525.Az

Baxı dinləyərkən - Yazıçı Anar yazır


 

Baxı dinləyərkən - <b style="color:red"> Yazıçı Anar yazır</b>

85 yaşım tamam oldu. Ad gününün həyəcanları – sevincləri, qayğıları, təbrikləri, təlaşları, fərəhləri, acıları bitdi. 

Bayram tətilləri başladı. Bu yeddi-səkkiz gündə yarımçıq qalmış işlərimi tamamlamağı düşünürəm. Amma bu gün – bəlkə də son otuz-qırx ildə ilk dəfə heç bir işə başlamıram. Nə idarədəyəm, nə də evdə kompüterin arxasına keçirəm. Televiziya qarşısında oturmuşam, Vivaçi kanalında Baxın ecazkar musiqisi səslənir.

Birdən-birə an içində gözlərim açıq ola-ola sanki yuxu görürəm. Xəyalmıdır  bu, ya qəflətən canlanmış xatirələr?

Xəzər sahilindəyik. Mən və anam. Anam lap cavandır. Mən beş yaşındayam. Qızmar qumlar yalın ayaqlarımızı yandırmasın deyə ləpədöyənlə addımlayırıq. Arada qayaların kölgəsində dincəlirik. Mən əllərimlə kiçik quyucuq qazıram. Dəniz həmişəkindən daha mavidir. Göy üzü həmişəkindən daha geniş, daha açıqdır. İlıq meh incə nəvazişlə üzümüzü, saçlarımızı oxşayır. 

İçimdə bu inanılmaz fərəh hissi, xoşbəxtlik duyğusu nədəndir? Bəlkə ondandır ki bütün ömrüm hələ qabaqdadır. «Bütün ömrüm hələ qabaqdadır» – bir bu cümləni həqiqət kimi təkrar etməyi dünyanın bütün nemətlərinə dəyişməzdim.

Amma şikayətçi deyiləm. Film kimi maraqlı bir ömür yaşadım. Heyif ki, təkrar etmək mümkün deyil.

Ad günüm münasibətilə məni təbrik edənlərə, varlığımı unutmayanlara, barəmdə xoş sözlər deyənlərə və yazanlara dərin minnətdarlığımı bildirirəm.

19 mart 2023
 
 

 





27.03.2023    çap et  çap et