525.Az

"İndi milli geyim tərzinə qayıtmaq çətin olsa da,


 

ƏNƏNƏLƏRİ QORUYUB SAXLAMAQ MƏNƏVİ BORCUMUZDUR"

"İndi milli geyim tərzinə qayıtmaq çətin olsa da,<b style="color:red"></b>

Sevimli Novruz bayramı qapımızın kandarından boylanır artıq. Gəlişi ilə torpağı oyadan, baharı gətirən Novruz həm də milliliyə dönüş, mənəvi birliyimizin ifadəsi kimi xalqımız üçün önəm kəsb edir. Bu günlərdə istər efir məkanlarında, istərsə də Novruz bayramı tədbirlərində xanımlarımızın, bəylərimizin əynində bir-birindən gözəl milli geyimlərimiz göz oxşayır. Biz də bayram öncəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli ilə məhz milli geyimlərimizdən, onların mənəvi dəyərindən danışdıq.

 

 

- Günel xanım, Azərbaycan milli geyimlərinə hazırkı münasibətdən razısınızmı?

- Milli geyimlərimizin formalaşması XIX əsrin sonu XX əsrin əvvəllərində başa çatdı və Azərbaycanın SSR-nin tərkibinə qatılması ilə də yavaş-yavaş qarderobumuzdan çıxmağa başladı. Milli geyimlərdən istifadə ənənəsinə müstəqillik dövründə qayıdış oldu. İndiki dövrdə milli geyimlərə xüsusi önəm verilir, bu istiqamətdə müvafiq addımlar atılır. Amma düşünürəm ki, bütün bunlar kortəbii, pərakəndə və həvəskar səviyyədə olmamalıdır. Ümumilikdə bizim milli geyimlərə indiki münasibətimiz qısa zaman kəsiyində nəsə hazırlayıb təqdim etmək xarakteri daşıyır. Amma milli geyimlərimizə yetərli diqqəti verib, onu olduğu kimi bizə təqdim etmək istəyən "etno fashion"la məşğul olan şəxslər də var.

- Müasir dövrümüzdə milli geyimlərə müraciət vacibdirmi?

- Düşünürəm ki, vacibdir. Hazırda dünyada "etno fashion" anlayışı aktualdır və modanın geriyə dönmək xüsusiyyəti bizə imkan verir ki, unudulan biçimləri, tikiş növlərini, elementləri, detalları yenidən canlandıraq, onlara yeni nəfəs verək. Milli geyim bizim milli kimliyimizi müəyyənləşdirən məqamlardan biridir. Düşünürəm ki, milli geyimlərimizdən istifadə qaydalarını müəyyənləşdirmək və elmi surətdə tədqiq etmək vacibdir.

- Bir sıra modelyerlər milli geyimlərə müraciət edirlər. Amma nədənsə heç biri digərinin işini bəyənmir, milli geyimin ruhunu yansıtmadığını düşünür. Modelyerlərimiz milli geyimlərə müraciət edərkən nisbətən daha dəqiq mənbə kimi nələrdən istifadə etməlidirlər?

- Bəli, bu cür şikayətlərə tez-tez rast gəlirik. Əslində, bu, düzgün yanaşmadı. Tənqid olmasa, inkişaf olmaz. Fikrimcə, tənqid edən tərəf daha çox sənətşünaslar, etnoqraflar və bu sahə üzrə mütəxəssislər olmalıdırlar. Belə tənqidlər əsaslı olur və nəticədə modelyerlər, milli geyim istehsalı ilə məşğul olanlar öz səhvlərini aradan qaldırırlar. Mənim də rastıma müasir üslubda tikilmiş, adı milli geyim çıxır, mən milli geyimlərlə heç əlaqəsi olmayan geyimləri tənqid edirəm. Bu, adi geyim deyil ki, onu bildiyimiz kimi, ordan-burdan, bir-iki elementi oxşadaraq tikib təqdim edək. Bu, Azərbaycanın milli geyimidir, bizim maddi mədəniyyətimizin tərkib hissəsidir, onu təhrif etmək olmaz. Biz bu geyimləri olduğu kimi indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bunun üçün moda evlərinin və milli geyimlərlə məşğul olan modelyerlərin üzərinə böyük məsuliyyət düşür. Gərək onlar birinci növbədə entoqrafiyanı yaxşı bilsinlər, bölgələrə səfər etsinlər, diyarşünaslıq muzeylərində orijinal geyimlərlə tanış olsunlar, onların biçimini, tikişini öyrənsinlər. Bununla yanaşı, milli geyimlərimiz haqqında yazılan elmi tədqiqat işlərindən, kitablardan da əlavə mənbə kimi istifadə edə bilərlər.

- Bəs geyimin ruhu deyəndə nə nəzərdə tutulur? Ən çox müşahidə olunan səhvlər nələrdir? 

- Geyimlərimiz öz dövrünün estetikasını, gözəllik ideallarını, simvollarını, bəzəklərini, tikiş çeşidlərini, parça zənginliyini, üslub xüsusiyyətlərini, bu kimi digər vacib nüansları özündə əks etdirir. Modelyerlər geyimləri ərsəyə gətirən zaman bu özəlliklərə fikir verməlidirlər. Kommersiya məqsədi ilə tikilən milli geyimlərdə heç bir estetik zövqdən və milli dəyərdən söhbət gedə bilməz. Hətta bəzi modelyerlər və tikiş evləri milli geyimlərlə rəqs paltarlarını səhv salırlar. Bəllidir ki, Azərbaycan qadınları ətəkləri geniş, üst-üstə tumanlar geyinirdilər və "milli geyim hazırlayanlar" parça çox getməsin deyə onu karkasla əvəzləyir ki, bu da böyük səhvdir. Yaxud parça seçimi, habelə, bəzək elementlərindən və rənglərdən düzgün istifadə edilməməsi müşahidə olunan ən böyük səhvlərdəndir.

- Müasir geyimlərlə bağlı da danışmaq istərdik. Bu sahədə mənzərə necədir?

- Müasir dövrdə dəb sürətlə dəyişir. Modanın bir-birinə zidd olan differensassiya etmə və ümumiləşdirmə xüsusiyyətləri dəbin qısa zaman kəsiyində dəyişməsini təmin edir. Hazırkı dəb sərbəst və rahat geyimlərdir. "Sport" geyimlər gündəlik geyimimizə tamamilə daxil olub. Təsəvvür edin, iki-üç il bundan öncə gecə geyimin altından krossovka geyinmək zövqsüzlük sayılardı və bu, heç kimin ağlına belə gəlməzdi. Amma bu gün klassik və gecə geyimlərinin altından sport ayaqqabı geyinmək normal haldır. Geyim və görünüş estetikası sadələşdirmə yolu ilə gedir.

- Nə zamansa müasir geyimlərdə milliliyə dönüş ola bilərmi?

- Bütün xalqlarda milli geyim ənənəsi XX əsrin əvvəllərində başa çatıb. Sonra yeni həyat tərzi ilə bağlı olaraq mobil geyimlər ortaya çıxıb. Ona görə də indi milli geyim tərzinə qayıtmaq çətin olsa da, ənənələri qoruyub saxlamaq mənəvi borcumuzdur. Milli geyimlərimiz müasir dövrdə praktik deyil. Amma müasir dövrdə milli geyimlərin yenidən tərtibinə, eləcə də milli elementlərin gündəlik qarderobumuzda istifadəsinə xüsusi yer verilir və bu, cəmiyyət tərəfindən, xüsusi ilə qadınlarımız tərəfindən sevə-sevə daşınır. Məsələn, 2014-cü ildə kəlağayı UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edildikdən sonra bu baş geyimi müasir qadınların qarderobunda əvəzolunmaz bir yer tutdu. İndi demək olar ki, hər bir azərbaycanlı qadının qarderobunda kəlağayı var. Bundan əlavə, milli geyim elementlərindən olan buta, bafta, şanagüllə kimi elementlər, yaxud da yelpazə qol biçimi və üst geyim kimi müasirləşdirilmiş arxalıqlar gündəlik geyimlərimizə artıq sirət edir.

- Novruz bayramı ərəfəsindəyik. Novruzda geyimlər necə olmalıdır?

- Novruz bayramında milli geyimlərə müraciət simvolik xarakter daşıyır. Novruz  bizim milli bayramımız olduğu üçün bəylərin və xanımların daha çox milli geyimlərə, milli aksessuarlara üstünlük verməsi gözəldir. Milli geyimlərimiz, əlvan libaslar, arxalıqlar, çuxalar, araxçınlar, kəlağayılar milli ornamentdə olan bəzək əşyaları və sair bayram ab-havasını daha da gücləndirir, ətrafa xoş əhval-ruhiyyə bəxş edir. Novruzda geyimin necə olması barəsində heç vaxt standartlar müəyyənləşməyib, amma onun milli geyim olması kifayətdir.

- Sizcə, milli geyimlərimizin yaşadılması və təbliği üçün nə kimi işlər görülməlidir?

- Bu gün milli geyimlərin və milli elementlərin müasir geyimdə istifadəsinə baxsaq, görərik ki, bu ənənə yavaş-yavaş öz yerini tutmağa başlayır. Gələcəkdə bu tendensiyanın daha da doğru istiqamətdə formalaşması ümidvericidir. Milli geyimlərin yaşadılması və təbliği üçün il ərzində müxtəlif tədbirlər keçirmək mümkündür, necə ki, keçirilir. Yaxud respublika miqyasında milli geyim günü və ya "etno fashion" festivallar təşkil etmək olar. Bu, həm də turizm sənayesinin bir elementinə çevrilə bilər. Milli geyimlərin təbliği üçün əsaslı elmi tədqiqatların aparılması da vacibdir. Milli geyimlərin 15-ə yaxın növü olub. Bu geyimlərin hər birinin konstruktiv və nəzəri şəkildə öyrənilməsinə ehtiyac var. Milli geyimlərin təbliği məsələsində modelyerlərin çiyinlərinə məsuliyyət düşür. Bu cəhətdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn kafedrasının müəllimləri Fəxriyyə Xələfova, Aysel Əzizova, Nəzakət Əhmədovanın, o cümlədən, digər modelyerlərdən Könül Vəlibəylinin, Gülnarə Xəlilova və başqalarının adlarını çəkmək olar ki, onlar milli geyimlərə, eləcə də elementlərə istinad edərək öz geyim kolleksiyalarını yaradıblar. Bu sahədə fəaliyyət göstərən "Alaca" milli geyim evinin də adını çəkmək lazımdır. Son olaraq milli geyimləri bir fənn kimi tədris proqramına daxil etmək, bu fənni həm sənətşünaslara, həm geyim dizaynerlərinə, həm də lazımi ixtisaslara tədris etmək yaxşı olardı.

Şahanə MÜŞFİQ

 





23.03.2023    çap et  çap et