525.Az

"Sanki Allah məni ora göndərdi ki, balamın şəhid xəbərinə hazırlıqlı olum"


 

"Sanki Allah məni ora göndərdi ki, balamın şəhid xəbərinə hazırlıqlı olum"<b style="color:red"></b>

Quba rayonunun Vətən müharibəsində şəhid düşən növbəti qəhrəman övladı Tamerlan İqrar oğlu Əliyevin ailəsi ilə birlikdə xatirəsini yad etdik. 

Tamerlan Əliyev 2002-ci il yanvarın 3-də Quba şəhərində anadan olub. Subay idi. Orta məktəbə Quba rayon Birinci Qarabağ müharibəsi şəhidi Zaur Cəfərov adına 3 saylı orta məktəbə gedib. Müharibə başlayan vaxtı Tamerlan 10 ayın əsgəri olub. Müharibə başlamazdan əvvəl Beylaqan "N" saylı hərbi hissədə olub. Orduda artilleriya, kəşfiyyatçı və minaatan idi.  Ən sıx, qaynar istiqamətlərdə döyüşüb. 

Şəhidin anası Xalıqova Zümrüd xanım deyir ki, ailədə şəhidimizlə birgə üç oğul övladımız var: "Böyük oğlum Kənan, ortancıl şəhid balam Tamerlan və kiçik övladım Yunis. Tamerlan uşaq yaşdan üzgüçülüklə, rəqslə məşğul olurdu. Uşaq hazırlaşdırırdı. Boş vaxtlarında işləyirdi. Çox çalışqan uşaq idi. Sevdiyi qız var idi. Əsgərliyə gedəndə dedi ki, sevdiyim qızı da gətir yanıma. 18 yaşı vardı, amma çox ciddi xarakterli oğlan idi. Valideyni ilə danışdı ki, mən qızı özümlə aparım.

Ad günümdə gördüm evi bəzədib, hər cür hazırlıq görüb məni gözləyirdi. Mən onları çətinliklə böyütmüşəm. Xatirələri çoxdur. Hara getsə, bir çiçək dərib gətirərdi mənə.

2020-ci il 1 oktyabrda bizi bir komandadan ibarət tibbi yardım Daşkəsənə yolladılar. Biz Daşkəsəndə olanda Murovdan gələn yaralılara baxmışıq. Hərdən mən özüm üçün fikirləşirəm ki, sanki Allah məni ora göndərdi ki,balamın şəhid xəbərinə hazırlıqlı olum. Daşkəsənə əsgərlər Murovdan gəlmişdilər. Onlar bir az sağalıb geri qayıtmaq istəyirdilər. Oğlumun şəhid olma xəbərində oradan almışam. Orada bizim telefonlarımızı yığmışdılar. Bacım, ata- anam yığmışdı məni. Atam dedi ki, Tamerlan şəhid olub...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Mən ana kimi, Azərbaycanın bir vətəndaşı kimi deyə bilərəm ki, hansısa yağı düşmənə bir də icazə vermərik gəlib torpaqlarımızda otursunlar. Birinci Qarabağ savaşındakı bizim qız, gəlinlərimizi əsir götürüb başlarına nə oyunlar açmışdılar ermənilər, bunları unutmamalıyıq. Mənim  oğlum böyüdü, gedib o torpaqlar üçün  canından keçdi. Oğlum çox cüssəsli, yaraşıqlı oğlan idi. Onda bir əminlik var idi ki, mən sizi qoruyuram. Mən bir ana kimi onunla fəxr edirəm! Hər yerdə gözüm balamı axtarır. Oğlumun adı bizim başmızı uca etdi! Mənim bir əmim oğlu da Birinci Qarabağ müharibəsində şəhid olub. İllər sonra o taleyi mən də yaşadım...

Şəhid balamın adına küçə, orta məktəbdə sinif otağı, baralyef var, və 3 saylı orta məktəbin həyətində oğlum Tamerlan və Əliyev Rəvanın ailəsi ilə birgə abidə bulaq kompleksi tikdirmişik".

Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Tamerlan Əliyev oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Tamerlan Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra  "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif olunub.

Ruhun şad olsun, şəhid qardaşım!

 





19.03.2023    çap et  çap et