitində süni şəkildə hansısa bir müəllif yaratmaq qeyri-mümkün idi. Şekspirə paxıllıq edənlər olduğu kimi, onun sədaqətli pərəstişkarları da var idi və onlar bu dahinin əsərlərinin itib batmasına yol vermədilər.

Əssasız inkarlarla və iddialarla yanaşı, uğursuz müqayisələrə də çoxlu misallar gətirmək olar. Bəzi sənətşünaslar ifrata vararaq, XX əsrdə rəngkarlığın inkişafına təsirinə görə Pablo Pikassonu XVI əsrin böyük dahisi, Renessansın görkəmli nümayəndəsi Mikelancelo Buonarotti ilə müqayisə edirlər. Faşizmi ifşasına görə əsasən məşhurlaşan "Gernika" tablosunu Mikelancelonun "Sikstin kapellası"na qiymət barədə yaxınlaşdırmaq cəhdi yalnız istehza gülüşü doğura bilər. Adi qrafika əsərini Vatikan kapellasının tavanını bəzəyən dahiyanə freska ilə bir cərgəyə qoymaq, elektrik lampasını Günəşə bənzətmək istəyinə bənzəyir. Şekspirin əsərləri də dörd əsrdir ki, həm də artıq bütün dünyaya öz nurlu şəfəqlərini paylamaqda davam edir. Ona görə də Şekspiri bəyənməmək halı, bayağı müəlliflərlə onu müqayisə etmək cəhdi, əsərlərinə bəslənən diqqət və məhəbbətin miqyası müqabilində elə də ciddi görünmür.

XX əsrdə isə belə qütbvari fərqli olan qiymətlərə baxmayaraq, Şekspir özünün dominantlığını bütünlüklə sübut etdi. Onun pyesləri ədəbi tənqidçilər və teatr direktorları tərəfindən yüksək qiymətləndirildi. Ziqmund Freyd Hamletə diqqət yetirdikdə, onun Edip kompleksindən əziyyət çəkdiyini güman etmişdi. Sofoklun "Çar Edip" pyesində göstərilir ki, vaxtilə çar atası tərəfindən kənara atılan balaca Edip başqa mühitdə böyümüşdü, yaşa dolduqda arabada gedərkən qarşıdan digər arabada gələn çarla yol üstündəki mübahisəyə görə ona məlum olmayan öz doğma atasını öldürmüş, sonra həmin diyarın çarı kimi onun dul qalmış arvadı olan anasına evlənmişdi və onların bu nikahdan uşaqları da olmuşdu. Çar Edipə bu müdhiş hadisələr məlum olduqda, o, ağır sarsıntı keçirib, özünü kor etmişdi. Freydin bu hipotezasından sonra alimlər və tənqidçilər Şekspiri və onun personajlarını hər bir təxəyyülə uyğun gələn prizmalardan öyrənməyə başladılar.

XX əsrdə fikir müxtəliflikləri ilə yanaşı, Şekspirin dominant olması barədəki ideya akademik baxışlara gəlib çıxmışdı.

Hələ də Şekspir poeziyası musiqisinin qiymətləndrilməsinin altına mina qoyanlar da tapılır, ona qarşı ünvanlanmış qəsdlərə sevinənlər də vardır. Onun əsərlərinin tamaşaçıya çatdırılmasında aktyorların səhnədəki oyunlarından da çox şey asılıdır. Tərcümə xətaları da bəlağətli dil arxasınca qaçmağın nəticəsi olduğundan, Şekspiri təhrif etməklə, onun əsərlərini gözdən salır. Adi bir ifadə və ya bütöv cümlə Şekspir mətninin orijinalından uzaqlaşdıqda, əsərin dəyərini aşağı salır. Aktyorlara gəldikdə, onlar sözləri, intonasiyaları ilə auditoriyanı hərəkətə gətirə bilirlər.

Şekspirin dili

İngilis dilində Şekspirin ifadə etdikləri, onun rəngli tarixinin zəngin mətnləridir. Erkən dövrlərdən anqlo-sakson köklərinə malik olan bir dil kimi ingilis dili çox sayda irslərə malik olmaqla, dramatik bir ünsiyyət vasitəsi kimi meydana çıxdı. Müdaxilə hesabına və başqalarından doğulmuş bu dil dəfələrlə zərər çəkmişdi, özü ilə Qərbi German və Skandinaviya dillərinin qarışığını təmsil edirdi. Elizabet və Ceykobian eralarında modern ingilis dili meydana gəldiyinin əsaslı şəhadəti vardır, bu dil görünməmiş mobilliklə, onun vasitəsilə danışılan ideyaların köməyi nəticəsində işlək bir nitqə çevrildi. Heç bir şair Şekspir kimi söz ehtiyatından belə partlayış qaydasında istifadə etməmişdi. O, 1500-ə qədər yeni ingilis sözlərini ədəbi istifadəyə gətirmişdi, əsərlərində isə bütövlükdə 20 min sözdən istifadə etmişdi. Çox sayda yaxşı tanınan kəlmələr indiyədək işlənməklə, ilk dəfə onun pyeslərində və poemalarında səslənmişdi.

Roma imperatoru Klavdinin b.e. 43-cü ilində Britaniyanı işğal etmək cəhdindən əvvəl adaların Kelt sakinləri müasir irland, velş və şotland qallarının dillərinə qohum bir dildə danışırdılar. Sonralar romalılar həmin dörd ölkəni tərk edəndə, 410-cu ildə bəzi german xalqlarının dili, başlıca olaraq anqllarınkı və saksonlarınkı tədricən dominantlıq etməyə başladı. V əsrin sonunda papa Böyük Qriqori anqlo-saksonları xristianlığa keçirməyə başladı.

Kilsənin lingua franca - hər yerdə işlənən dili olan latın dili Britaniya adalarında işlənməyə başladı. Latın sözləri köhnə ingilis dilinə daxil oldu və Roman əlifbası hər bir erkən ingilis ədəbiyyatı məlumatlarında, ancaq danışıqda deyil, yalnız yazıda istifadə olunurdu.

Vikinqlər yürüş edib, İngiltərədə məskunlaşmalarını formalaşdırdıqda ölkədə VIII və IX əsrlərdə köhnə ingilis dilinə Skandinaviya sözləri də əlavə olundu. İlkin ingilis ədəbi əsəri olan Beowulf -da Skandinaviyanın təsiri açıq görünürdü. Bu böyük epik poema insan əti yeyən monstrlardan tutmuş onların böyük torpaqlarını viran qoyan əjdahadan öz xalqını Beovulfun necə xilas etdiyini nəql edir.

Köhnə ingilis dili german dili idi, öz sintaksisi, qrammatikası və söz ehtiyatı ilə həmin günlərin ingilis dilinin özəyini təşkil edirdi. Lakin köhnə ingilis dili 1066-cı ildəki Uilyam Fatehin başçılığı altında olan norman işğalı ilə əsaslı surətdə dəyişdi. Uilyam Fateh İngiltərədə fransız dilində danışan saray qurdu, elitaya məxsus olan şairlər XIV əsrin ortadlarına qədər fransız və latın dillərində yazırdılar. İngilis dilində danışanlar fransız dilindən 10 min sözü borc aldılar, onların çoxu "nəzakət", "diplomatiya" və "ləyaqət" kimi saray adamlarının həyatını ifadə edirdi.

İngilis dili XIV əsrdə ədəbi dil statusu alanda köhnə ingilis dilinə yalnız uzaqdan oxşayırdı. Orta əsrlərin yazıçısı Çoser özünün "Kentenberi hekayələri" əsərində (1399-cu il) alman dilinin də, fransız dili tərəfindən roman dilinə olan kimi hücuma  məruz qaldığını göstərir.

(Ardı var)

 





23.03.2023    çap et  çap et