525.Az

Ramazan ayının mənası nəfsin tərbiyəsidir - Sosial şəbəkədə yazılanlar


 

Ramazan ayının mənası nəfsin tərbiyəsidir - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Natiq Cəfərli, iqtisadçı ekspert:

- Bütün səmavi dinlərdə, hətta səmavi olmayan buddizmdə də müəyyən zaman kəsimində yeməkdən və sudan imtina ənənəsi var. Qədim Misirdə, digər qədim sivilizasiyalarda da bənzər rituallar və ənənələr olub. Könüllü olaraq müəyyən zaman kəsimində yeməkdən, sudan imtinanın bütün din və konfessiyalarda fəlsəfəsi insanlarda nəfsin tərbiyəsidir. Öz nəfsinə hakim ola bilməyən insan digərlərinin haqqına girir, dəyərlərini nəfsinə qurban verir.

İslamda Ramazan ayının mənası məhz nəfsin tərbiyəsidir, Yaradanın bizdən istədiyi də məhz insan olmağımızdır. Yəni Ramazan ritual deyil, ürf deyil, ənənə deyil, məhz ciddi fəlsəfəsi olan Allahın lütfüdür. Bu lütfü anlayaraq, inanaraq, şəklini deyil də, mənasını dərk edərək yaşamaq lazımdır.

Bütün inanclı insanları Ramazan ayının başlaması münasibəti ilə təbrik edirəm, Allah oruclarını, dualarını qəbul eləsin! Amin!

 

Natiq Məmmədli, Medianın İnkişafı Agentliyinin şöbə müdiri:

- Türkiyənin qələbəsi ilə başa çatan Ermənistanla oyunda "Nemezis" şüarı qaldırıldı. "Nemezis" Ermənistanın dövlət səviyyəsində türklərə qarşı həyata keçirdiyi və Fransa tərəfindən dəstəklənmiş silsilə terror əməliyyatının adıdır. Onun ilk qurbanı Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski olub. Bu, onların tarixi unutmadıq mesajıdır. Biz də unutmayaq!

 

Qoşqar Məhərrəmov, müəllim:

- Bu aralar fürsətim oldu, Texasda xeyli şəhər gəzdim. Diqqətimi çəkənlər:

- Yollarda çox sayda xəzdərili yabani heyvanlar avtomobillər tərəfindən vurulur

- Yol kənarları, yəni çiyinləri, qıraqları kirlidir

- Texasda aqro sahə möhtəşəmdir, ucsuz-bucaqsız əkin sahələri və iribuyunuzlu heyvanlar var

- İnsanlar sıx yaşamır və bunu sevmir, insan fitrətinə zidd sayır

- İnsanlar ictimai yerlərdə qətiyyən əsəbləşmir

- Yollarda post patrul məntəqələri yoxdur

- Sürətə görə kamera ilə avtomatik cərimə məsələsi yoxdur

- Nəzarət kameraları var

- Təhsil müəssisələri ətrafındakı evlərin qiymətinə birbaşa təsir edir

- Abituriyentlər ali təhsili həyatda uğur qazanmağın şərti kimi görmürlər

- Valideynlər çox praqmatik və rasion

aldır, övladına kiçik yaşlardan öhdəliklər verir, lisey yaş həddində artıq bir çox şagird işləyir

- Çox uğurlu şagirdlər təqaüd tapa bilir, digərləri imkanı yoxdursa, qəbul olsa belə ali təhsil ala bilmir. Bir qismi əvvəlcə işləyir pul yığır, sonra qaldığı yerdən ali təhsilə davam edir.

 

Etibar Əliyev, millət vəkili:

- LEKLEZİONUN CAVABI

- Deyirlər ki, Sizin əsərləriniz Nobel mükafatına layiqdirlər. Təsəvvür edin ki, sabah siz onu alırsız. Təltifetmə mərasimində nə deyərdiniz?

Leklezionun cavabı: "Biz Sartr dövründə olduğu kimi o qədər də sadəlövh deyilik ki, romanı həyatı dəyişəcək bir şey hesab edək. İndi yazıçılara yalnız öz siyasi gücsüzlüyünü etiraf etmək qalır. Sartrı, Kamünu, Dos Passosu və yaxud Steynbeki oxuyarkən, görürsən ki, bu yazıçılar insanın seçilmiş olduğuna və ədəbiyyatın gücünə inanırdılar. Bizim vaxtımızda daha buna inana bilmərik. Müasir ədəbiyyat - ümidsizliyin ədəbiyyatıdır... amma mən bir şey haqqında ucadan danışmaq istərdim. İlk növbədə müharibələrdən. Orda uşaqlar ölür. Məndən ötrü bu, əsrimizin ən dəhşətli hadisəsidir..."

Və Jan-Mari Qüstav Leklezio 2008-ci ildə Nobel mükafatına layiq görüldü.

 

Vüsal Məmmədov, jurnalist:

- Bu gün vaxt tapıb, "GPT-4" ilə 3 stəkan çay içdim. Gözlədiyim kimi də oldu: Maraqlıdır, əyləncəlidir, amma intellekt deyil. Həmsöhbəti imitasiya edən fövqəlmaşındır, fəqət bütün hallarda maşındır. Heç bir suala internetdə tapıla bilinəndən fərqli cavab vermir. Mən Allah haqqında, Yerdənkənar sivilizasiyalar barədə, Süni İntellektin gələcəyi ilə bağlı suallar verdim. İnsanı düşündürəcək, təəccübünə səbəb olacaq heç bir cavab almadım. Düzdür, cavablar konkret heç yerdən kopyalanmır, amma müxtəlif mənbələrdən alınmış fikirlərin kompliyasiyası olması açıq-aşkar hiss edilir. Yəni GPT-4 əlimizdə olan köhnə kərpiclərdən yeni bir ev tikir, ora təzə, fərqli bir daş qoymur. Yeni fikirlər istehsal eləmir. Əldə olanlardan nəsə quraşdırır. Hər halda, mən fərqli heç nə görə bilmədim. Üstəlik, son dərəcə politkorrekt olması adamı qıcıqlandırır. "Sən Süni İntellektsən e, gələcəkdə deputat olmaq ümidilə AzTV-də çıxış edən "politoloq" deyilsən, özünü bu qədər çərçivəyə salma" deməkdən özümü saxlaya bilmədim. Zarafatımı da başa düşmədi vicdansız.

 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ermənisayağı xəbər.

Erməni saytları yazırlar ki, itmiş hay əsgərinin axtarışına çıxan iki rus sərhədçisi yüngülvari zədə alıb. Və Rusiya tərəfin mümkün təkzibindən sığortalanmaq üçün dərhal qeyd edirlər ki, bu, güllə yarası deyil.

Sonra da bildirirlər ki, rus sərhədçiləri  Azərbaycan tərəfin atəşkəsi pozduğu vaxt yaralanıblar.

Soruşan gərək, ay həpənd, əgər güllə yarası deyilsə, Azərbaycan əsgərinin məsələyə nə dəxli var?

Amma xəbərdən alınan ümumi təəssürat belədir ki, rus sərhədçisinin haradasa yıxılıb başını əzməsinin, yaxud alnını kol-kos cızmasının səbəbkarı Azərbaycan tərəfidir.

Dünyada ikinci belə rəzil toplumu təsəvvürə gətirmək mümkün deyil!

Bu, hələ şıllaq atdıqları Rusiya nümayəndəsidir, gör lap doğma ağaları saydıqları firəngin, ya hollandın burnu qanasa, nə pəstaha çıxaracaqlar?

Amma təbii ki, belə vay-şüvən əsgərimizi qorxutmaz!

 

Xaqani Səfəroğlu, jurnalist:

- Oqtay Əliyevin vəfatı xəbərini ilk dəfə eşidəndə nədənsə 1999-cu ili xatırladım. "SOY" şirkətinin "Spays" TV-də layihəsində kinoviktorina olurdu, sual verirdilər, cavabı tez zəng edib deyənə hədiyyə verirdilər. Redaksiyada proqrama baxanda verilən sualı bilmədim. İş yoldaşım Eldənizlə birgə tanıdığımız aktrisa Həmidə Ömərovaya zəng vurub cavabı soruşduq. Dedi... SOY-u yığıb cavabı dedim. Teatra bilet hədiyyə qazandım. Hədiyyənin dalınca Çapayevdəki ofisə gedəndə Oqtayı gördüm. "Sağ ol ki, milli kinolarımızı bilirsən" dedi...

Mən isə heç nə demədim... Teatra da getmədim.

Sonra onu "Yeni Ulduz" mahnı yarışmasında gördüm. Bu iddialı layihə ətrafında olan bütün hay-küyə, kinayəli atmacalara baxmayaraq, Oqtay Azərbaycan estradasına yeni səslər gətirdi.

Bu gün onların böyük bir nəsli efirlərdədir.

Oqtayın bu illərdə TV-də xeyli layihələri oldu. Uğurlusu, "tutmayanı"... Yaradıcılıq vulkan kimidir. Püskürən vaxtı, susan zamanı olur.

Oqtay Azərbaycanda şou-biznesdə prodüserlik məktəbinin ilk pionerlərindən idi.

Heç vaxt Oqtayla canlı üz-üzə görüşmədik. Amma sosial şəbəkədə tez-tez müzakirə aparırdıq. Statuslara reaksiya verir, şərh yazır, fikrini bildirirdi.

Hərdən mənə elə gəlirdi ki, Oqtayı şəxsən tanıyıram. Qəzavü-qədər imkan versəydi, yəqin ki, təklif etdiyi çay stolunda onunla yeni ideyaları da müzakirə edəcəkdik. Maraqlı və kreativ adam idi. Fani dünyada ömrü qısa, ölümü qəfil oldu.

 

Fazil Mustafa, millət vəkili:

- Türkiyəmiz Ermənistanda sahəyə çıxır. Ümid edirəm ki, bu zorlu səfəri uğurla başa vurarlar. Xatirimə 50 il öncəsi düşdü. Atam-anam və bir qohumumuzla İrəvana getmişdik. 1971-ci ildi, səhv etmirəmsə. Bağçadan icazə almışdılar mənə görə. Qatarın dönüşü gec saatlarda idi. Qərara aldıq ki, qohumum, xanımı və anam vağzalın oturacağında gözləsinlər, atamla mən "Razdan" stadionuna "Ararat" - "Neftçi" oyununa baxmağa getdik. Xatırlayıram ki, bizimkilərin bir qolunu ofsayda görə saymadılar. Komandamız 0:2 uduzdu və çox məyus şəkildə vağzala geri döndük. Səsimizi də çıxarmırdıq ki, stadionda bizi tanımasınlar. Nə bilmək olar, bir də sərbəst şəkildə bu tarixi vətənimizdə futbol seyr etmək və qələbəyə şahid olmaq bizlərə nəsib olacaq.

 

İradə Tuncay, Əməkdar jurnalist:

- Bir gün yaranmışlar köçəcək bir gün,

Can torpaq altına olacaq sürgün,

Tapdaqdan, dannaqdan qalan ömür, gün,

Çətin ki, Alını yarıda dünya...

Dünya rədifli qoşmalar bizim xalq ədəbiyyatında çox yayğındı...

Susdum, gözlədim rok-qrupun oxuyub partlayış halına gətirdiyi mahnıya... Yəni şəbəkədə partlayış... Normaldı, məncə -qoşmanın öz ritmi var, musiqinin öz ritmi... Səməd Vurğunun Dünya şeiri və Məmməd Arazın Dünya sənin... rədifli qoşması çox populyar oldu. Səbəbi desəm... intellekt...

Hər iki şair folklordan yuxarı qalxa bilmişdilər. Səviyyə fərqli idi... Təhsil məsələsi vardı. İndi belə təəccübə təəccüb edirəm. Hərdən oxuyun... Kitab yəni...Kitab oxusaz, mahnı da tutacaq...

Nə ömrə acıyır, nə yaşa dünya...

 

Asif Nərimanlı, jurnalist:

- Rusiya MN-nin məlumatına görə, Azərbaycan Ordusu bu gün şərti olaraq 2054,0 yüksəkliyi adlanan strateji nöqtəni (Sarıbaba dağından 2,9 kilometr şimal-şərqdə) azad edib. Hazırda azad olunmuş yüksəklikdə mühəndislik işləri aparılır.

Əməliyyat heç bir itki vermədən səssiz şəkildə həyata keçirilib. Nəticədə Ermənistandan Xankəndinə gələn yeganə dağ-meşə yolu nəzarətə götürülüb. Erməni mənbələr bununla Qarabağdakı separatçıların heç bir alternativ yolunun qalmadığını yazır.

lll

Xankəndindəki separatçılar Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini təsdiq edir.

Erməni deputat, hərbi ekspert Tiqran Abramyan deyir ki, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Qarabağ üçün (separatçıları nəzərdə tutur) strateji əhəmiyyət daşıyan yol nəzarətə götürülüb: "Azərbaycanlılar əvvəlki mövqelərinə qayıtmasa, Qarabağda (separatçılar üçün) vəziyyət hər cəhətdən pisləşəcək".

Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhalisi arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir.

 





28.03.2023    çap et  çap et