525.Az

Şəxsiyyətin cazibəsi - Zümrüd Dadaşzadə yazır


 

TƏRLAN SEYİDOVUN VƏSİYYƏTLƏRİ

Şəxsiyyətin cazibəsi - <b style="color:red">Zümrüd Dadaşzadə yazır</b>

Bu yaxınlarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri" adlı üçcildliyin təqdimatı keçirildi. Bu cildlərin qəhrəmanları arasında Tərlan Seyidovun adını xüsusi qeyd edərdim. Təəssüf, nəşrin I cildi üçün özü də bir sıra məqalə yazmış Tərlan müəllimi həmin təqdimatda görmədik - o, bir neçə vaxt öncə, 80 illik yubileyini qeyd etdikdən sonra dünyasını dəyişmişdi. Musiqi mədəniyyətimiz və təhsilimiz üçün çox ağır itkidir...

Xarizmatik şəxsiyyət idi - unikal, təkrarsız. Tərlan müəllim pianoçu kimi gözəl bir məktəb keçmiş, Azərbaycan Dövlət Konservatoriyasını M.Brennerin sinfi üzrə bitirmişdi. Moskvada - həm Çaykovski adına konservatoriyada, həm də Gnesinlər adına  musiqi-pedaqoji institutda  təcrübə keçib Bakıya dönəndən sonra pianoçu və müəllim kimi fəaliyyət göstərməyə başlamışdı. Eyni zamanda Tərlan müəllimdə elə əvvəlcədən elmə, araşdırıcılığa maraq oyanır. Doktorluq dissertasiyası kimi müdafiə etdiyi "XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı" adlı fundamental tədqiqat onun davamlı elmi axtarışlarının nəticəsidir. Beləliklə,  öz çeşidli araşdırmaları ilə Tərlan müəllim Azərbaycanda ifaçılıq musiqişünaslığının əsasını qoyur. Sənətkarın başlıca nailiyyəti isə 1980-ci ildə konservatoriyamızda öz fərdi layihəsi əsasında qurduğu məktəb-studiya oldu. Burada, musiqişünas Rəna Səfərəlibəyovanın yazdığı kimi, tədris prosesinin təkmilləşdirilməsinin eksperimental yolları  işlənir və musiqi elmi ilə ifaçılıq praktikasının yaxınlaşmasının yeni metodları təcrübədən keçir.

Təxminən 60 il davam edən  yaradıcılıq fəaliyyəti müddətində Tərlan müəllim 100-dən artıq pianoçu yetişdirmiş, neçə-neçə faydalı işlər reallaşdırmışdı: tədris vəsaitləri - notlar, metodiki araşdırmalar, məktəbin tələbələrinin iştirakilə tamaşalar, elmi-praktiki konfranslar, müsabiqələr. Həmin layihələr arasında mən ələlxüsus "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" adlı festivalı, habelə  Azərbaycanın bir çox bölgələrindən məktəblilərin və müəllimlərin qatıldığı "Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik" və "Musiqiçilərin pedaqoji ustalığı" beynəlxalq müsabiqələrini qeyd edərdim.  Yəni Tərlan müəllim - miqyaslı təfəkkürə malik  insan - musiqi mühitinin, mülayim desək, həddindən artıq əlvan olduğu  bir dönəmdə uşaqlarımızın milli ənənəvi sənətdən uzaq düşməməsi, onların zövqü və mədəniyyəti uğrunda ardıcıl mübarizə aparırdı. Digər tərəfdən  fəaliyyətini təkcə Bakı ilə məhdudlaşdırmayaraq, Tərlan müəllim bütün Azərbaycanı əhatə etməyə çalışır, vətəninin şəhər və kəndlərinin müəllimləri və şagirdlərini də yaradıcılığa səsləyirdi.

Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının  ixtisas fortepiano kafedrasının professoru Tərlan Seyidovun nəcib işləri, bir-birindən gözəl, səmərəli layihələri haqqında martda Akademiyanın böyük zalında ustadın şərəfinə keçirilən "İthaf" adlı anım məclisində söhbət  getdi. Rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyli "dost itirmək çox çətindir" - Tərlan müəllim isə həqiqətən etibarlı dost və həmkar idi - etirafı ilə nitqini başlayıb, T.Seyidovla birgə təhsil illərinə döndü, onun tədris naminə addımbaaddım reallaşdırdığı işləri, alim kimi ərsəyə gətirdiyi tədqiqatlarının, kitablarının əhəmiyyətini nəzər-diqqətə çatdırdı. Xüsusi olaraq vurğuladı ki, məktəb-studiyaya Tərlan müəllimin adının verilməsi  naminə əlindən gələni əsirgəməyəcək.  Məclisdə söz alan hər bir kəs - BMA-nın elmi və yaradıcılıq işləri  üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, 1994-2002-ci illərdə məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini olmuş, indi ADMİU-nun musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Kamilə Dadaşzadə, Mədəniyyət Nazirliyinin incəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun böyük məsləhətçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, bu sətirlərin müəllifi Tərlan müəllimin bir şəxsiyyət kimi ümdə cəhətlərini - maarifçi kimi nadir məqsədyönlülüyünü, polad iradəsini, sənət eşqini, dürüstlüyünü, ümumiyyətlə, ən uca amallarla yaşadığını vurğulayırdı. K.Dadaşzadə müqtədir alim İ.Zemtsovskinin "tədqiqat işinin çatışmazlıqları ola bilər, amma əgər müəyyən elmi konsepsiya varsa, onda xırda xətalardan keçmək mümkündür" fikrini səsləndirərək, T.Seyidovun məhz düşünülmüş konsepsiya çərçivəsində çalışdığını vurğuladı.

Xatirə xarakterli çıxışlar arasında  səslənən musiqi - məktəb-studiyanın məzunlarının, tələbələrinin  xüsusi bir sevgi ilə ifa etdiyi əsərlər isə sözdən ikiqat artıq qüvvə ilə məclisin əsas emosiyasını ifadə edirdi. Bədii rəhbəri F.Bədəlbəyli olan Bakı Kamera Orkestrinin çıxışı  nurlu kədər  atmosferini bərqərar etdi.  Dirijor pultu arxasında studiya yetirmələri  - bu gün artıq ciddi, sanballı musiqiçilər kimi tanınan Fuad İbrahimovu, Mustafa  Mehmandarovu görüb qürur duyurduq. İlk musiqi parçası - F.Bədəlbəylinin "Adagio"sunun dramatik musiqisinin, hüzn dolu obrazlar aləminin təsir qüvvəsi çox böyük idi, Fərhad müəllimin təlatüm dolu qəlb çırpıntılarını çox dolğun ifadə edirdi. A.Məlikovun "İki qəlbin dastanı" baletindən Komdenin arzuları (solist Nəzrin Aslanlı), B.Brittenin Sadə simfoniyasından "Sentimental sarabanda", habelə  məktəbin məzunu, 44 günlük Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin simli kvartetindən II hissə (simli orkestr üçün versiya) olduqca ekspressiv səslənərək, hüzn emosiyasının müxtəlif çalarlarını üzə çıxardı. Musiqi bölməsində daha bir neçə bəstəkar öz töhfələrini - Zərif Kərimova prelüdünü, Nuranə Zeynalova  violin və  piano üçün Poemasını (violin partiyası: Emil Hüseynov) Tərlan müəllimin əziz xatirəsinə ərməğan etdi. Tural Məmmədlinin kamança və piano üçün pyesinin adı səciyyəvi idi: Sızıltı. Mədinə Şahgəldiyevanın səsləndirdiyi kamançanın zərif, xəfif, qəmli sədaları sarı simimizə toxundu.

Tərlan Seyidovun ən istedadlı tələbələrindən biri - düşünən və düşündürən pianoçu Fəqan Həsənli Şumandan bir parça ifa edib, işıqlı, amma ithaf məclisi kontekstində ürəyi göynədən xəyallar aləminə apardı. İncə musiqi duyumlu Nərgiz Kəngərlinin təqdimatında Azər Dadaşovun "Həmd-Səna" kompozisiyasının sakit, büllur kimi saf səslənmələri  qəlblərə qəribə bir rahatlıq gətirdi. Coşqun Dadaşovun interpretasiyasında  səslənən F.Əmirovun mahnısının sözləri  - Mən səni araram - ürəklərimizdən xəbər verdi: Biz Sizi hələ çox-çox aracayıq, əziz Tərlan müəllim!

M.Şuxun orqan və violonçel üçün  "Ave Maria"sı məktəbin müəllimləri Gülnarə Mirqasım və  Tahirə Mustafayevanın ifasında konsertin səslər palitrasını öz nurlu çalarları ilə rövnəqləndirdi.

Xatirə məclisində məktəb-studiyanın bu gün dünyanın müxtəlif ölkələrində çalışan, təhsilini nüfuzlu musiqi akademiyalarında davam etdirən məzunlarının - Murad Abbasov (Almaniya), Tural Rafael (Norveç), Jalə Rəsulova (Avstriya), Vüsalə Babayeva (İngiltərə), Mələk Qocayeva (Türkiyə), Ruslan Biryukov (ABŞ), Tural Kazımovun (Rusiya) videomüraciətlərinın translyasiyası proqrama xüsusi lirik notlar qatdı. Onların bugünkü uğurlarının təməlində, şübhəsiz, məktəb-studiyada qazandıqları  biliklər və vərdişlər durur.

Anım tədbirində Samara Dövlət Mədəniyyət İnstitutunun kafedra müdiri  Tatyana Svitovanın məktubunun oxunması da önəmli idi: Tərlan müəllimin vəfatından çox pərişan olduğunu bildirən T.Svitova azərbaycanlı sənətkarla görüşlərini səmimiyyətlə yad edir, məktəb-studiyanın təşkil etdiyi müsabiqələrin əhəmiyyətini, musiqi təhsilində Azərbaycan təcrübəsinin bir örnək olduğunu  yazırdı. Həqiqətən də, Tərlan müəllimin kreativ layihələri hər zaman hər kəsdə heyrət hissi doğururdu -  Bakı Musiqi Akademiyasının baş ucalığı idi.

Məclisə yekun vuran  məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, vaxtilə Tərlan müəllimin tələbəsi, illər onun ən etibarlı köməkçisi, arxası Sevda Məmmədli kollektiv adından çıxış edib həyəcanını, göz yaşlarını çətinliklə cilovlayaraq, ustadın ənənələrini yaşatmaq naminə dönmədən çalışacaqlarını  vəd etdi. Ən kiçik  məktəblilərdən ibarət xor kollektivi (bədii rəhbər Aqil Qafulov, solist Şəfəq Hacıyeva) müəllifi  Aytən İbrahimova (elmi-metodik işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru) olan məktəb himnini yeni versiyada çox səmimi ifa etdi. Məktəbin müəllimlərinin də bir-bir səhnəyə qalxıb  fidan balalardan ibarət xora qoşulması hamını duyğulandırdı.

Bütün məclis boyunca monitorda sərgilənən  slaydlar Tərlan müəllimin zəngin və şərəfli həyat yolunu - gerçəkləşdirdiyi   layihələri,  görkəmli sənətkarlarla görüşlərini əks etdirir və söylənilənləri əyaniləşdirirdi. Aytən İbrahimovanın vida xarakterli poetik misralarında da o qədər itkidən doğan ürək ağrısı və həqiqi məhəbbət var idi! 

Məclisin nəcib aparıcısı, "İthaf" kompozisiyasının ərsəyə gəlməsinə xeyli enerji sərf etmiş tanınmış rejissor Elvin Mirzəyevin rolunu da qeyd etməliyəm. Ustadın xatirəsinə layiq - saxtakarlıq və pafosdan uzaq -  bir proqram alınmışdı.

Tərlan müəllim əsl yaradıcı idi: o, dolğun, olduqca mənalı və davamlı bir ömür yaşadı. Onunla günbəgün çalışmaq, əməkdaşlıq etmək heç də asan deyildi -  məsuliyyətli, bəzən ifrat dərəcədə tələbkar idi, müəyyən məqamlarda hövsələsiz və hətta sərt də ola bilərdi. Amma axı  insanları əməllərinə görə mühakimə etmək lazımdır. Tərlan müəllim isə əməl adamı idi. O, böyük, xeyirxah, gələcəyimizə hədəflənmiş neçə-neçə əməli ilə musiqi tariximizdə silinməz iz qoydu. Bir də: Tərlan müəllimin ümumi nəcib məqsəd naminə xırda ixtilaflar fövqünə qalxmaq bacarığı ibrətamizdir.

Bir çoxlarımıza, T.Məmmədəliyevanın dediyi kimi,  Seyidov mənəvi ata oldu. Onun yoxluğu sarsıdıcıdır. Bu məqamda Qara Qarayevin aşağıdakı sözləri  necə də mənalı səslənir: "Əgər insanların ömrü onların gördüyü işlərə proporsional olaraq uzansaydı - insanların xoşbəxtliyi naminə, yaxşı yaşam naminə, xeyirxahlıq naminə, tərəqqinin xeyrinə - bu, ədalətli iş olardı!" Amma  həyatın, təəssüf, öz qaçılmaz sərt və amansız qanunları var...

Eyni zamanda inanıram ki, Tərlan müəllimin vəsiyyətləri unudulmayacaq. Unudulmamalıdır! Elə bir neçə gün öncə Şirvan şəhəri uşaq musiqi məktəbində İ.S.Baxın doğum günü ərəfəsində polifonik musiqiyə həsr olunmuş konsertin keçirilməsi haqqında kiçik, amma çox səciyyəvi məlumat oxudum. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində həyata keçirilən bu konsertdə şagirdlər çaldıqları əsər barədə - onun yaranma tarixi, musiqi dilinin xüsusiyyətləri haqda məlumat da verirdilər. Məktəbin fortepiano şöbəsi müdiri Əfsunə Nağıyeva yazır ki, "həm ifa, həm də ifa olunanın təhlili Tərlan Seyidovun bizə öyrətdikləridir. Ruhu şad olsun! Onun akademik musiqi və təhsil naminə çəkdiyi zəhmət  bir çox istedadlı davamçıların yetişməsinə səbəb olmuşdur". Çox sevindiricidir! Deməli, Tərlan Seyidovun ideyaları yaşayır, səpdiyi xeyirxahlıq və bilik toxumları bəhrəsini verməkdədir.

 





28.03.2023    çap et  çap et