Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahat yönümlü tədbirlər davam etdirilir. Təhsil Nazirliyi tərəfindən bu sahədə ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunub. İlk dəfə olaraq Bakı şəhərindəki ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi keçirilib. Bununla bağlı Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbin direktoru Yuliya Kərimova ilə həmsöhbət olduq.
- Yuliya xanım müəllimlərin sınaq qiymətləndirilməsi başa çatıb və nəticələr açıqlanıb. Siz bu qiymətləndirməni necə dəyərləndirirsiz?
- Qiymətləndirmə müəllimlərimlərimiz üçün çox müsbət tədbir oldu. Müəllim özünün peşəkarlığı haqqında düşünməyə başladı. Müəllimlər arasında yaxşı nəticə göstərənlər öz peşəkarlıqlarını bir daha təsdiqləməli oldular. Əlbəttə sınaq qiymətləndirmə sistemi müəllimlər arasında özlərinin peşəkarlığını sınamaq üçün bir vasitə oldu. Neçə il işləməyindən asılı olmayaraq qiymətləndirmə hər bir müəllimə tətbiq olundu. Hamının peşəkarlıq səviyyəsi qiymətləndirildi.
- Müəllimlər üçün keçirilən sınaq qiymətləndirmə müəllimlərin iş fəaliyyətinə nə kimi təsir edə bilər?
-Yaxın perspektivdə birbaşa təsirin müsbət nəticəsini gözləmək olmaz. Uzunmüddətli perspektivdə zəif olanlar kursdan, təkmilləşmədən keçməlidir. Peşəkarlar kimi onların səviyyələri yüksəlməlidir. Sonradan onlar öz işlərində uğurlu nəticə göstərə bilərlər. Amma indiki halda, məsələn, mən istəyərdim ki, bu, məktəb olaraq məktəbin illik fəaliyyət planına daxil olsun. Mənim məktəbimin müəllimləri əgər hansısa sahədə zəifdirsə, mən də onların inkişafı üçün təlimlər, kurslar təşkil edə bilərəm. Təbii ki, məktəbin nəzdində belə bir işi həyata keçirə bilərəm.
- Sınaq qiymətləndirmə zamanı sizin məktəbdən neçə nəfər iştirak edib? Onların nəticələri sizi qane edirmi?
-Bizim məktəbdən 100-120 nəfər müəllim iştirak edib. Onların çox hissəsinin nəticələri uğurlu olub. Müəllimlər öz nəticələrindən razı qalıb. Belə olduğu halda göstərilən nəticə məni də qane edir. Müəllimlərin uğurlu nəticələri məktəbimizin savadlı kadr yetişdirməsinin göstəricisidir.
-Yuliya xanım, hər halda sizə də məlumdur ki, növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaq. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaq. Sizin buna münasibətinizi bilmək maraqlı olardı.
-Əlbəttə, praktika nə qədər çox və keyfiyyətli olarsa, hansısa uğurlu nəticə əldə etmək olar. Ancaq onu qeyd etmək istəyərdim ki, 5 saatın əvəzinə 10 saat eləmək o demək deyil ki, biz keyfiyyəti təmin etmiş oluruq.
- Bilirsiz ki, yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əgər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək. Sizcə bu addım uğurlu alınacaqmı? Müəllimlik peşəsinə həvəs arta bilərmi?
-Bunu normal həvəsləndirici bir addım hesab etmək olar. Bəzi ölkələrdə əlavə təqaüd alan məzunlarla 2,3,4 illik müqavilə bağlanılır. Onlara sonradan işləyərək öz bacarıqlarını göstərməyə şans verilir. Bizdə elə bir stiuasiyadır ki, yaxşı orta məktəb şagirdi müəlllim olmaq istəmir. Müəllim hazırlığı proqramlarının da yaxşı məzunları müəllim peşəsini seçmir. Baxmayaraq ki, müəllim ixtisası alır, amma sonradan məktəbdə müəllim işləmir. Fikirləşir ki, məktəbdə karyera perspektivləri azdır. Və beləliklə müəllimlik ixtisasından uzaqlaşır. Düşünürəm ki, bu addım abituriyentlərimizdə müəllimlik peşəsinə həvəsi artıra bilər.
- Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır. Onların həmin yerlərdə işləməsi üçün həvəsləndirici başqa hansı addımların atılmasını istərdiz?
-Bəli, belə bir təşəbbüs var və həyata keçirilir. Belə olduğu təqdirdə mən inanıram ki, ucqarlarda da işləmək istəyən müəllimlərimizin sayı arta bilər. Bölgələrdən müəllim ixtisasını seçən abituriyentlər daha çoxdur, nəinki şəhərlərdən. Həmin bölgələrdən gəlib burda təhsil alan məzunları sonradan gəldikləri rayonlarına və kəndlərinə qaytarmaq üçün həvəsləndirmək lazımdır. Belə olarsa, ucqar yaşayış məntəqələrində müəllimlərə çox da ehtiyac qalmaz. Müəllim işləmək istəyən üçün iş şəraiti də dəyişməlidir. Məsələn, təhsil üzrə Qərbdə aparılan tədqiqatları təhlil eləyəndə görünür ki, əsasən həvəsləndirməyə gəldikdə maliyyə ikinci dərəcəli bir şeydir. Birinci həvəsləndirmə mexanizmi gələcəkdə işləyəcək müəllimin iş şəraiti, iş mühiti, məktəbdəki peşəkarlıq iqliminin dəyişilməsidir. Elə bir mühit olmalıdır ki, gənc kadrlar orda işləmək istəsinlər.
- Türk liseyləri bağlanandan sonra sizin məktəbə yerləşdirilən şagirdlər varmı?
-Bəli. İyirmi nəfərə yaxın şagird gələn yeni tədris ilindən öz təhsillərini bizim məktəbdə davam edəcəklər. Onların arasında hər sinifdən şagirdlərimiz var. Onlar həm rus, həm də Azərbaycan bölməsindən olan şagirdlərdir. Bir çoxları bizim məktəbin şagirdləri olub. Liseylərdə təhsillərini davam etdirmək üçün məktəbimizdən ayrılan bəzi şagirdlərimiz də gələn tədris ilində yenidən bizim məktəbdə təhsil alacaqlar.
- Bilirsiniz ki, artıq qəbul imtahanları başlayıb. Sizin məktəbdən neçə nəfər şagird həmin imtahanlarda iştirak edəcək?
-Bizdə bu il 131 nəfər şagird məzun olub. Onların hamısı qəbul imtahanlarında iştirak edəcək. Təbii ki, onların da arasında xarici universitetlərdə təhsil üçün imtahan verənlər var. Onu da deyə bilərəm ki, artıq bir neçəsi qəbul olunub və yeni tədris ilindən öz təhsillərini xarici universitetlərdə davam etdirəcəklər.
Vəfa MƏMMƏDLİ
çap et