525.Az

Dünya çempionatının siyasi cizgiləri


 

Dünya çempionatının siyasi cizgiləri<b style="color:red"></b>

''Futbol paytaxtı'' Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı Almaniyanın qələbəsi ilə başa çatdı. Hər bir böyük idman yarışı kimi bu tədbir də idman tarixinə yazılmaqla yanaşı siyasi məqamlarla da yadda qaldı.

İlk növbədə bütün dünya ictimaiyyəti Braziliyada futbolun bayram kimi qeyd olunacağını gözlədiyi halda, ard-arda tətil və etirazların keçirilməsi təəccüb doğurdu. Hələ çempionat başlamazdan öncə yerli əhali infrastruktur layihələrinə sərf edilən vəsaitin sosial ehtiyaclara yönəldilməsi tələbi ilə böyük nümayişlər keçirirdilər. Bununla Latın Amerikasının iqtisadi nəhəngi Braziliyanın qlobal səhnədə iddia etdiyi mövqenin ölkə əhalisi tərəfindən nə qədər dəstəklənməsinə də aydınlıq gəlmiş oldu. Belə ki, yaxın gələcəkdə dünyanın iqtisadi gücləri arasında ilk beşliyə daxil olmağı hədəfləyən Braziliya BMT Təhlükəsizlik Şurasının da daimi üzvü olmaq iddiasındadır. XXI əsrin siyasi arxitekturasında qlobal oyunçu olmaq istəyən Braziliya bu dünya çempionatında sanki ilkin testdən keçirdi. Dünya çempionatı özü-özlüyündə qlobal miqyaslı tədbirdir. Belə olan halda yerli əhalinin etirazları qloballaşma əleyhinə addım kimi də qiymətləndirilir. Beləliklə, Braziliyanın dünya səhnəsində iddia etdiyi mövqe ilə əhalinin münasibətinin hələlik üst-üstə düşmədiyi müşahidə edilir.

Çempionata ev sahibliyi edən Braziliya komandasının oyunları siyasi müstəvidə özünəməxsus cizgilərə malikdir. Burda əsas rəqabət Amerika qitəsi daxilində nəzərdən keçirilir. Birincisi, əgər Braziliya öz evində Uruqvayla qarşılaşıb məğlub olsa idi, yəqin ki, bu ölkədə hakimiyyət böhranına səbəb ola bilərdi. Çünki, 1950-ci ildə Braziliya müharibədən sonra ilk dünya çempionatına ev sahibliyi edərkən Braziliya futbolçularının Uruqvay milli komandasına məğlub olması bu ölkə tarixində ən böyük faciələrdən sayılır. Ona görə də Braziliya-Uruqvay qarşıdurması hər iki ölkə vətəndaşları tərəfindən siyasi əhəmiyyətə malik hadisə hesab olunur. Lakin hazırkı çempionatda Uruqvayın Kolumbiyaya uduzması bu təhlükəni uzaqlaşdırdı. Əvəzində Braziliyanın dörddə birdə Kolumbiya ilə oyunu şərhçilər tərəfindən ''kofe mübarizəsi'' kimi qiymətləndirildi.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən kofe istehsalına görə dünyada birinci Braziliya, ikinci isə Kolumbiyadır. Çempionatda da ''kofe oyunu''nda yerlər dəyişmədi. Braziliya qalib gəldi. Əgər Braziliya finala çıxa bilsəydi Latın Amerikasında liderlik uğrunda mübarizənin də şahidi ola bilərdik. Ancaq finalda Amerika qitəsini nüfuzunu Argentina təmsil etdi.

Futbol çempionatı Avropa ölkələrinin mövqeyi baxımından maraqlı oldu. Bu çempionat da göstərdi ki, qlobal böhranın əsas halqası Avropadır. Avropa ölkələri dünyada maliyyə-iqtisadi, mədəniyyət, beynəlxalq hüquq, ədalət böhranı ilə yanaşı futbol böhranından da əziyyət çəkdiklərini nümayiş etdirdilər. Belə olmasaydı İspaniya, İngiltərə, İtaliya kimi ölkələr qrupda qalmazdı. Doğrudur Almaniya çempion olmaqla ''Qoca qitə''nin imicini qorudu. Ümumiyyətlə Almaniya son illər II dünya müharibəsindən sonra ilk dəfə özünəməxsus siyasi, iqtisadi siyasət xətt həyata keçirir. Belə ki, Almaniya "ərəb oyanışı” proseslərində digər Qərb tərəfdaşlarından fərqli olaraq hadisələrdən kənar qalmağa üstünlük verdi. Daha sonra Ukrayna hadisələri  zamanı da Almaniya məhz öz milli maraqlarına uyğun hərəkət etdi. Almaniya Rusiyanın karbohidrogen ehtiyatlarından asılılığı nəzərə alaraq Ukrayna hadisələrinə münasibətdə liberal mövqe ortaya qoydu. Almaniya Rusiya ilə əməkdaşlığına hər hansı üçüncü dövlətdən yana zərər gətirmək istəmir. Digər tərəfdən son günlər Almaniya ilə ABŞ arasında müəyyən problemlərin yaşandığının şahidi oluruq. Almaniya ABŞ tərəfindən güclü agentura nəzarətinə etiraz etməyə başladı. Əslində II dünya müharibəsindən sonra belə bir nəzarətin olması heç kimə, o cümlədən alman rəsmilərinə sirr deyildi. Sadəcə ilk dəfə olaraq Almaniya buna rəsmi etirazını nümayişkaranə şəkildə bildirdi. Beləliklə, kifayət qədər müstəqil görünən bu siyasi xətt sanki komanda çempion olmaqla öz məntiqi nəticəsini tapmış oldu.

Qrupdan çıxan Avropa komandaları arasında oyunlar da siyasi çəkisinə görə əhəmiyyətli idi. Bu mənada Almaniya-Fransa qarşıdurması bütün dünyanın diqqətini özünə cəlb etmişdi. Maraqlı məqam isə daha çox ondan ibarət idi, bəlkə də tarixdə ilk dəfə fransızlar Almaniya komandasına azarkeşlik etmişdilər. Doğrudur bu Almaniyanın Fransa ilə deyil Əlcəzairlə görüşü zamanı olmuşdur. Belə ki, dünya çempionatı tarixində ilk dəfə qrupdan çıxan Əlcəzair yığmasının azarkeşləri Fransada bu qələbəni iğtişaşlarla qeyd etdilər. Marsel və ətrafdakı şəhərlərdə Əlcəzair əsilli miqrantların qələbə sevinci fransızlar tərəfindən heç də müsbət qarşılanmadı. Ona görə də Almaniya ilə Əlcəzair oyununda fransızlar öz əzəli rəqibləri olan Almaniyaya azarkeşlik edirdilər.

Ümumiyyətlə, Əlcəzairin XX dünya çempionatının siyasi meydanında ən mühüm cizgi olduğunu desək, zənnimcə, yanılmarıq. Bu yığmanın bütün əsas oyunçularının Fransada anadan olanlar olması məsələyə siyasi rəng qatırdı. Fransada artıq bütöv bir komanda formalaşdıra biləcək qədər miqrant nəslin yetişməsi və onların öz ana vətənlərini seçməsi Avropanın artıq bu yeni sakinlərlə hesablaşmaq zərurətini ortaya qoyur. Bu çempionatda Fransa yığmasının Əlcəzair əsilli ulduz Kərim Benzamasız necə təsir bağışlayacağı da bir ayrı məsələdir. Ümumiyyətlə, Fransa yığma komandasının 23 nəfərlik heyətindən 12-si Afrika əsillidir və onlardan əksəri müsəlmandır. Avropanın köklü ölkələrindən biri olan Fransa artıq özünü müsəlman azlığının artan mövqeyi ilə üz-üzədir. Xüsusən də, Fransanın Aralıq dənizi sahillərində müsəlman miqrantlar böyük siyasi çəkiyə malikdirlər.

Əlcəzair millisinin futbolçularının fərdi hərəkətləri də siyasi cizgiləri ilə yadda qaldı. Belə ki, bəzi ərəb iş adamları və sənətçiləri DÇ-2014-də Əlcəzair milisinin futbolçularının vurduğu hər qola görə pul mükafatı, qələbəyə görə isə son model avtomobil hədiyyə edəcəklərini açıqlamışdılar. Yığmanın oyunçusu İslam Slimani isə özünün və komanda yoldaşlarının bu mükafta ehtiyacı olmadığını və onlara veriləcək pulun Fələstin xalqına göndərilməsini istəyib. Bu da islam aləmində çox da aktiv olmayan Əlcəzair dövlətinin oyunçularının müsəlman təəssübü kimi qiymətləndirilmişdir.

Bu dünya çempionatında siyasi olaraq yadda qalan digər cizgilər də olmuşdur. İran komandasının açıq geyinən qadın azarkeşləri, Braziliyaya turist vizası ilə gələn 200-ə qədər Qana vətəndaşının qaçqın statusu almaq üçün müraciətləri, Şimali Koreyanın rəsmi televiziya kanalında bu ölkənin millilərinin çempion olması haqqında montaj kadrların yayılması Braziliyada keçirilən dünya çempionatından yaddaşlarda qalmışdır.

Beləliklə, XX dünya çempionatı qlobal miqyasda siyasi hadisələrlə zəngin bir hadisə kimi tarixə qovuşdu. Yeni dövrdə artıq müstəqil siyasət həyata keçirməyə başlayan Almaniyanın qələbəsini təsadüfi hesab etmək olmaz. Avropanın siyasi xəritəsində yaranmaqda olan yeni qüvvələr balansı futbolda artıq öz liderini tapmış oldu.

Ərəstü Həbibbəyli,
iqtisadiyyat üzrə fəlsəfə doktoru

 





15.07.2014    çap et  çap et