525.Az

"Təsəlli tapmaq üçün başdaşını təmizləyib, öpüb gəlirik" 


 

"Təsəlli tapmaq üçün başdaşını təmizləyib, öpüb gəlirik" <b style="color:red"></b>

Bu dəfə haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Samir Çingiz oğlu Süleymanovdur. 

Samir Süleymanov 9 mart 1998-ci ildə Qubada anadan olub. Quba şəhəri, 1 saylı tam orta məktəbində təhsil aldıqdan sonra 2016-2017-ci illərdə hərbi xidmətdə olub.

Şəhidin anası Süleymanova Təranə xanım deyir ki, ailədə 3 övladımız var:

"İki qız, bir oğlan. Böyük övladımız Aysel, ortancıl balam Samir və kiçik qızım Samirə. Samir çox mərhəmətli, çox dostca uşaq idi. Heçkimlə işi yox idi, çox mehriban idi. Ondan çox danışmaq olar, xatirələri bizimlədir. Hamı ondan razıdı, onu xoş xatırlayır. Çox ailəcanlı, ana-ataya canıyanan, zəhmətkeş idi. Əsgərlikdən qabaq Şahbulaqda ofisiant işlədi. Daha sonra Qubada işləyirdi.

Müharibə vaxtı soruşurdum ki, bəs sən hardasan, vəziyət necədi oralarda, ay bala? Həmişə yerlərin baş hərflərini deyərdi olduğu yerlərin, başqa heç nə. Biz ondan çox razıyıq, övlad kimi o həmişə bizim qulluğumuzda durub, dayaq olub, bir sözümüzü iki etməyib". ( Red. ağlayır)
Şəhidin atası Süleymanov Çingiz bəy deyir ki, oğlumdan sonra bizə çox çətindir: "Bilirəm, bu dünya bir güzgüdür, gələn baxıb gedir. Balamdan qabaq, iki oğul övladımızı da itirmişik. Ancaq təsəlli tapmaq üçün gedib başdaşını təmizləyib, öpüb gəlirik. Dillə izah ediləsi deyil bala dərdi, bala ağrısı, çox ağırdır. Ağcabədidə hazırlaşıb oradan da gediblər döyüş olan ərazilərə. Xudafərinin azad olunması uğrunda döyüşüb oğlum. 

2020-ci il noyabrın 7-si axşamı bacımın yoldaşı dedi, ona da bələdiyyə deyib. Açdım qapını dedim, a bala, nə olub? Sonra qonşu gəlin var, Qubadlıdandı, dedi ki, Samir şəhid olub. O qədər başımı döydüm divara ki, çığırdım, ağladım. Yağış da yağır, ora zəng elə, bura zəng elə. Yuxarı kəndə də şəhid gəlmişdi, dedik, bəlkə onu bizim oğlumuz biliblər, inanmaq istəmirdik. İkinci dəfə şəhər bələdiyyəsi zəng edib dedi ki, qardaş, şəhid olan sənin oğlundur. Bu xəbəri alanda dünyamız başımıza uçdu, balam daha yoxdu. Getdim, gördüm balamı. Açdım üzünə baxdım, rəngi ağappaq idi, 23 il saxladığım balam ağappaq, buz kimi idi. Həmin günü noyabrın 8-i saat 3-də Şəhidlər xiyabanında dəfn etdik...

Şəhid oğlumun adına küçə verilib, Quba rayonunda yerləşən məktəblərdə də adına sinif otaqları var. 

Allah dünyamızı qorusun ,Allah Prezidentimizi qorusun! Şəhidlərimizi həmişə uca tutmalıyıq, onları unutmamalıyıq. Biz övladımızla fəxr edirik, Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!"

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Samir Süleymanov Füzuli, Cəbrayıl və Xocavənd döyüşlərində savaşıb. Samir Süleymanov 7 noyabrda Xocavənd Şəxər kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Samir Süleymanov Quba Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Samir Süleymanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ruhun şad olsun, şəhid qardaşım!


 

 





22.03.2023    çap et  çap et