525.Az

Şəhid anası: "Murad həmişə deyirdi, mən polis olacağam!"


 

Şəhid anası: "Murad həmişə deyirdi, mən polis olacağam!"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Murad Asəf oğlu Həbibovdur. 

Murad Həbibov 15 may 2001-ci ildə Quba şəhərində anadan olub. 2008-ci ildə Quba şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub və həmin məktəbi 2019-cu ildə bitirib. Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılıb. Hərbi xidmətini Goranboy rayonunda başlayıb və hərbi təlimləri bitirdikdən sonra xidmətini davam etdirmək üçün Tərtər rayonuna göndərilib. Murad Həbibov hərbi xidmətdə olarkən komandirləri və döyüş yoldaşları tərəfindən cəsur bir minaatan kimi tanınıb. O, hərbi xidmətini düşmənlə üzbəüz postlarda aparıb.

Şəhidin anası Həbibova Aiman xanım deyir ki, ailədə üç övladmız vardı. İki qiz, bir oğlan: "Böyük övladımız Aynur, ikinci qızımız  Sevinc və şəhid balam Murad. O, orta məktəbdə çox yaxşı oxuyurdu, həmişə deyirdi, mən polis olacağam. Çox sakit uşaq idi. Müəllimlər həmişə mənə təşəkkür edərdi. Qonşular onu çox istəyərdi. Çox dinləyər, az danışardı. 

Deyirdik, səni evləndirək, cavabında həmişə deyirdi, mən evlənməyəcəyəm. Son zamanlar elə bil ürəyinə dammışdı ki, ona nəsə olacaq. Çox həssas, fikirli gəzirdi. Soruşanda da nə olub? Cavab verməzdi…"

Şəhidin atası Həbibov Asəf  bəy deyir ki, oğlum Tərtər, Ağdərə, Suqovuşan istqamətlərində döyüşüb:  

"Muradın adına küçə, abidə bulaq kompleksi və barelyef var. Bulaq abidə kompleksi ailəmizin şəxsi vəsaiti əsasında tikilib.

Allah hamıya, bütün şəhid ailələri, ana- atalara səbr versin! Bundan ağır dərd ola bilməz, ölənə kimi bu yara mənlədir, bizimlədir. Ürəyimdə stendlə gəzirəm, balamla görüşmək ümidi ilə yaşayıram. Biz onunla fəxr edirik!"

27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan biri olmuşdur. Belə ki, düşmənin Tərtər rayonu istiqamətində başladığı təxribatçı hücumlarının qarşısını kəsənlər Murad və onun döyüş yoldaşları olub. Düşmənin hücumlarının qarşısını alan əsgərlərimiz əks-hücuma keçərək düşmənə ağır itkilər verib. Murad Həbibov 2020-ci ilin 3 oktyabrında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 5 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub. 2021-ci ilin yanvar ayında Quba şəhərində küçələrin birinə şəhid Həbibov Muradın adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  Sərəncamlarıına əsasən, Murad Asəf oğlu Həbibov  “Vətən uğurunda” , "Laçının azad olunmasına görə",  "Suqovşanın azad olunması” medalları və “Üçüncü dərəcəli Vətənə xidmətə” görə ordeni ilə təltif olunub.

Ruhun şad olsun, şəhid qardaşım!

 





24.03.2023    çap et  çap et