525.Az

Yüz il əvvəlin sualı: Türkiyəni necə xilas etməli? - Anar Qasımov yazır


 

SULTAN ƏBDÜLHƏMİDƏ QALİB GƏLƏN QƏRB ƏRDOĞANA DA QALİB GƏLƏ BİLƏCƏKMİ?

Yüz il əvvəlin sualı: Türkiyəni necə xilas etməli? - <b style="color:red"> Anar Qasımov yazır</b>

Dünyada yeni bir düzənin daşları döşənir. Və yeni quruluşun sancıları bu mənada bütün coğrafiyalarda yaşanır. Amma bunu ən güclü şəkildə hiss edən ölkələrin başında, heç şübhəsiz,  Türkiyə gəlir. Buna bağlı olaraq 2023-cü il Prezident seçkiləri çox gərgin və bəlkə də, indiyə qədər görülməmiş siyasi mübarizə şəraitində geçrəkləşir. Bir tərəfdən 3 partiyanın birləşdiyi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürüldüyü "Cümhur" ittifaqı, digər tərəfdən Kamal Kılıçdaroğlunun namizədliyində "həmfikir" olan 6 siyasi partiyanın birləşdiyi və kənardan da kürd seçicilərin bir hissəsini öz ətrafında birləşdirən HDP-nin dəstək göstərməsi heç də istisna edilməyən "Millət" ittifaqı. Onu xüsusilə qeyd edək ki, bu seçki və onun nəticələri nəinki Türkiyəni, həm də bütün dünyada baş verən iki güc dairəsinin - kürəsəlçilər və onların qarşısında duran antikürəsəlçilərin də taleyinin müəyyən edilməsində həlledici amil rolunu oynayacaq. Buna görə də hansı namizədin qazanması Türkiyə ilə yanaşı, dünyanın da diqqətindədir.

Böyük İslam mütəfəkkiri və sosioloqu İbn Xəldun deyirdi ki, keçmişlər gələcəyə suyun suya bənzəməsindən daha çox bənzəyir. Üzərindən bir əsrdən daha çox keçməsinə baxmayaraq, XX əsrin əvvəllərindəki Osmanlı Türkiyəsi, daha doğrusu, Sultan Əbdülhəmidin hakimiyyəti dövründəki ictimai-siyasi-iqtisadi vəziyyət bu günlə - Ərdoğanın hakimiyyəti və baş verən proseslərlə bir çox yöndən eyniyyət təşkil edir. Səbəbsiz deyil ki, böyük türk tarixçisi İlbər Ortaylı da "Sultan Əbdülhəmidi anlamaq XXI əsri anlamaqdır" fikrini irəli sürmüşdü.

Böyük azərbaycanlı alim, publisist Məhəmmədağa Şahtaxtılının 1901-ci ildə Fransada, Parisdə yazıb nəşr etdiyi "Türkiyəni necə xilas etməli" məqaləsindəki təsbitləri Osmanlının Sultan Əbdülhəmid dövründəki yaşadığı böhranı görmək və bu gün Türkiyədə baş verən proseslərlə oxşarlığını, eləcə də bu proseslərin hansı nəticələr verə biləcəyi baxımdan müstəsna əhmiyyət daşıyır. M.Şahtaxtılı həmin məqaləsinin elə başlanğıcında Osmanlının çöküşünün səbəblərini açıqlayır: "Osmanlı sülaləsinin bugünkü faciəsi çox qüdrətli olan Osmanlı imperiyasını elə alçaldıb ki, indi imperiya məhv olmaq təhlükəsi qarşısındadır. Bunun da əsas səbəbi maliyyə çatışmazlığıdır. Bu barədə danışmağa kimsənin cürəti çatmır".

Osmanlının son dövrlərində düçar olduğu vəziyyət bu günün Türkiyəsinin qarşılaşdığı iqtisadi vəziyyətlə oxşarlıq təşkil edir. Doğrudur, Türkiyə son dövrlərdə dünyadakı nüfuzunu xeyli artırıb, regional gücə çevrilib. Hətta qlobal problemlərin həllində də birbaşa iştirak edir. Somalidən tutmuş Liviyaya qədər, Qətərdən Qarabağ probleminin həllinə kimi geniş coğrafiyada Türkiyə müttəfiqlərini sona qədər müdafiə etməyi bacarıb. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan liderliyində bu ölkə hərbi gücünü də xeyli artırıb, dünyanın ən müasir silahlarını istehsal edən bir əlin barmaqlarının sayını keçməyən ölkələr sırasına yüksəlib. Təkcə onu deyək ki, qardaş ölkənin "Bayraktar TB2" pilotsuz uçuş aparatları dünyada Türkiyənin nüfuzunu xeyli artırıb, bu silah Suriyada, Liviyada, Qarabağda və ardından Rusiya-Ukrayna müharibələrindəki sınaqlardan üzüağ çıxıb.

Qeyd edək ki, Tükiyənin bütün bu sahələrdə uğurları artdıqca ölkə də daha müstəqil siyasət yürütməyə başlayıb, xarici siyasətinin mərkəzinə öz maraqlarını qoyub. Və məhz bu amillərdən sonra Türkiyəyə qarşı xüsusilə də Qərb uzun illər boyunca qapalı/maskalanmış məkrli siyasətini açıqdan-açığa yürütməyə davam edib. Qərbin Səlib yürüşlərində olduğu kimi, təkvücud Türkiyənin üzərinə hücum etməsinin nəticələrini isə Türkiyə daha çox iqtisadi sahədə görməyə başlayıb. Başqa bir deyilişlə, Türkiyə bir çox sahədə sürətli deyə biləcəyimiz bir inkişaf dövrünə qədəm qoymuş olsa da, iqtisadi-maliyyə sanksiyaları ölkədə bu sahədə dərin böhranın xalqın yaşayışına güclü təsir göstərməsinə rəvac verib.

Bir müşahidəmi qeyd etməkdə yarar görürəm. Bir neçə ay bundan öncə Ərdoğanın əsas qalalarından biri olan Türkiyənin Rizə şəhərində olarkən bir qrup insanlarla həmsöhbət olmaq imkanına yiyələnmişdim. Danışdıqlarımın böyük əksəriyyətindən ölkədəki iqtisadi böhranın seçkilərin nəticəsinə təsirsiz ötüşməyəcəyini öyrəndim. Həm də həmsöhbət olduqlarımın hamısı əvvəlki seçkilərdə Ərdoğana səs verdiklərini də etiraf edirdilər.

İndi Türkiyə seçkilər ərəfəsində dilema qarşısındadır. Bir tərəfdən iqtisadi vəziyyət, digər tərəfdən Türkiyənin Qərbi qarşısına alan və özünə dönən siyasəti. O siyasət ki, Türk-islam coğrafiyasında da böyük rəğbət göstərilir, Ərdoğan sevgisini yayır. Xalq, əslində, bax seçkidə bu iki məsələyə səs verəcək. Tərəflərin seçki hazırlığı da məhz sadaladığımız bu iki nüans üzərinə qurulub. Kimin seçiləcəyini isə, əlbəttə, xalqın yekun qərarı müəyyən etmiş olacaq, amma burada xarici təsirlər heç də az rol oynamayacaq.

İndi sual olunur: Qərb Sultan Əbdülhəmiddə olduğu kimi, Ərdoğana da qalib gələ biləcəkmi?! Sultan Əbdülhəmiddə olduğu kimi, hakimiyyəti boyunca bir atəş çənbəri içində olan və hər ötən gün xarici təzyiq və təqibləri üzərində daha çox hiss edən Ərdoğan Türkiyəsi cümhuriyyətin 100-cü illiyində dövlətinə biçilmiş donu birdəfəlik yırtıb ata biləcəkmi, yoxsa, Əbdülhəmidin Osmanlısının yaşadığı ağrı və acıları yenə bir əsrdən bir az artıq keçmiş bir zaman sonrasında yenidən yaşayacaq?! Bu seçki məhz bu mənada adi bir seçki deyil. Gələcək yüzilliyin dünyasının necə olacağının müəyyən edildiyi yeni dünya düzəninin qurulduğu bir ərəfədə Türkiyənin yerinin və rolunun müəyyən edilməsində həlledici bir mərhələnin kulminasiya nöqtəsi, bəlkə də, finalı - sonluğudur.

Yazını Məhəmmədağa Şahtaxtılının elə öz yazısında irəli sürdüyü təmənnisi ilə bitirmək istəyirəm. Görkəmli maarifpərvər ziyalımız üzünü Avropa dövlətlərinə və xalqlarına tutaraq təvəqqi edirdi ki, Osmanlı Türkiyəsində dəyişikliklər üçün onlara lazımi vaxt və imkanlar verilsin, türklər də, beləliklə, öz müqəddəratlarını məhz özləri müəyyən etsinlər. Bəli, dünya Türkiyədəki bu seçkilərə müdaxilə əvəzinə, imkan yaratmalıdır ki, onlar öz gələcək talelərini elə özləri də müəyyən etsinlər. Bir şeyi də unutmayaq və ona əminliyimizi ifadə edək ki, hər necə olur-olsun, Türkiyə öz varlığını qoruyacaq, daha da güclənəcək. Bunu qardaş dövlətin tarixinə, yaratdığı qüdrətli dövlətlərə - imperiyaların keçmişinə baxdıqda asanlıqla demək mümkündür.

Son olaraq daha bir təmənnimizi də ifadə edək. İlbər Ortaylının Sultan Əbdülhəmidlə bağlı dediklərini Tanrı türklərə bir daha yaşatmasın. O deyirdi: "Tarix vaxtilə onu acımasızca tənqid etmişkən sonrasında peşman olanlara, dəyərini gec də olsa anlayanlara və hətta bunu bir etirafnamə olaraq yazıya alanlara, arxasından ağı söyləyənlərə şahid olub".

 

 





24.03.2023    çap et  çap et