525.Az

"Cəmil tez-tez kəşfiyyatda olurdu, göz önündə olmağı istəmirdi"


 

"Cəmil tez-tez kəşfiyyatda olurdu, göz önündə olmağı istəmirdi"<b style="color:red"></b>

Vətən müharibəsinin dastana dönən daha bir şəhidi Cəmil Fikrət oğlu Xələfovun evində, ailəsi ilə birlikdə onun əziz xatirəsini bir daha yad etdik.

Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonu Nərimanabad kəndində anadan olub. Subay idi. O, 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Baş kəşfiyyatçı-pulemyotçu idi.

Şəhid anası Xələfova Şərəf  xanım deyir ki, ailədə 3 oğul övladım vardı. Böyük oğlum Orxan, digəri Rüstəm və sonbeşiyim şəhid balam Cəmil. Oğlum haqqında danışmaq mənim üçün çox ağırdır. O, çox qorxmaz, igid, vətənpərvər oğul idi. Kəşfiyyatçı əsgərlər gəlib, deyirdi ki, ondan hamı soruşar, maraqlanardı hara gedib gəldiklərini, nə etdiklərini? Heç kəsə sirr verməzdi. Cəmil tez-tez kəşfiyyatda olurdu. Arada onları təlimlərə çağırırdılar. O, göz önündə olmağı istəmirdi. Həmişə deyirdi ki, bu torpaqlar bizimdir, torpaqları qorumalıyıq!

Könüllü getmişdi, dedi, Vətən çağırır. Hamıdan birinci getdi hərbiyə. Oğlum bütün ön cəbhələrdə bələdçi idi, onun yüksək sərişdəsi və iti yaddaşı vardı. Coğrafiyanı çox gözəl bilirdi, ağıllı oğlan idi. Aprel döyşlərindən qabaq gəlmişdi hərbidən, onun ən yaxın dostu şəhid olmuşdu. Bu, Сəmilə çox pis təsir etmişdi, çox ağlayırdı, dostunun yoxluğuna inana bilmirdi. 

İndi mən Cəmilin ölümünü qəbul edə bilmirəm. Mən elə bilirəm, Cəmilim hər gün gələcək, amma 3-cü ildir şəhadətə qovuşub. Mənə çox ağırdı, balamın yoxluğu məni çox yandırır. Kaş ki, ondan bizə bir övlad xatirə qalardı. Kiçik yaşlarından gözəl şeirlər yazardı. Həmişə deyirdi, mən gedəcəyəm erməniləri öldürüb, qisasımızı alıb, torpaqları azad edəcəyəm. Qalib əsgərlərlə bağlı həmişə gözəl rəsmlər çəkirdi. Deyərdi, bu bu bizik. Balam arzuladığı, çəkdiyi rəsmlərdəki kimi müharibədə savaşdı, şəhid oldu, arzusuna çatdı...

Axırıncı dəfə 2020-ci il  oktyabrın 4-də danışdıq. Deyirdi ki,  narahat olmayın, burada hər şey yaxşıdır. Bir dəfə də dostu ilə birgə zəng etmişdi mənə. Dedi ki, anam, bizə xeyir-dua ver.

Vətən hər birimizindir, onlar şəhid olmasaydı, buradakılar rahat yaşaya bilməzdilər! Onlar bir çəpər oldular düşmənin qarşısında. Mənim nənəm deyir ki, o vaxtı ermənilər Qubanı viran qoydular. O vaxt cavanları Qubadan çıxardılar, onlar dağlarda idilər, silahları da yox idi. Ermənilər gəlib bütün yaşlı, qoca, xəstə, uşaq bilmədən öldürdülər. O vəhşiliyi biz Qubalılar yaşamışıq. Erməni vəhşiliyini unutmaq olmaz, onlar tarix boyu bizim başımıza yüzlərlə bəla və soyqırım gətiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Bütün analara, atalara səbr diləyirəm! Allah millətimizi, Ordumuzu, Prezidentimizi qorusun!

Balam Cəmilin adına Qubadakı orta məktəblərdə sinif otaqları var".

Azərbaycan Ordusunun əsgəri Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Cəmil Xələfov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ruhun şad olsun, şəhid qardaşım!


 

 





21.03.2023    çap et  çap et