525.Az

Heredotun və Homerin dilindən düşməyən Pedasa - Türkan Turan yazır


 

Heredotun və Homerin dilindən düşməyən Pedasa - <b style="color:red">Türkan Turan yazır</b>

Bura yaşılın daha yaşıl, mavinin daha tünd, ağacların daha çox, torpağın daha xoş, heyvanların rahat olduğu, çoxlarının bilmədiyi, bilənlərin isə gəlmədiyi bir yerdir. Dörd yanının meşə ilə əhatə olunduğu, giləmeyvə kollarının rəngli daş-qaş kimi hər tərəfdən parıldadığı, zeytun, küknar, çinar və daha əvvəl görmədiyim ağaclar burada əzəmətli şəkildə göy üzünə naz satır. Sanki təbiət al-əlvan çiçəkləri, ətirli gülləri, yamyaşıl otlar bəzəkli süfrə kimi torpağın üstünə örtüb. Buranın sakinləri də, başı da, başçısı da təbiətdir. Cənnət təsvirlərinə bənzəyir - amma cənnət deyil, üç min beş yüz il əvvəl tərk edilib - xarabalıq da deyil. Bura Pedasadır. Sağa baxarkən Egey dənizinin, sola baxarkən Ağ dənizin, yuxarı baxanda tərtəmiz göyüzünün, aşağı boylananda yaşıllıqdan dibi görünməyən möhtəşəm mənzərəsinin sehrinə qapıldığın Pedasa antik şəhərdir.

 

Təbiətin səxavəti

 

Bir vaxtlar burada insanların yaşadığını bilmək, keçmişin ayaq izlərini təqib edərək həmin yerləri kəşf etmək həyəcanı o qədər güclü olur ki, qədim şəhərin təpənin başında yerləşən mərkəz nöqtəsinə çıxmaq üçün 30-40 dəqiqə vaxt sərf etdiyinin fərqinə belə varmırsan! Ətraf o qədər yalnız, insansızdır ki, öz-özünə düşünürsən, necə olur əsrlər boyu fərqli dinlərin, irqlərin, mədəniyyətlərin tarix yazdığı belə bir yerdə səndən başqa ikinci bir ziyarətçi yoxdur. Ətrafa fövqəladə bir səssizlik hakimdir. Meh əssə, yarpağın, külək başlasa, otun titrəməsini eşidirsən. Birdə quşlar, böcəklər var, cəh-cəh səsləri ətrafı bürüyən, günəş altında xumarlanan həşəratların çıxardığı qarmaqarışıq səslər sənə bircə an da olsun insansızlığı hiss etdirmir. Əvvəlcə düşünürsən ki, təbiət bu qədim şəhərə bir az daha səxavətli davranıb, zənginləşdirdikcə zənginləşdirib. Sonra təbiətin həmişə əliaçıq, səxavətli olduğu ağlına gəlir, Pedasanın qüsursuzluğunun səbəbi insanların buralardan uzaq olmağı, bu ərazilərə üz tutmamaqlarıdır.

 

Unudulan xalqlar

 

Yarımadanın  ən qədim sakinləri leleqlər olub. Leleqlər, Egey bölgəsinin aborigen xalqlarındandır. Onları pərən-pərən salan isə Troya savaşı idi. Bu savaşdan sonra  hərəsi bir tərəfə yayılır. Anadolunun qərbində - qədim yunanlardan öncə mislər, leleqlər və karyalılar yaşayırdı. Savaşdan sonra mislər Anadolunun şimal qərbində, karyalılar cənub qərbində, - yəni indiki Milasda, leleqlər isə Halikarnas yarımadasında - hazırkı Bodrumda yaşamağa başlayırlar. Qədim yunan qaynaqlarına görə, karyalılar və leleqlər, Egeyin qədim xalqlarından olub. Ancaq buna baxmayaraq, mütəmadi bir hücuma, savaşa və bunların nəticəsi olaraq köçə məruz qalıblar. Leleqlər haqqında ilk məlumat qaynağı  tarixin atası Heredotdur. Onun yazdığına görə, leleqlərin tarixi bu torpaqlardan daha qədimdir.

Pedasa antik şəhər Konacıq bölgəsinin Gökçələr ərazisinda yerləşir. Ona görə də, yerli əhali leleqləri gökçəlilər adlandırır. Şəhər Halikarnasos yarımadasının ən önəmli leleq ərazisini əhatə edir. Tapınaqları, fərqli üslubda daş məzarları, saray qalıntıları, qüllələri, yolları, nekropolları, akrapolu, qala divarları ilə Pedasa; Konacıq yüksəklərində Torba limanınadək uzanan geniş bir ərazini əhatə edir. Təməlində heç bir yad maddə istifadə edilməyən Pedasa antik şəhəri leleqlər tərəfindən yonulan daş bloqlarının üst-üstə yığılması ilə qurulub. Antik qayalarda izlərini təqib edib, araşdırdığımız  zaman görürük ki, Homerin "İliada" dastanınında leleqlər haqqında və Pedasanın adından bəhs edilir.

Pedasa leleqlərin son yaşayış bölgəsi olub. Ancaq təəssüf ki, hazırda ərazidə qala divarlarından başqa heç nə qalmayıb. Təbii ki, bunda savaşların, hücumların, yağmalamaların, təbiət hadisələrinin də rolu olub. Bəzən də başqa tikintilərdə istifadə etmək üçün daşlarını daşıyıblar. Tarixdəki ən yaxşı daş ustaları leleqlərdən çıxıb, elə ən yaxşı daşçılıq da onlara məxsusdur. Bu xalq dayanıqlı sement və kirəc daşları ilə tikdikləri sağlam və möhkəm abidələrlə də tanınıb. Leleq tikililəri min illər keçməsinə baxmayaraq, Qədim Yunanıstanın və digər xalqların sərt və qatı təzyiqlərinə rəğmən, silinməyən izlər olaraq günümüzə qədər gəlib çıxıb. Antik şəhərdəki ilk arxeoloji qazıntı işləri 1919-21-ci illərdə fransızlar tərəfindən həyata keçirilir və ilk tapıntılar həmin vaxt üzə çıxarılır.

2008-ci ildə başlayan yerli arxeoloqların qazıntılarından sonra isə tarixi dörd min ilə yaxın olan tapıntılara imza atılır. Qazıntılarda ilk olaraq ortaya çıxarılan Afina Tapınağı, qədim dönəmin ən önəmli müqəddəs kültür mərkəzlərindən biri olma özəlliyini daşıyır. Şəhərin girişində Pedasa ziyarətçilərini qarşılayan ilk tikili olması ilə bərabər, yarmadananın tanınan, bilinən ən qədim ilk tapınağıdır.

 

"Müqəddəs yol"

 

Müqəddəs Afina məbədi ilə bağlı çox hekayələr, rəvayətlər, əfsanələr var. Heredotun qələmə aldığı hekayə isə belədir: "Pedasalıların başına pis hadisə gəlmədən əvvəl buradakı rahiblərin saqqalları bir gündə uzanır.  Bu hadisə şəhər tarixində üç dəfə təkrarlanır. Üçündə də leleqlər fəlakətə bərabər acılar yaşayırlar". Məbəddə eradan əvvəl VII əsrə aid tapıntılar buranın həmin dönəmdən etibarən müqəddəs kimliyə sahib olduğunu göstərməkdədir. Müqəddəs Afinaya aparan cığır isə "müqəddəs yol" adlandırılıb. Guya kim bu yola ilk addımını atsa, arınmağa başlayırmış.

Şəhərdəki akropolda yeni bir yaşayış ərazisi planı var. Yuxarı Qala hardasa 200 metr uzunluğunda olub, daxili müdafiə divarları və qüllələrlə dəstəklənib iki çöl divarları ilə əhatələnib. Divarlar 200 metr uzunluğunda və 200 metr qalınlığında olub əsas qaya üzərindən Akropolu əhatəsinə alıb. Akropolun şərqində yarımadaya hakim Müşahidə Qülləsi  və mərkəzində megaron planlı (idarəçi) Bəy evi mövcuddur.

Akropolun təpəsində başlayıb, Konacığın alçaqlıqlarına qədər davam edən nekropol ərazisi, leleqlərin inancları haqqında ciddi məlumatlar verməkdədir.

Bodrumun mərkəzinə olduqca yaxın bir məsafədə yer alan və yönləndirmə lövhələri ilə asanlıqla tapılabilən Pedasa "trekking" sevərlər üçün olduqca gözəl və uzun məsafə qət edəcək yüksəklikdə bir yerdir. Əraziyə avtomobil girişi yoxdur.

 

Pedasadan Bodrum Qalasına uzanan yol

 

Pedasada aparılan arxeoloji qazıntılar zamanı əldə edilən əsərlər Bodrum Qalasında Fransız qülləsində sərgilənir. Bu əsərlər görənləri heyran edir.

Üç min illik qədim şəhərdə qızıl zinyət əşyaları, savaşçılara aid qalxanlar, qılınclar, bürünc bazubəndlər, metal və bürünc qablar, fil dişindən hədiyyə əşyalar, sümükdən hazırlanmış alətlər,   saxsı qablar, amforalar da qazıntılar zamanı çıxan əsərlər arasındadır.

Qazıntılar zamanı Müqəddəs Afina məbədindən çıxarılan və eradan əvvəl V-IV əsrlərə aid olduğu ehtimal edilən edilən bir cüt gözdür. Göz qapaqları bürüncdən, gözlərin ağı incidən, bəbəklər isə mavi və yaşıl dəyərli kristaldan hazırlanıb. Bu gözlərin nəzir-niyaz yerinə basdırıldığı düşünülür.

Eyni zamanda ölülərin yandırıldığı məzardan keramika qablar da aşkarlanıb. Bu qabların ölülərə hədiyyə olaraq qəbirlərə qoyulduğu deyilir. Müqəddəs Afina həmin dönəmlərdə Ağ dənizin şərqində xüsusi diqqətdə olan bir yer olub, buna görə də Suriya, Fələstin, Yaxın Şərqdən gələn əşyalara burada çox rast gəlinir. Üzərində Kipr simvollarını daşıyan əşyaların da olduğu aşkarlanıb. Fərqli kültürlərin izlərinə rast gəlinir Pedasada.

Yenə talan, yenə yağmalama, yenə insan...

Pedasa Bodrumun bağrında yerləşən ən qədim və gizli bir cənnətdir. Ancaq təəssüf ki, bu qədim şəhərin böyük 170 hektarı 1 il əvvəl iş insanlarından birinə 35 milyona türk lirəsinə satılıb.

Bu az deyilmiş kimi, antik şəhər talana məruz qalıb. Pandemiyanı fürsət bilən xəzinə dəllalları qızıl əldə etmək məqsədi ilə ərazini qazaraq üç min beş yüz illik tarixi olan abidəyə ciddi zərər veriblər.

Tarixi tarix edən insanlardır, tarixi puç edib gözdən salanlar da insanlardır, tarixi heç edib onu yağmalayan, satan, talayan yenə insanlardır. Bəzən sənə elə gəlir ki, dünya dağılmadan, son insan ölmədən əvvəl insanın dünyaya olan bu müəmmalı düşmənliyi bitməyəcək. Gəmidə oturub, gəmiçi ilə dalaşmaqdır dünyaya açılan savaş. Bəzən bu təzadlardan, durulmayan insanlardan, insanlıqdan, təbiətə bıçağı sümüyünə qədər dirəyən zalımlardan zalımlıqdan çox yorulur insan.

 





25.03.2023    çap et  çap et