Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyevdir.
Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Quba rayonu 3 nömrəli məktəbin 1-ci sinfinə gedib. Rəvan dərsləri ilə yanaşı, həm də Quba şəhər İncəsənət Məktəbində tar və fortepiano ilə də məşğul olmağa başlayıb. Musiqiyə, poeziyaya həvəsli olub. Kiçik yaşlarından şeir, mahnı yazıb. Məktəbi bitirdikdən sonra təhsilini Bakı İdarəetmə və Texnologiya Kollecində davam etdirib. Təhsilini başa vurduqdan sonra 2019-cu ilin iyul ayından müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərindəki yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib.
Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən böyük ruh yüksəkliyi ilə bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulublar.
Şəhidin anası Əliyeva Mehriban xanım 30 oktyabr 1979-cu ildə Sumqayıtda anadan olub. Ali təhsillidir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muzeyşünaslıq ixtisasi üzrə təhsil alıb. Hazırda Quba Tarix diyarşünaslıq muzeyinin elmi işçsidir. Şəhidlərə həsr olunmuş iki kitab müəllifidir. birinci kitab "7 oğul istərəm", ikinci kitab "Quba şəhidlərinin ev muzeyləri" adlanır.
Şəhid anası Mehriban xanım deyir ki, ümumiyyətlə qonşular hamısı deyirdi ki, Rəvan çox seçilmiş uşaq idi. Onun ən çox sevdiyi cümləsi bu idi, “Ana, haqqını mənə halal elə”. Evdən çıxanda son sözü də bu oldu. Baxın, bu evi Rəvan görmədi. Çünki o, əsgər idi, çox çətinliklə tikmişik bu evi. 11 ayın əsgəri idi, onu mən kirayələrdə böyütmüşdüm. Bacısına demişdi ki, artıq mənim də otağım olacaq. Heyif ki, Rəvanımın tabutu gəldi bura. Rəvandan sonra bu evdə yaşamaq istəmirdim heç. Sonra gördüm onun ruhu burdadır. Bu ev artıq Rəvanın muzeyidir. Demək ki, evin də öz missiyası varmış. Mənim balamın tabutu öz evindən çıxmalıymış...
Qubada ilk dəfə Rəvanın ev muzeyi düzəlib. Mən onun əşyalarından ona muzey yaratdım. Dedim bu evdə onun guşəsi olmalıdır. Balamı gətirəndə, balamın tabutundan gül ətri gəlirdi, onun tabutunu əlimlə sığallayırdım, məndən başqa o ətri heçkəs hiss etmirdi... (Red. ağlayır)
2020- ci il 22 oktyabrda dayısının ad günündə şəhid olub. Onları 28 oktyabr səhər saatlarında çıxardıblar döyüş ərazisindən. 29 oktyabrda balamın tabutu gəldi. 29 oktyabr oğlumu dəfn etdim, 30-u da mənim ad günümdür. Dedim 2-3 saat saxlayın, qoy, ad günümə qalsın. Atası yaxınlaşıb dedi ki, Mehriban, incitmə çoxdan dünyasını dəyişib. Onda sanki ayıldım, balamın ölümünə inana bilmirdim... (Red. ağlayır)
Oğlum Yevlağın sərhəd qoşunlarında idi, amma Rəvan istəyirdi səngərdə düşmənlə üz-üzə ola. Bir gün ön cəbhəyə əsgərləri yığanda bu qaçıb oturubmuş gedən maşınların birində, zabitlərdən biri deyib ki, tək oğulsan? Deyib bəli, komandir onu qaytarıb geriyə. Mənə deyirdi ki, ana, növbəti dəfə mənə yenə bu sualı versələr, deyəcəm mənim qardaşım var, məni də aparsınlar ön cəbhəyə.
Sonuncu dəfə mən Rəvanı görəndə sağollaşırdıq. Mənim ona boyum çatmazdı, çox hündür boylu idi. Ona sarı uzanıb, boynundan öpdüm. Son dəfə mən onu öpəndə ondan gül ətri gəlirdi. Dedim oğlum bu nədi, səndən niyə gül iyi gəlir, mənə qəribə gəldi ki, axı orada ətir belə yoxdur. Komandir bizə baxaraq gülümsündü, dedi, hə, ana, sənin oğlundan gül ətri gəlir... Sən demə, cənnət iyi gəlirmiş mənim balamdan. Bilmirəm bəlkə də mən onun şəhid olmağını onda duymuşdum... Atası deyir ki, Rəvan şəhid olandan sonra üzündə təbəssüm vardı...(Red: ağlayır)
2020-ci il 44 günülük zəfərdə Qubadan 47 şəhid olub, cəmi 6-sı əsgər, qalanları zabitlər olub. Həmin əsgərlər də könüllü olaraq döyüşə gediblər.
Mənim atam və üç əmim Birinci Qarabağ müharibəsinin iştirakçısı olublar. Şuşa alınan vaxt atam Qarabağda idi. Atam 1993-cü ildən 2001-ci ilə kimi Şuşa üçün yas saxlayırdı ki, Şuşa alınanda saqqalımı qırxacağam. Rəvan bu cür bir kişinin övladı, nəvəsi olub. And içməyə gedəndə yemək içməkdən öncə mən ona bayraq aparmışdım. Onda vətənpərvərlik genetikdir, onu mən aşıladım. Nəvəsi Rəvan o torpaqların azadlığı uğrunda şəhid oldu. Ancaq Rəvan şəhid olanda gözlərim ən çox atamı axtarırdı. Mənim atam dənizə qərq olub. İnanın, mən Rəvanı hər yerdə təmsil edəcəyəm.
Oğlumun adına məhləmizdə və oxuduğu 3 saylı məktəbdə abidə bulaq kompleksi var. Bizim etdiyimiz təmir zamanı, oradakı Birinci Qarabağ müharibəsi iştirakçısı Zaur Cəfərovunda baralyefini yenilənməsi haqqında təhsil şöbəsinə müraciət etdik və onlar da kömək etdilər.
Zəngilanda dağ yüksəkliyinin birinə Rəvanımın adını veriblər, adına Post da veriblər, “Rəvan Əliyev” postu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Mən bir neçə yerdə də demişəm, yenə də təkarlayacağam. Oğlum istəyirdi ki, mən bu cür deyim, həmişə Vətən sağ olsun! Mən fəxr edirəm ki, o cür oğulun anasıyam!"
Ağdam və Cəbrayıl istiqamətlərində döyüşüb, Zəngilan rayonu ərazisində Ağbənd qəsəbəsinin Vejnəli qızıl yataqları ətrafında gedən gərgin döyüşlər zmanı şəhid olub. Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyinin azad olunması uğrunda döyüşə gedərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən Rəvan igidlik göstərərək, sona qədər döyüşüb və yoldaşlarının pusqudan çıxmasına şərait yaradıb, özü isə qəhrəmancasına şəhid olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Rəvan Əliyev “Vətən uğrunda” , “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhun şad olsun, şəhid qardaşım!