525.Az

"Balam ömrünün ən gənc çağında şəhid oldu..."


 

"Balam ömrünün ən gənc çağında şəhid oldu..."<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsinin növbəti şəhidi baş leytenant  İsmət Şölət oğlu Hacıyevdir.

İsmət Hacıyev 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub.  2008-ci ildə Cəmşid Naxçvanski adına akademiyaya daxil olub. Daha sonra 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi, bir qızı yadigar qalıb. 
O, 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. İsmət Hacıyev Azərbaycan hərb tarixində qızıl hərflərlə yazılan Aprel döyüşlərində də böyük şücaət göstərən qəhrəmanlardan biri olub. Keçirdiyi uğurlu hərbi əməliyyatlar sayəsində 2019-cu ildə baş leytenant kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 günlük kurs keçdikdən sonra kəşfiyyat bölük komandiri kursunu uğurla bitirərək "N" saylı hərbi hissədə xidmət edib. 

Şəhidin anası Hacıyeva Gülnarə deyir ki,  həyat yoldaşım Qarabağ veteranı idi, üçüncü qrup əlil idi, kəllə-beyin travması almışdı. Oğlmuzun şəhid xəbərinə dözə bilmirdi, 1 il sonra 2021-cil oktyabrın 13- də rəhmətə getdi. Oğlum İsmət ailəli idi, 1 qız övladı var. Nəvəm Mələk 2018-ci il aprelin 22-də Qubada anadan olub.

Balam çox savadlı, zəki uşaq idi. Könüllü C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdu, könüllü kəşfiyyata yazılmışdı. Tərtərdə ən qızğın döyüşlər olan bölgələrə yazılmışdı. Bir mələk kimi gəldi, mələk kimi də getdi balam. Balamın nəyini deyim? Heç mən balamdan doydummu? Heç bildim nə vaxt gəldi, nə vaxt getdi?!

Öz toyunda da İsmət qəzaya düşmüşdü. Doğulanda da əziyyətlə doğuldu, ömrünün ən gənc çağında şəhid oldu. Biz çox kasıb olmuşuq. O qədər kasıb ki, illərdir kirayələrdə yaşamışıq. Kaş balam sağ qalardı, yoldaşım da sağ olardı. İnanın, həyatdan, bütün hər şeydən soyumuşam, ruh kimi gəzirəm.

Oğlum öz pulu ilə toy etdi özünə. Bilirsiniz nə gözəl bala idi, nə oğul idi... Adı kimi ismətli idi. Milli Qəhrəman Polad Həşimovu çox sevirdi, özünə ən yaxşıları nümunə götürərdi. Əsgərlərini çox sevirdi, onlara çox qayğı göstərərdi. Şəhid olmazdan qabaq əsgərlərə deyib ki, çalışın, qoymayın mənim nəşim düşmən əlində qalsın.

Allahdan şəhid valideynlərinə səbr diləyirəm. Balam yoxdu, mən bilirəm balasız analar nələr çəkir. Daha heç bir bala atasız qalmasın. Mən nəvəmin suallarına cavab verə bilmirəm. Allah bütün şəhidlərə rəhmət eləsin!

Qubada küçələrdən birinə oğlumun  adı verilib, baralyefi var, orta məktəblərdə, universitetdə sinif otaqları var". 

Azərbaycan Ordusunun baş leytenantı olan İsmət Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Hacıyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.    

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən,  İsmət Şölət oğlu Hacıyev ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, igid qardaşım!

 





23.03.2023    çap et  çap et