|
|
|
|
Quba rayonunun Vətən müharibəsində şəhid düşən növbəti qəhrəman övladı Surxay Zülfi oğlu Mehdiyevin ailəsi ilə birlikdə xatirəsini yad etdik.
Surxay Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. 2010-2022-ci illər ərzində Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olub.
Şəhidin həyat yoldaşı Mehdiyeva Vüsalə xanım deyir ki, onların ailədə iki övladı var:
"Böyük qızımız Aişə 2015-ci ildə Quba rayonunda anadan olub. Hazırda ikinci sinif şagirdidir. Ən çox sevdiyi fənn Azərbaycan dilidir. Gələcəkdə uşaq həkimi olmaq istəyir. Kiçik övladımız isə 2019-cu il oktyabrın 11-də Bakı şəhərində anadan olub. Hazırda 3 yaşı var.
Surxaydan o qədər danışılası sözlər var ki... Mən onu ilk dəfə gördüyüm günü xatırlayıram. İlk dəfə əmisi qızının əlindən tutub, böyük bir yük maşını ilə bizə qonşu gəlmişdilər. Sən demə, bizim taleyimiz, qismətimiz bir idi. O, çox gözəl həyat yoldaşı, ata, oğul idi. O, bizim hər cür əziyyətimizi, nazımızı çəkirdi. Mən həmişə Surxaya deyirdim ki, sən bizim başımızın tacısan.
Həmişə qocalmağımızdan danışardıq Surxayla. Təəssüf ki, o dünyaya qaldı xəyallarımız... Onunla bağlı o qədər sözlər, xatirələr var ki, danışmaqla bitməz. Hər an gözüm onu axtarır, ürəyimdə ancaq onunla danışıram. Tez-tez yuxularıma gəlir.Yuxularımda da ad günümü, bayramlarımı unutmur, təbrikə gəlir.
Qızıma hər gün hədiyyələr alardı. Elə gün olmazdı ki, evə, uşaqlara nəsə almasın, çox sevirdi bizi, çox ailəcanlı idi. Şəhadətindən sonra qızımın yuxusuna girmişdi atası, hədiyyə də alıbmış..."
Şəhidin anası Mehdiyeva Rəsmiyyə xanım deyir ki, Surxay ailənin ikinci övladı idi. Kiçik yaşlarından idmanla məşğul olub:
"Kikboksing və Taekvando ilə məşğul olurdu. Hər zaman uşaqlardan, öz yaşıdlarından çox fərqlənirdi. Müharibəyə qədər oğlumun diplomları, çoxlu medalları vardı. Bu yaxınlarda Quba rayonunda onun xatirəsinə tədbir keçiriləcək.
11 il daxili qoşunlarda işləyib mənim balam. Çox istəyirdim çıxsın, başqa peşəylə məşğul olsun, bizə çox çətin idi. Heç vaxt, heç kəsə sirr, söz danışmazdı. Heç müharibəyə getməyindən belə xəbərimiz yox idi. Oğlum Surxay Cəbrayıl-Füzuli istiqamətindəki əfsanəvi taborda xidmət edib. Bütün generallar, zabitlər gəlib bizi ziyarət edirlər, sağ olsunlar.
Müharibə vaxtı mən koronavirus olmuşdum. O sağkən mənə qurban demişdi ,ən yaxşı xəstəxanaya aparmışdı. O, mənə özü qulluq edirdi. Onsuz bizə çox çətindi, ağırdır...(Red. ağlayır)
2020-ci il oktaybrın 19-da oğlum şəhid olub, hamı bilib, bizdən başqa. Həmin günün axşamı xəbər gəldi, gah dedilər yaralıdı, gah dedilər sizə zəng edəcək. Sən demə, Surxaya görə gəlib, gedir bu qədər adam. Qardaşı getdi Təcili Tibbi Yardım maşını ilə Füzulidən gətirdilər Surxayı, Qubada Şəhidlər xiyabanında dəfn olundu.
Allah şəhid ailələrinə səbr versin, bütün şəhidlərə rəhmət eləsin, Allah qazilərimizə cansağlığı amin!"
Şəhidin həyat yoldaşı Mehdiyeva Vüsalə xanım deyir ki, Surxayın adına Qubada 32 nömrəli, 25 nömrəli, 1 nömrəli və Ağdam rayonunun bir neçə məktəblərində sinif otaqları var. Eləcə də şəhidin şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib. Hal-hazırda abidə bulaq kompleksi tikilir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Surxay Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Surxay Mehdiyev oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Surxay Zülfi oğlu Mehdiyev "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!