525.Az

Faktların həqiqət işığı - İlham Rəhimli yazır


 

TANINMIŞ TELEVİZİYA APARICISI RAHİB AZƏRİYƏ AÇIQ MƏKTUB

Faktların həqiqət işığı - <b style="color:red"> İlham Rəhimli yazır</b>

Rahib bəy, salam!

21 mart 2023-cü ildə İctimai Televiziyada "Yaddaş" filminə baxdım. İlk andan sevinirdim ki, Azərbaycanın Xalq artisti, qüdrətli rejissor Tofiq Kazımov barədə sənədli-bədii filmə böyük əmək sərf etmisiniz. Təəssüf ki, film adlandırdığınız  yaradıcılıq işi kino janrının vacib bədii-estetik prinsiplərinə tam cavab vermir. "Yaddaş" adı ilə təqdim olunan verilişə tamaşa edə-edə çox-çox rahatsızlıq keçirdim və tədricən sevincim kədərlə əvəzləndi. İlk növbədə Sizin kimi öz cazibəli idmi (dəbdə olan "imic" sözü Azərbaycan türkcəsində belə adlanır), efir "obrazı", səmimi danışığı, aydın və koloritli ləfzi olan səriştəli, təcrübəli televiziya aparıcısının öz verilişində xeyli yanlışlıqları həqiqət kimi təqdiminə təəccübləndim. Açıq-aydın hiss olunurdu ki, mövzunu dərindən öyrənməmisiniz. Çox götür-qoy etdim və nəhayətdə bu qənaətə gəldim ki, qeydlərimi Sizə mətbuat vasitəsilə çatdırım. Gələcək yaradıcılıq axtarışlarında irili-xırdalı faktların təqdimində mütləq, daha məsuliyyətlə dəqiqləşdirmə aparasınız. Sizin buna peşəkarcasına nail olmağınız üçün istedad və bacarığınız, prinsipiallıq və tələbkarlığınız, məncə, kifayət qədərdir.

1. "Yaddaş"ın təqdimində bir neçə dəfə ekranın aşağısında sol tərəfdə filmin adı belə verildi: "Yaddash". Azərbaycan türkcəsində "ş" hərfi niyə ingilis əlifbasının qaydasında verilib: "sh". Bu qüsura bəlkə də İTV yol verib. Dəqiq deyə bilmərəm, ancaq hər halda səhv səhvdir. Həm də axı Siz "Yaddaş"ın müəllifisiniz...

2. Tofiq Kazımovun atası Səməd Mənsurun şairliyini, mühərrirliyini, aktyorluğunu ötəri sözlərlə, adi səhnə həvəskarı kimi təqdim etdiniz. Sizin təbirinizcə gənc Səməd kənddə tay-tuşları ilə səhnəciklər hazırlayıb. Bakı fəaliyyətinə də ötəri qiymət verdiniz. Nəzərinizə çatdırım ki, Səməd Mənsur "Nicat" (1906-cı ildə yaranıb), "Səfa" (mədəni-maarif cəmiyyəti 1910-cu ildə, onun nəzdində eyniadlı teatr truppası 1912-ci ildə yaranıb), "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" (əksər vaxtlarda mətbuatda və afişalarda "Müdiriyyət" kimi təqdim olunub. 1916-cı ildə fəaliyyətə başlayıb) teatr dəstələrində aktyorluq edib. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə, Mirzağa Əliyev, Mirmahmud Kazımovski kimi sənətkarlarla yöndaş olub. Gavə, Fəttah ağa ("Dəmirçi Gavə" və "Əhdə vəfa, yaxud arnaudlar", Şəmsəddin Sami), Həsən ("Əl Mənsur", Henrix Heyne), Musa ibn Nəsir ("Tariq ibn Ziyad", Əbdülhəq Hamid), Qəzetçi Rza ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Əsgər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Yerlamov və Baqration ("Napoleon müharibəsi və yaxud Moskva yanğını", K.  Baxmetov), Harun ər Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq) və neçə-neçə bu kimi rollar ifa edib. Onun "Köhnə və təzə il", "Aktyor", "Dərviş" pyesləri müxtəlif truppalarda, Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında tamaşaya qoyulub. Şamaxı və Gəncədə "Nicat"ın xətti ilə qiraətxanalar açılmasında fəallıq göstərib. "Səfa" məktəbində müəllimlik edib. "Şeypur" jurnalının naşiri olub (5.10.1918 - 2.1.1927). "Səfa" teatr truppasının təşkilində və formalaşmasında Cahangir Zeynalovla birgə böyük fəallıq göstəriblər. Şəmsəddin Saminin "Dəmirçi Gavə" və "Əhdə vəfa, yaxud arnaudlar" pyeslərini Azərbaycan türkcəsinə çevirib və həmin əsərlər uzun illər dəfələrlə tamaşaya qoyulub. 15 noyabr 1913-cü ildə "Səfa" mədəni-maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun yaradıcılığının 40 illik yubileyini qeyd edəndə tədbirin əsas təşkilatçılarından biri Səməd Mənsur olub. Yubileyin bədii hissəsində Cahangir Zeynalovun quruluşunda "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası göstərilib. Səməd Mənsur tamaşada Hacı Salman rolunda çıxış edib.

Bunları niyə xatırladıram: axı Sizin filminizin adı "Yaddaş"dır!

3. Deyirsiniz: "Səməd Mənsur 1927-ci ildə vəfat edir. Həmin o illərdə teatrın (bugünkü Milli Dram Teatrının - İ. R.) rejissoru Hacıağa Abbasov idi. O, Səməd Mənsurun ailəsinə dəvətnamələr göndərərdi. Tofiq Kazımov hələ balaca olanda anası ilə bu tamaşalara gedərdi".

Hörmətli Rahib bəy! Əvvəla, səhnəyə ilk dəfə 1905-ci ildə çıxan Hacıağa Abbasov teatrda rejissor olmayıb, aktyorluqla yanaşı 1925-1929-cu illərdə direktor işləyib. Onun direktorluğu dövründə Tofiq Kazımovun 2-6 yaşı olub. Təbii ki, həmin dövrdə bu yaşda uşağı axşam tamaşasına buraxmazdılar. 1929-1937-ci illərdə isə Hacıağa Abbasov Bakı Türk Teatr Texnikumunun (mətbuatda Teatr Məktəbi kimi də təqdim edilib) direktoru olub.

4. Deyirsiniz ki, Tofiq Kazımov 1942-ci ildə müharibəyə gedib və müharibə qurtarandan sonra, 1945-ci ildə Bakıya qayıdıb. Məlumunuz olsun ki, Tofiq Kazımov Bakı Türk Teatr Texnikumunu 1942-ci ildə bitirdikdən sonra müharibəyə gedib və ağır yaralandığına görə 1943-cü ildə ordudan tərxis olunub. Yaralarının izləri sağ əlində görünürdü və bu, sənətkarla yaxından ünsiyyət saxlayanların yaddaşlarında yaxşı qalıb. Müharibədən qayıdandan sonra Gənc Tamaşaçılar Teatrında aktyorluq edib və iki-üç adi rol oynayıb. Ancaq siz iddia edirsiniz ki, Moskvada ali təhsil alıb qayıdandan sonra bir müddət Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Sonra da qətiyyətlə, özünüzə inamla deyirsiniz: "1950-ci ildə institutu bitirib Bakıya qayıdır. Ancaq hələ teatr mühitinə daxil olmaq üçün diplom müdafiə etməlidir". Aktyorluq hara, diplom tamaşası hazırlamaq hara?.. Axı bu heç adi məntiqə sığmır...

"Niyəsini" deyim. Əzizim Rahib bəy! Rejissorluq təhsili alanlar üçün diplom tamaşası hazırlamadan institutu bitirmək olmur. Məzuna diplom yalnız quruluş verdiyi tamaşa hazırlanan teatrın repertuarına daxil olandan və həmin iş ali məktəbin xüsusi komissiyası tərəfindən yüksək qiymətləndiriləndən sonra təqdim edilir. Tofiq Kazımovun diplom tamaşası isə 1951-ci ildə göstərilib və bir qədər aşağıda bu barədə qeydlərimi nəzərinizə çatdıracam.

5. Deyirsiniz ki, Tofiq Kazımov GTT-nin baş rejissoru Aleksandr Tuqanovun tövsiyəsi ilə Moskvaya ali təhsil almağa gedib. Tuqanov həmin dövrdə teatrın rus truppasının baş rejissoru idi, Azərbaycan truppasına isə rəhbərliyi Məhərrəm Haşımov edirdi. Yusif Yulduz (1927), Həbib İsmayılov (1927), Ələsgər Şərifov (1930), Soltan Dadaşov (1931), Həsən Əliyev (1933), Baxşı Qələndərli (1934), Ağəli Dadaşov (1935), Ədil İsgəndərov (1936), Həsən Ağayev (1936), Məhərrəm Haşımov (1936), Kərim Həsənov (1939), Mehdi Məmmədov (1940) Moskva və Peterburqda ali rejissorluq təhsili alıb Azərbaycana qayıtmışdılar, müxtəlif teatrlarda çalışırdılar. O dövrdə Xalq Maarif Komissarlığı yanında İncəsənət İşləri İdarəsi vardı (hələ Mədəniyyət Nazirliyi təsis edilməmişdi) və həmin qurum azərbaycanlı gənclərin rejissor təhsili almaları üçün səmərəli işlər görürdü. Tofiq Kazımov məhz dostları Mehdi Məmmədovun, Soltan Dadaşovun, Məhərrəm Haşımovun tövsiyəsi və İncəsənət İşləri İdarəsinin göndərişi ilə Moskvaya getmişdi.

6. Sənətkarın yaradıcılıq xronologiyasından pafosla danışanda da mətləblərdə qaranlıqlar, dolaşıqlar yarandı. Tofiq Kazımov Anatoli Lunaçarski adına Ümumittifaq Teatr Sənəti İnstitutunun son kursunda oxuyanda diplom tamaşasını Milli Dram Teatrında hazırlayıb. Sənət ocağı o vaxt Azərbaycan Dövlət Dram Teatrı adlanırdı, ancaq el arasında sadəcə Azdrama deyilirdi. Kazımovun tamaşaya hazırladığı pyes milliyyətcə Azərbaycan türkü olan, Türkmənistanın Xalq yazıçısı Hüseyn Muxtarovun "Allanın ailəsi" əsəri idi. Reissor bu əsəri 30 oktyabr 1951-ci ildə "Ailə namusu" adıyla tamaşaya qoyub. Onun iş prinsipi, novator düşüncəsi teatrın baş rejissoru Ədil İsgəndərovun çox xoşuna gəlib. Buna görə də italyan dramaturqu Karlo Qoldoninin "Məzəli hadisə" komediyasının quruluşunu Kazımov tələbə ola-ola ona həvalə edib. Yaradıcılıq işinə görə tələbə Kazımova qonorar da verilib. Xatırladım ki, bu, "Məzəli hadisə" əsərinin Azərbaycan teatrında ilk quruluşu idi (4 yanvar 1952-ci il). Təhsilini başa vuran Tofiq Kazımovun təyinatı Gənc Tamaşaçılar Teatrına verilib. Burada baş rejissor işləyən Kazımov (25 aprel 1952-1 oktyabr 1952) bir tamaşa da hazırlamayıb və məhz Ədil İsgəndərovun inadlı təşəbbüsü, peşəkar təkidi ilə Milli Dram Teatrına quruluşçu rejissor götürülüb.

7. Ekranda kadrlar dəyişəndə deyirsiniz: "Gənc Tamaşaçılar Teatrına qayıtmaq istərdim. O, bir müddət burada çalışır. 1958-ci ilə qədər işləyir. Tofiq Kazımov 1952-ci ildə baş rejissor təyin olunsa da, özü bir rejissor kimi heç bir tamaşaya quruluş vermir. Amma irəlidə onu böyük perspektivlər gözləyir. Əvvəlcə kinostudiya, sonra isə Dram Teatrı".

Rahib bəy, yenə faktları qatıb-qarışdırdınız. Tofiq Kazımov 1958-ci ilə kimi Gənc Tamaşaçılar Teatrında işləməyib. O, 1951-ci ildən 1958-ci ilin əvvəllərinə kimi Milli Dram Teatrında quruluşçu rejissor olub və bir neçə əsərə möhtəşəm quruluş verib. Başqa məsələni də bir qədər açıqlayım. Deyirsiniz ki, teatrda (yəni Azdramada) "konservatizmin, mühafizəkarlığın hökm sürdüyü vaxtlarda" Tofiq Kazımov kimi yenilikçi rejissorun yaradıcılıq fəaliyyətinə çətinliklər törədilirdi.

Hörmətli Rahib Azəri! SSRİ Xalq artisti Ədil İsgəndərov 25 iyun 1938-ci ildən 22 oktyabr 1960-cı ilə kimi Akademik Milli Dram Teatrının baş rejissoru, həm də uzun illər direktoru işləyib. Tofiq Kazımov özünün rejissor konsepsiyasının bünövrə sütunları olan tamaşaları Ədil İsgəndərovun baş rejissorluğu dövründə hazırlayıb. Həmin səhnə əsərləri bunlardır: "Məzəli hadisə" (Karlo Qoldoni), "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundzadə. 4 aprel 1953-cü il), "Sevilya ulduzu" (Lope de Veqa. 19 sentyabr 1953-cü il), "Vassa Jeleznova" (Maksim Qorki. 13 fevral 1954-cü il), "Atayevlər ailəsi" (İlyas Əfəndiyev. 9 oktyabr 1954-cü il), "Qardaşlar" (Rəsul Rza. 2 iyun 1956-cı il), "Şirvan gözəli" (Ənvər Məmmədxanlı. 22 mart 1957-ci il), "Qəribə adam" (Nazim Hikmət. 17 noyabr 1957-ci il).

Bunu da yadınızda saxlayın ki, 1960-cı ilin əvvəllərində Tofiq Kazımovu yenidən, ikinci dəfə "Azərbaycanfilm"dən Akademik Teatra dəvət edən də məhz Ədil İsgəndərov olub.

8. Növbəti yanlışlıq. Deyirsiniz: "1951-ci ildən sonra Tofiq Kazımov rayonlara göndərilir (Əvvəl deyirdiniz ki, GTT-də işləyib - İ. R.). Qubada, Gəncədə, Ağdamda və digər şəhərlərimizdə fəaliyyət göstərən dram teatrlarımızda müxtəlif tamaşalar hazırlayır. Nəhayət o, Bakıya dəvət olunur və 1964-cü ildə artıq bu səhnədə tamaşalar hazırlamağa başlayır".

Söylədikləriniz kökündən yanlışdır. Tofiq Kazımov Ağdam Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini Moskvada təhsil aldığı illərdə tətil günlərində hazırlayıb. 1947-1948-ci il teatr mövsümündə. Bu tamaşanı İncəsənət İşləri İdarəsinin göndərişi ilə hazırlayıb və imkansız tələbəyə kifayət qədər qonorar verilib. Akademik teatrda quruluşçu rejissor işləyəndə isə dəvətlə Musiqili Komediya Teatrında dramaturq Həsən Seyidbəylinin və bəstəkar Tofiq Quliyevin "Qızılaxtaranlar" (1960), Quba Dövlət Dram Teatrında Rza Şahvələdin "Qız qalası" (1961), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1963), Naxçıvan Dövlət Musiqili Dram Teatrında Məmmədəli Tarverdiyevin "Kölgəli dağ" (1962), baş rejissor işləyəndə Gəncə Dövlət Dram Teatrında Atif Zeynallının "Nəriman ata" (1967), Altay Məmmədovun "Yadındamı?.." (1969) əsərlərinə səhnə quruluşu verib. Yuxarıda göstərdiyim faktı bir daha nəzərinizə çatdırım ki, o, 1951 - 1957-ci illərdə rayonlarda işləməyib, Azdramanın ştatlı quruluşçu rejissoru kimi diplom tamaşasından əlavə 8 əsərə səhnə quruluşu verib.

9. "Tofiq Kazımov 1964-cü ildə artıq bu səhnədə (yəni Akademik Teatrda - İ.R.) tamaşalar hazırlamağa başlayır" qənaətiniz də yanlışdı və buna aydınlıq gətirmək istəyirəm. "Antoni və Kleopatra" tamaşasına kimi Tofiq Kazımov yuxarıda dediyim 8 tamaşadan əlavə özünün 1954-cü ildə quruluş verdiyi "Atayevlər ailəsi"ni əsaslı bərpa edib (4 dekabr 1960-cı il), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (2 dekabr 1961-ci il), Viktor Hüqonun "Mariya Tüdor" (17 mart 1962-ci il), Lope de Veqanın "Dəlilər" (14 iyun 1963-cü il), Sabit Rəhmanın "Sevimli rollar" (27 oktyabr 1963-cü il) əsərlərinə də quruluş verib. "Antoni və Kleopatra"nın məşqlərinə isə sıravi quruluşçu rejissor işləyəndə, 1963-cü ilin sonlarında başlayıb. Tamaşanı isə baş rejissor kimi 1964-cü ildə təhvil verib.

10. İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesini, sizin dediyiniz kimi, Tofiq Kazımov deyil, rejissor Əliheydər Ələkbərov 12 fevral 1971-ci ildə tamaşaya hazırlayıb. Tamaşanın rəssamı Nüsrət Fətullayev, bəstəkarı Süleyman Ələsgərov olub. Rejissor Əliheydər Ələkbərov, eləcə də aktyorlardan İsmayıl Dağıstanlı (Böyükbəy), Leyla Bədirbəyli (Fəxrəndə xanım), Həsən Turabov (Nicat), Amaliya Pənahova (Şahnaz) uğurlu yaradıcılıq işinə görə 1972-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüblər.

11. Deyirsiniz: "Aktyor Rafiq Əzimov xatirələrində yazırdı". Əzizim, Rafiq Əzimov hazırda teatrın truppasında çalışır və onun barəsində keçmiş zamanda danışmaq hörmətsizlikdir.

12. Tofiq Kazımovun baş rejissor işlədiyi dövrdə (1964-1980) teatra istedadlı gəncləri dəvət etməsindən danışanda ilk olaraq Rafael Dadaşovun adını çəkirsiniz. Bu aktyor Milli Dram Teatrının truppasına "Ümid" (Maqsud İbrahimbəyov) tamaşasında qəbul olunub. Həmin tamaşanın premyerası isə 27 noyabr 1976-cı ildə göstərilib. Halbuki Rafaelə qədər məşhur aktyorlardan 1964-cü ildə Amaliya Pənahova, Hamlet Xanızadə, Şahmar Ələkbərov, 1965-ci ildə Kamal Xudaverdiyev, 1967-ci ildə Ramiz Məlik, 1968-ci ildə Səməndər Rzayev, Şəfiqə Məmmədova, Hacı İsmayılov, 1969-cu ildə Fuad Poladov, Vəfa Fətullayeva, Əminə Babayeva, 1970-ci ildə Əliabbas Qədirov, Sadıq İbrahimov, 1972-ci ildə İlham Namiq Kamal, 1973-cü ildə Zərnigar Ağakişiyeva, 1974-cü ildə Yaşar Nuriyev, Pərviz Bağırov, Sevil Xəlilova, Elxan Quliyev, 13 yanvar 1976-cı ildə Mikayıl Mirzə baş rejissor Tofiq Kazımov tərəfindən teatra dəvət alıblar.

13. Rahib bəy, məlumunuz olsun ki, Həsən Turabovu teatra Tofiq Kazımov gətirməyib. Onu truppaya 1960-cı ilin avqustunda Ədil İsgəndərov qəbul edib. Televiziyada canlı yayımda Mehdi Məmmədovun buraxılış kursunun diplom tamaşası göstərilib: "Hacı Qəmbər". Hacı Qəmbər rolunu ifa edən Həsən Turabovun oyunu Ədil İsgəndərovun xoşuna gəlib. Teatrın truppa müdiri Qürbət Qurbanova tapşırıb ki, Həsəni tapıb teatra gətirsin. Daha ətraflı məlumat almaq istəsəniz Turabov barədə yazılmış "Aktyora oxşamayan adam" monoqrafiyasına müraciət edə bilərsiniz (Bakı, Günəş nəşriyyatı, 2000, səhifə 17 - 21).

14. Tofiq Kazımovdan danışanda deyirsinz: "Hamlet" tamaşasını hazırlayırdı və Hamletin obrazına 28 yaşlı Həsənağa Turabov dəvət edilir. Ətrafdakılar dəhşət içərisindədirlər. 28 yaşlı, bir o qədər də təcrübəsi olmayan aktyor Hamlet obrazını nə cür yaradacaq?.. Bunun ardınca o, "Ölülər" tamaşasını hazırlayır. Yenə də baş rola Həsənağa Turabov dəvət edilir".

Cümlələrinizin kor-kobudluğunu qoyuram bir kənara. Soruşuram: kimlər olub dəhşət içində? Haradan "götürmüsünüz" bu yalanı? Heç cürə inanmağım gəlmir ki, Rahib Azəri kimi təcrübəli teleaparıcı Tofiq Kazımov (eləcə də onun atası Səməd Mənsur) barədə çox səthi məlumatla film çəkmək qərarına gəlib. Nə üçün Azərbaycanda rejissor Tofiq Kazımovun lirik-psixoloji üslubun bünövrəsini qoymasını bir cümlə ilə də xatırlatmırsınız? Bəlkə bundan xəbərsizsiniz? Gurultulu pafosla söylədiyiniz faktların böyük əksəriyyəti yanlış və dolaşıqdır. İnanmaq istəməzdim... ancaq faktların həqiqət gücü amansızdır. Yəqin bilməmiş deyilsiniz ki, Tofiq Kazımovun yaradıcılığı haqqında Cəfər Cəfərovun, Rafiq Atakişiyevin, İsrafil İsrafilovun, Məryəm Əlizadənin kitabları çap olunub. Buraxdığınız kobud səhvləri islah etməniz üçün öz yaddaşınıza, səthi məlumatınıza arxayın olmayıb dediyim kitabları vərəqləmək kifayət idi.

15. Mənim üçün bir sualın cavabı da qaranlıq qalır: Məgər bu verilişin efirə getməsinə məsuliyyət daşıyan redaktor olmayıb?.. Əgər olubsa və həmin redaktor bu mövzu ilə bağlı səriştəsizdirsə ona belə məsul iş necə tapşırılıb? Ya da həqiqət bundan ibarətdir ki, verilişin ssenari müəllifi də, rejissoru da, aparıcısı da, redaktoru da Rahib Azəri özüdür. Bu da iddialı təkəbbürün acı nəticəsi...

16. Rahib bəy! Yenə "amansız" dediyim həqiqət faktlarına birlikdə müraciət edək. Əvvəla, Mirzə Cəlilin "Ölülər" tragikomediyası "Hamlet"dən əvvəl - 12 noyabr 1966-cı ildə tamaşaya qoyulub. "Hamlet"in premyerası isə 25 mart 1968-ci ildə göstərilib. Onda Həsən Turabovun sizin dediyiniz kimi 28 yox, 30 yaşı vardı. İstedadlı aktyor Hamleti oynayana kimi Üçüncü adam ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Gennadi ("Şadlıq sorağında", Viktor Rozov), Qürbət ("Bağlı qapılar", Həsən Seyidbəyli), Katib ("Alov", Mehdi Hüseyn), Cəllad ("Mariya Tüdor", Viktor Hüqo), Vasili ("Tufanlı il", Aleksey Kapler), Lenin, Azər ("Közərən ocaqlar" və "Yaxşı adam", Mirzə İbrahimov), Eros ("Antoni və Kleopatra", Vilyam Şekspir), 1-ci dəliqanlı ("Səyavuş", Hüseyn Cavid) obrazlarını, Vahid ("Kəndçi qızı", Mirzə İbrahimov), Floriano ("Dəlilər", Lope de Veqa), Lionel ("Orlean qızı", Fridrix Şiller), Xansu ("Mənim günahım", İlyas Əfəndiyev), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi əsas rolları ifa etmişdi. Deməli, kiminsə "dəhşətə gəlməsinə" əsas yox idi.

17. Sizin dediyinizdən belə çıxır ki, "Ölülər"in bədii tərtibatını Tofiq Kazımov verib: baş daşı və qapı məsələsi. Baş daşları dediniz, lakin onu da aydınlaşdıra, fəlsəfi-psixoloji mənasını aça bilmədiniz. Hacı Həsən ağanın evində sağda və solda iki qapı vardı. Tamaşanın qəbiristanlıq epizodunda səhnə fırlanırdı və həmin qapıların arxa tərəfi nəhəng baş daşları kimi görünürdü. Şeyx Nəsrulla məhz həmin baş daşlarından birinin qarşısında "ölülərin siyahısını" yazmağı Şeyx Əhmədə əmr edirdi. Bunun mənasını tam açmaq fikrim yoxdur, uzun çəkər. Nəzərinizə çatdırım ki, tamaşanın rəssamı Elçin Aslanov olub və onun bu işi milli səhnəqrafiyamızda hadisə idi.

18. Qara Qarayevin Tofiq Kazımovu müdafiə etməsindən danışırsınız. Sizə xatırladım ki, dediyiniz müdafiə "Ölülər"in ictimai baxışında olub. Bütövlükdə tamaşaya deyil, onun bəzi səhnələrinə kəskin iradları ədəbiyyatşünaslar söyləyiblər. Xüsusilə tamaşanın əvvəlində asta-asta fırlanan səhnədə müxtəlif pozalarda "donub qalan" tiplərə kənardan kədərli baxışlarla tamaşa edən İsgəndərin - Həsən Turabovun ifasında səslənən Mirzə Ələkbər Sabirin "Daş qəlbli insanları neylərdin, ilahi" şeirinə etiraz ediblər. Halbuki bu satirik şeir Tofiq Kazımovun tamaşa üçün müəyyənləşdirdiyi əsas ideyanın leytmotivi təsiri bağışlayırdı. Tamaşaçılar və tənqid isə "Ölülər"i sənət hadisəsi kimi maraqla qarşılayıblar, yüksək qiymətləndiriblər. Buna əminlik üçün kimdənsə eşitdiyinizə güvənib danışmaq yox, Cəfər Cəfərovun, Məmməd Arifin, Xalid Əlimirzəyevin, Osman Mirzəyevin və Yaşar Qarayevin müxtəlif qəzetlərdə dərc olunan dərin məzmunlu və təqdiredici resenziyalarını oxumaq kifayət idi. Bu, öz yerində, məlumat üçün yazdım.

19. Deyirsiniz: "Ölülər" tamaşasında onun musiqisi Qara Qarayevə məxsus idi (Belə cümlə olurmu? - İ.R.). Qara Qarayev ölkədə ən məşhur şəxsiyyətlərdən biridir. Sözü keçən insandır, deputatdır, Sosialist Əməyi Qəhrəmanıdır". Rahib bəy, nəzərinizə çatdırım ki, Qara Qarayev Sosialist Əməyi Qəhrəmanı fəxri mükafatına 1978-ci ildə layiq görülb. "Ölülər" isə ondan 12 il əvvəl oynanılıb. Qara Qarayev tamaşanın ictimai baxışında qısa çıxış edib, yaradıcı heyətin bir üzvü kimi.

20. Deyirsiniz: "1968-ci ildi. Azərbaycan kinosunun ən maraqlı ekran əsərlərindən biri "Uşaqlığın son gecəsi" bədii filmini xatırlayırsınız. Və o filmdə insanların, hətta tikintidə çalışan insanların geyimi yəqin ki, diqqətinizdən yayınmayıb. İnsanlar çox ciddi geyimə üstünlük verirlər. Ümumiyyətlə, cəmiyyət belə geyinir. Və belə bir zamanda teatr səhnəsində birdən-birə açıq-saçıq geyim görən insanların gözləri böyüyür. Söhbət məhz 1968-ci ildə səhnələşdirilən (?) Tofiq Kazımovun quruluş verdiyi ən maraqlı əsərlərdən biri, "Antoni və Kleopatra" tamaşasından gedir".

Film boyu, eləcə də burada cümlələrinizin köntöy quruluşuna yenə toxunmuram...

Rahib bəy! "Uşaqlığın son gecəsi" filmində hadisələr Bakıda cərəyan edir və personajlar da Azərbaycan türkləridir, o dövrün, yəni 1960-cı illərin geyimindədirlər. Vilyam Şekspirin "Antoni və Kleopatra" tarixi faciəsində isə hadisələr qədim Misirdə və Roma imperiyasında baş verir, özü də bizim eradan əvvəlki dövrlərdən bəhs edir. Roma siyasi və hərbi xadimi, Yuli Sezarın silahdaşı Mark Antoni bizim eradan əvvəl 83 - 30-cu, Ellinizm Misirinin son kraliçası Kleopatra VII Filipator b.e.ə 69 - 31-ci illərdə yaşayıblar. Haqqında danışdığınız paltarlar həmin dövrün dəqiq və xarakterik geyimləridir.

21. Diqqətinizə onu da çatdırım ki, "Antoni və Kleopatra" tamaşası Sizin söylədiyiniz kimi 1968-ci ildə hazırlanmayıb. Bu tamaşanın premyerası 23 aprel 1964-cü ildə olub və səhnə əsəri Tofiq Kazımovun baş rejissor kimi ilk möhtəşəm quruluşu idi. Onu da deyim ki, tamaşanın tərtibat və geyim rəssamı Tahir Salahov idi.

Yeri gəlmişkən, "Antoni və Kleopatra" pyesdir, Sizin dediyiniz kimi səhnələşdirilməyib. Adətən iri həcmli nəsr əsərləri (roman, povest), poemalar, xalq nağılları səhnələşdirilərək tamaşaya qoyulur. Bunu sözgəlişi xatırladıram.

22. Deyirsiniz: "1980-ci il. Tofiq Kazımovun sonuncu tamaşası. Misir mütəfəkkiri əl Hakiminin "Karıxmış sultan" əsəridir. O, bu əsəri hazırlayır...".

Rahib Azəri, nəzərinizə çatdırım ki, bu tamaşanın premyerası 23 fevral 1980-ci ildə oynanılıb. Bundan sonra, yəni 27 aprel 1980-ci ildə Tofiq Kazımov nasir-dramaturq Əkrəm Əylislinin "Yastı təpə" dramına quruluş verib.

23. Söyləyirsiniz: Tofiq Kazımovun dəfnində Rafiq Əzimov məzarlıqda bir qədər kənarda əyləşmiş Səməndər Rzayevə yaxınlaşır. Gözləri qan çəkmiş Səməndər ona deyir: "Vəssalam! Teatr qurtardı". "Bəlkə həmin məqamda bunlar müəyyən bir hissin təsiri altında deyilmiş sözlər idi. Ancaq Səməndər Rzayevin dediklərində böyük bir həqiqət vardı, teatr bitmişdi".

Necə bitmişdi, Rahib Azəri?! "Yaddaş"ın möhtərəm ssenaristi, rejissoru, aparıcısı, dediyiniz "böyük bir həqiqət vardı" nədən ibarət idi?! Həqiqət odur ki, yenə yanlış, uydurma sözlərlə danışırsınız.

...Tofiq Kazımovun ölümündən sonra cəmi 6 il yaşayan Səməndər Rzayevin özü "bitmiş teatrda" qısa vaxtda Xudayar bəy ("Sizi deyib gəlmişəm", Anar), Fazil Küleyni ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Cığatay ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Mazar bəy ("Közərən ocaqlar", Mirzə İbrahimov), Əmir ("Fəryad", Bəxtiyar Vahabzadə), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Qaraca Çoban ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Satin ("Həyatın dibində", Maksim Qorki), Sezar Pupf ("Böyük Romul", Fridrix Dürrenmatt) kimi  möhtəşəm rollar oynayıb...

...Tofiq Kazımovun vəfatından 43 il ötüb və həmin teatr, yəni Sizin dediyiniz "bitən teatr" özünün 150 illik yubileyinin təntənəli bayramını keçirməyə hazırlaşır...

...Və hazırda 150 yaşlı sənət ocağının truppasında 15 Xalq artisti, 29 Əməkdar artist, kifayət qədər istedadlı gənclər çalışırlar...

P.S. Məsləhət görürəm İTV bu "filmi" bir daha efirə verməsin. Ən azı ayıbdı. Tofiq Kazımov kimi klassik rejissorumuzun zəngin, möhtəşəm yaradıcılığına göstərilən hörmətsizliyə, yanlışlıqlarla, səhvlərlə, yalanlarla dolu primitiv təqdimata daha çox tamaşaçının baxması yolverilməzdir. Unutmayaq ki, Tofiq Kazımovu, onun ecazkar yaradıcılığını görməyən gənclik "Yaddaş" "filmində" deyilənləri həqiqət kimi qəbul edə bilərlər...

 





28.03.2023    çap et  çap et