525.Az

Elektron ödənişlər həyatımızda necə rol oynayır?


 

Elektron ödənişlər həyatımızda necə rol oynayır?<b style="color:red"></b>

Pandemiya iş və həyat tərzindən tutmuş xidmət sahələrinə qədər, demək olar, hər şeyi dəyişdi. Daha heç nə əvvəlki kimi olmayacaq. Neçə illərdən bəri adət etdiyimiz bir çox vərdişlərimizlə vidalaşmaq, yeni vərdişlər mənimsəmək, necə deyərlər, zamanın tələbidir.

Pandemiya dövründə daha çox populyarlıq qazanan xidmət sahələrindən biri də onlayn ticarət və elektron ödəmə sistemləri oldu. Əslində, elektron ödəmələr əhaliyə vaxta qənaət, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qorunmaq, saxta əskinaslarla hesablaşmamaq, internet üzərindən mal almaq və ya kommunal xərcləri ödəmək imkanları yaradır, ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşma riskinin aradan qaldırılması, qalıq məbləğin müştəriyə qaytarılması üçün kiçik əskinaslara ehtiyacın yaranmaması üstünlüyü verir. Zaman keçdikcə  İT-nin  inkişafı və insanların bu sahəyə marağı   şübhəsiz ki, onlayn ödənişlərin genişlənməsinə təsir göstərir. İqtisadçıların araşdırmaları göstərir ki, yaxın bir neçə ildə bu, ikiqat artacaq və bütün pərakəndə əməliyyatların təxminən 20 faizini təşkil edəcək. Bir çox sahibkar üçün onlayn ticarət imkanı yeni müştərilər cəlb etmək üçün də əlverişli yoldur. Bunun sayəsində onlar təkcə yerli alıcılara deyil, xarici ölkələrə də çıxış imkanı əldə edirlər.

Bəs elektron ödənişlər ölkə iqtisadiyyatına necə təsir göstərir? Mütəxəssislər qeyd edirlər ki, bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır ki, bu da ölkə iqtisadiyyatının  maliyyə intizamını gücləndirir. Büdcəyə toplanan vəsaitlər isə əhalinin sosial rifahına yönəldilir.

Elektron ödənişlər, eyni zamanda, makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır ki, bu da kölgə iqtisadiyyatının səviyyəsinin azalması deməkdir.

Marketinq üzrə aparıcı mütəxəssis Ayşən Həsənova "525"ə açıqlamasında onlayn ödənişlərin həyatımızda böyük rol oynadığını vurğulayıb: "Hazırda mobil tətbiqlərin və onlayn ödəniş  platformaların həyatımızda rolu böyükdür. Elektron ödənişlərin sayını nəzərə alsaq, görərik ki, günün istənilən saatında və tez bir zamanda ödənişləri sürətlə həyata keçirmək mümkündür. Bunun üçün ya elektron pulqabı, ya da bank kartlarının balansını artırıb onlayn ödəniş etmək olar. Müştərilərimizin NFC və smartkart kommunal ödənişləri onlayn edə bilməməsi çətinliyini görüb, bu funksionallığı ölkəmizdə ilk dəfə MPAY mobil tətbiqi ilə reallaşdırdıq. Beləliklə, sürət və etibarlılıqla yanaşı, müştərilərimizə əlavə dəyər qatdıq. Artıq insanlar bununla hansısa terminala yaxınlaşmadan, kommunal mərkəzlərinə getmədən, evdə oturaraq da istənilən ödəniş əməliyyatını həyata keçirə bilir. Həmçinin, onlayn  ödənişlərdə olan bonuslar, kəşbeklər də müştərilərdə ciddi maraq yaradır. Vətəndaşlara  məsləhət görərdik ki, ödənişlər edərkən etibarlı  mənbələrdən, saytlardan istifadə etsinlər. Eyni zamanda, mobil  telefona yüklənən tətbiqlərdə  sistem dəqiqliklə quraşdırılmalıdır ki, hansısa anlaşılmazlıq yarananda tez bir zamanda xəbər tuta bilsinlər".

Sonda bir məqamı da qeyd etməliyik ki, əhali istehlak xərclərinin əksər hissəsini nağd formada həyata keçirir. Bunu aparılan araşdırmalar da təsdiqləyir.  Azərbaycanda əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılmasına üstünlük verilir. Ekspertlər bunu vergidən yayınmaya zəmin yaradan amillərin olması, bank xidmətlərinin çeşidinin azlığı və xərclərin yüksəkliyi, əhalinin maliyyə savadlılığı səviyyəsinin yetərli olmaması, banklara və elektron ödəniş sisteminə ictimai inamın zəifliyi ilə izah edirlər.

Havar ŞƏFİYEVA

 





28.03.2023    çap et  çap et