525.Az

“Kodeks Kumanikus” haqqında ilk monoqrafiya çıxıb


 

“Kodeks Kumanikus” haqqında ilk monoqrafiya çıxıb<b style="color:red"></b>

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyevin “Codex Cumanicus” və kuman dilinin leksikası” adlı monoqrafiyası çap olunub.

525.az xəbər verir ki, monoqrafiya XIII-XIV əsrlərdə Krım bölgəsində italyanlar tərəfindən latın əlifbasında tərtib edilmiş “Kodeks Kumanikus” (Codex Cumanicus) lüğətinin kuman (qıpçaq) leksikasının tədqiqinə həsr edilib. O dövrün nadir və həcmli lüğətlərindən olan “Kodeks” qıpçaq türklərinin dili ilə yanaşı, mədəni və məişət həyatını öyrənmək üçün də xeyli qiymətli materialı ehtiva edir.

Kitabda “Kodeks”in dilində işlənmiş leksik vahidlər tarixi dilçilik prizmasından təhlil edilir, milli leksikanın nisbəti müəyyən edilir, alınma sözlərin qıpçaq dilinə keçdiyi dövrlərə və dilə gəlmə səbəblərinə toxunulur. Həmçinin “Kodeks”də kuman lüğətinin tematik bölgüsü verilir, dini leksika, dini məna yüklənmiş milli sözlər, kumanların məişət həyatında xəzərlərin izləri, qədim türk inanclarının dildə qalıqları kimi məsələlər tədqiqata cəlb edilir. Eyni zamanda kuman dilində söz yaradıcılığı müxtəlif aspektlərdən işıqlandırılır.

Ölkəmizdə bu sahədə ilk sistemli elmi araşdırma hesab edilən monoqrafiyanın elmi redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Kazımov, rəyçiləri K.Bəşirov, İ.Cəfərov,   Z.Teymurlu və N.Qafarovdur.

Monoqrafiya mərhum professor Məmmədəli Novruzovun əziz xatirəsinə həsr olunub.


 

 





27.03.2023    çap et  çap et