525.Az

Söyüşün qiyməti - Sevda Sultanova yazır


 

TAMAŞAÇIYA XOŞ GƏLƏN SÖZ, YOXSA TAMAŞAÇININ DÖZƏ BİLMƏDİYİ SÖZ?

Söyüşün qiyməti - <b style="color:red">Sevda Sultanova yazır</b>

Yaxınlarda baş vermiş bir situasiya diqqətimi indi haqqında yazmaq istədiyim mövzuya yenidən yönəltdi. Ötən həftələrdə Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni nəsil rejissorların filmlərinə ənənəvi kinobaxış keçirilirdi. Nümayiş olunan filmlərdən biri Əli Səttar Quliyevin "Mən qardaşımı axtarıram" qısametrajlı bədii-sənədli ekran işi idi. 20 Yanvar hadisələrindən bəhs edən filmdə aktyor Rasim Cəfərin qəhrəmanı qardaşını axtarır və bunun üçün milis işləyən qonşusuna (Azər Aydəmir) müraciət edir. Axtarış zamanı sovet ordusunun zabitləri ilə üzləşən qəhrəmanlar qətlə yetirilirlər. Filmdə unikal sənədli materiallardan istifadə olunur: məsələn, 20 Yanvar hadisələrində hücuma keçmiş sovet ordusunun əsgərlərindən biri müsahibəsində xalqımıza qarşı törədilmiş cinayətlə bağlı tükürpədici etiraflar edir...

Hekayənin əsəblərini cilovlaya bilməyən qəhrəmanları ara-sıra söyüş işlədirlər. Müzakirə zamanı tamaşaçılardan biri rejissora söyüşü irad tutaraq, bunun milli-adət ənənələrimizə, milli əxlaqımıza, mentalitetimizə zidd olduğunu dedi. Və onun bu fikri zalda emosional müzakirələrə yol açdı.

Məsələ ondadır ki, kino müzakirələrdə zaman-zaman rejissorlar tamaşaçıların analoji iradları ilə rastlaşırlar. Heç yadımdan çıxmaz, yenə də AKİ-nin təşəbbüsü ilə keçirilən bir tədbirdə Almaniyada yaşayan rejissor Elmar İmanovun  "Mövsumün sonu" tammetrajlı bədii filminin nümayişi zamanı qeyri-normativ leksikona görə bəzi tamaşaçılar zalı etiraz əlaməti olaraq tərk elədi. İki cavan oğlan isə baş rolun ifaçılarından biri Rasim Cəfəri rejissorla səhv salaraq, kənara çəkib haqq-hesab çürütmək istədilər. Gənclər yalnız aktyorun rejissor olmadığını aydınlaşdırandan sonra  geri çəkildilər. 

Eynən "Pərdə" trilogiyasının nümayişində də rejissor Emil Quliyev sözügedən kontekstdə tamaşaçı aqressiyası ilə qarşılaşmışdı.

Sual isə budur: filmlərdə söyüşə ehtiyac varmı və qeyri-normativ leksikon nəyə xidmət edir?

Öncə onu deyim ki, söyüş anlayışının milli əxlaq və ya mentallıqla əlaqəsi yoxdur. Millətindən, irqindən, dinindən, yaşadağı coğrafiyadan asılı olmayaraq bir fərd yaranmış hər hansı vəziyyətdə qəzəbini söyüşlə ifadə edir. Şəraitə uyğun olaraq söyüş etiraz da ola bilər, mövcud vəziyyəti ifadə etmək üçün vasitə də. Kəsəsi, söyüş bütün millətlərin leksikonunda yer alır. Hətta elə söyüşlər var ki, idiomatikdir və konkret bir millətin lüğətinə aiddir. Əlimizdə statistik göstəricilər olmasa da, vaxtaşırı cinayət xronikalarında baş vermiş qətllərin "ana-bacı söyüşünə" görə baş verdiyini öyrənirik. Ana-bacı, qadın azərbaycanlı kişinin həssas yeridir, namus göstəricisidir. Nə qədər qəribə olsa da, qadına mühafizəkar yanaşan cəmiyyətimizdə geniş yayılan söyüşlərin çoxu məhz qadın cinsini aşağılamqla əlaqəlidir.

Nə isə, qayıdaq kinoda söyüşün lazım olub-olmaması mübahisəsinə. Əlbəttə, yaranmış situasiyadan və personajın konsepsiyasından, xarakterindən asılı olaraq bir çox situasiyalarda qeyri-normativ sözlərdən istifadə zərurətə çevrilir. Başqa cür desək, əgər qəhrəmanın böyüdüyü, formalaşdığı mühit, dramaturji şərait söyüş tələb edirsə, bundan istifadə qaçılmazdır. Tutaq ki, cinayət aləmindən, narkotik istifadəçilərdən bəhs edən bir hekayədə, əksinə, söyüşün olmaması qeyri-təbii görünərdi. Əsas ssenari müəllifinin, rejissorun söyüşə bəraət qazandıra və onu əsaslandıra bilməsidir. 

Bayaq söz açdığımız "Mən qardaşımı axtarıram" filmində də söyüşün istifadəsi əsaslandırılır. Təsəvvür edin, ölkədə vəziyyət gərgin və qeyri-müəyyəndir, əhali nə baş verdiyindən, nələrin olacağından məlumatsızdır, vətəndaşlar doğmalarından nigarandır. Bu halda onun ruhi və emosional vəziyyətini söyüşlə ifadəsi təbii deyilmi?

Və ya Elmar İmanovun Rotterdam festivalında kinotənqidçilərin xüsusi mükafatını qazanmış "Mövsümün sonu" filmində açıq-saçıq ifadələr tamamilə yerinə düşür.  Müasir ailə institutunun tənəzzülünüdən danışan "Mövsümün sonu" yaxşı deyə biləcəyimiz azsaylı filmlərimizdəndir. Gənc ailə ünsiyyət böhranı yaşayır, münasibətlər getdikcə çətinləşir, doğmalar arasında yadlaşma prosesi baş verir. Ata-ana-oğul arasında bütün mənəvi bağlar qırılıb, belə əsəbi atmosferdə isə söyüşü, vulqar ifadələri situasiya diktə edir - necə deyərlər, söyüşün biri bir qəpik. Yəni normativdən kənar sözlər qarşılıqlı hörmətin itməsini, ailənin mövcud olmadığını göstərən bir vasitədir. Çox güman ki, müəyyən qism tamaşaçını qıcıqlandıran məsələlərdən biri  bunların müqəddəs, toxunulmaz sayılan ailə mühitində baş verməsi idi. Üstəlik, Zülfiyyə Qurbanovanın qəhrəmanının dilində intim münasibətlərin sözlə, bayağı şəkildə ifadəsi də tamaşaçı qəzəbini gücləndirmişdi. Çünki sıravi azərbaycanlının qadınla bağlı bazis təsəvvürləri başqadır. Yəni qadın zərif məxluqdur, ağır oturub batman gəzməlidir, o, söyüş söyə bilməz və s. Halbuki hamı bilir ki, reallıq bambaşqadır. Sənət cəmiyyətdən fərqli olaraq sosial maska taxmır, riyakarlıq etmir. Ona görə də bir qism tamaşaçı ekranda gördüklərini və eşitdiklərini qəbul etməkdə çətinlik çəkir. Amma gəlin düz danışaq: ən ağır söyüşlərlə bir-birini təhqir edən ailələr, qeyri-normativ dillə danışan qadınlar yoxdurmu?

Deyilən kimi, sənət əsərində söyüş, açıq-saçıq ifadələr funksional olmalı, yeni vəziyyətin yaranmasını şərtləndirməli, pesonajların, hadisələrin inkişafına xidmət etməlidir. Bu baxımından da "Mövsümün sonu"ndakı çılpaq ifadələr məhz dramaturgiyaya, hadisəyə xidmət edir.

Sözə qüvvət bir hadisəni də deyim. Bir dəfə Az.TV-nin "Mədəniyyət" kanalında Con Kurranın Somerset Moemin "Rənglənmiş duvaq" əsəri əsasında çəkdiyi eyniadlı film göstərilirdi. İntim səhnə qayçılandığından süjetdə natamamlıq hiss olunurdu. Halbuki qayçılanan həmin səhnə hadisələrin sonrakı gedişatını anlamaq üçün vacib idi. 

Yaxud aktyor-rejissor Taleh Yüzbəyov bir vaxtlar "Zəhər tuluğu 3:Kin" vayn-filminə görə feminsitlərin qəzəbinə tuş gəlmişdi. Ona görə ki, filmin qəhrəmanı Adil qadına seks işçisi yox, "fahişə" və "mən də olsam pis yola düşərəm" demişdi.  

Problem ondadır ki, tamaşaçı rejissoru hekayədən, personajdan ayıra bilmir. Filmdə Adil sarkastik-sinik ifadə tərzinə malik depressiv, travmalı obrazdır və həqiqətləri bir vulqar intonasiya ilə deyir. Belə bir obraz "seks işçisi" deyə bilməz. Üstəlik, Adil qadının peşəsinə münasibətdə mənəvi dəyərləndirmələr, didaktik çıxışlar eləmir, sadəcə qadından keçmişdə baş verənlərin qisasını alır. Bununla da rejissor obrazın  daxili aləminə uyğun leksikon, davranış üsulu seçir.

Başqa bir həqiqət də var ki, qeyri-normativ leksikon intensiv şəkildə kommersiya yönümlü komediya filmilərində daha çox təzahür edir. Kommersiya filmlərində söyüşün qroteskləşdirilməsi reytinqə hesbalanır və əksər hallarda dramaturji vəzifə olmur.

Söyüşlərə görə qınanılan Emil Quliyevin filmlərində personajların təyinatı, dünyagörüşü, düşdükləri situasiya səslənən söyüşlərə bəraət qazandırır. Problem ondadır ki, o, söyüşə çox aludə olur, bəzi məqamlarda məhz söyüş gözə girir və bu zaman hadisənin, qəhrəmanın mahiyyəti arxa plana keçir.

Yeri gəldi deyə bunu da deyim, "Mən qardaşımı axtarıram" filmində bir problem də Azər Aydəmirin o biri filmlərdə istifadə etdiyi söyüşləri təkrarlamasıdır. Halbuki personajdan-personaja ifadələr, söz (söyüş) bazası dəyişir (və məntiqlə dəyişməlidir).

Belə götürəndə qeyri-normativ leksikonla bağlı problemlər dünya kinosunda da yaşanıb. Səssiz kino dövründə senzura demək olar ki, mövcud deyildi. Ancaq 1930-cu ildə Amerikada Heys kodeksi (1930-cu illərdə Amerika Kino Şirkətləri Assosiasiyası Heys etik kodeksini qəbul etmişdi. Kodeks assosiasiyanın rəhbəri, respublikaçı Uilyam Harrison Heysin adı ilə bağlıdır)  qəbul olunandan sonra kinoda söyüş, narkotik maddə, dinə istehza və intim səhnələr qadağan olundu. Heys kodeksinin rəsmi ləğvindən sonra - 1960-cı illərin sonundan başlayaraq  qeyri-normativ leksikondan gen-bol istifadə olunur və bu zaman həmin filmlərin uşaqlar, yeniyetmələr üçün yararlı olub-olmaması reytinq sistemiylə müəyyənləşdirilir.

Maraqlı bir faktı da deyim ki, amerikalı naşir, pornomaqnat Larri Flintkobud vulqar, hesab olunan sözlərdən istifadənin və açıq-saçıq şəkillərin məhdudlaşdırılmasının tərəfdarları ilə uzun müddət mübarizə aparıb və söz azadlığının müdafiəçisi qismində çoxsaylı hüquqi davalarda iştirak edib.  O deyirdi: "Mən sizə xoş gələn sözü yox, sizin dözə bilmədiyiniz sözü müdafiə edirəm".

Miloş Forman əvvəlcə onun bioqrafiyasından danışan "Xalq Larri Flintə qarşı" filmini çəkməkdən imtina eləmişdi. Səbəb Flintin mövqeyini özünə yaxın hesab etməməsi idi. Amma ssenarini oxuyandan sonra rejissor fikrini dəyişir: "Xoşbəxtlikdən, ya bədbəxtlikdən mən senzuranın hakim olduğu ölkədə yaşamağın nə olduğunu bilirəm. Məni dəhşətə gətirən odur ki, biz Amerikada azadlığımızı zəruri haqq kimi qəbul edirik - sanki söz azadlığına havayı nail olunub, buna görə heç nə ödəmək lazım gəlməyib".

Qeyd edək ki, Forman Çexoslovakiyada doğulmuşdu və onun filmləri kommunist sisteminə satira olduğundan qadağan edilmişdi. Rejissor filmdə Flintin politkorrekt olmayan kobud yazıların, karikaturaların yer aldığı jurnalın qorunması ilə bağlı məhkəmə çəkişmələrinə, ifadə azadlığına diqqət çəkir. Amma qəhrəmanı pornomaqnat olsa da, Forman pornoqrafik səhnələrdən istifadə etməyib. Çünki filmin əsas ideyası söz azadlığıdır...

2014-cü ildə Rusiyanın Mədəniyyət Nazirliyi kinoda qeyri-normativ sözlərin işlənməsini qadağan etdi.  Kinotənqidçi Andrey Plaxov qadağanı "rus kinematoqrafiyasının kastrasiyası" adlandırmışdı. Buna təkan verən isə Nataliya Meşaninovanın "Ümid kombinatı" filmi idi. Hətta rejissor filmin senzura versiyasını hazırlasa da, son anda imtina elədi. Çünki dediyinə görə, çəkdiyi film söyüş olmadan saxta alınırdı. 

Müəyyən istisnalar olmaqla (məsələn, irqçiliyin, şovinizmin təbliğatı və s.) sənətdə qadağa, yeni etika yaratmaq cəhdi təhlükəlidir, senzuraya gətirib çıxarır.

Sənət həyat həqiqətlərinin yozumudur - burada söyüş də, açıq-saçıq səhnələr də, siqaretdən, içkidən istifadə də gözləniləndir. Belə situasiyalarda Andrey Zvyagintsevin çıxışından bu parça yada düşür: "Bir dəfə Erik Lajetsa dünya prokatı hüquqlarını aldığı "Leviafan" filminə baxandan sonra uzun bir siyahı yazmışdı - tələb yox, çox nəzakətlə yazılmış təkliflər siyahısı... O, fransızdır, axı! Özü də prodüser yox, distribütordur. Yazmışdı ki: "Nədənsə qəhrəman çox içir, alkoqol çoxdur, bəlkə, filan epizodu çıxardasınız və sair və ilaxır. Mən sadəcə gülümsədim və filmin prodüseri Rodnyanskiyə dedim ki, Aleksandr Yefimoviç, mən davamını oxumayacağam, heç bir düzəliş siyahısı ola bilməz! Bu, necə ritorikadır? Filmin rejissoru var, o, özü üçün bu sualların hamısının cavabını tapıb, hər şeyi vicdanı ilə razılaşdırıb, neylədiyini yaxşı bilir. Müqavilənin şərtlərində yazılıb ki, "final cut" rejissora məxsusdur. Başqa heç bir şərt ola bilməz".

 





25.03.2023    çap et  çap et