525.Az

Mədəniyyətimizin qəlb göynədən itkiləri - Şahanə Müşfiq yazır


 

Mədəniyyətimizin qəlb göynədən itkiləri - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Artıq tez-tez gözümüzü ölüm xəbərlərinə açmağa alışmaqdayıq. Azərbaycan mədəniyyəti, ictimaiyyəti üçün önəmli simalar bir-birinin ardınca cavan canlarını da götürüb köçünü çəkir bu fani dünyadan. Ya zəlzələdən, ya vəlvələdən - hərəsi bir səbəbdən "əlvida" deyir bizə heç gözləmədiyimiz anda. Bu qəfil gedişlərə alışmamış, özümüzü bu yoxluqlara öyrətməmiş başqa birinin gedişini seyr etməli oluruq.

Bir müddətdir ki, Azərbaycan mədəniyyəti, ictimaiyyəti hüznlü "yarpaq tökümünü" yaşayır. Onun "ən gözəl budağındakı" "ən şux yarpaqlar" bir-bir tökülürlər. Özü də kimsənin gözləmədi, hətta ona yaraşdırmadığı bir zamanda.

Deyəcəksiniz ki, ölümün də yaraşanımı olur? Bəli, fikrimcə, ölümün də yaraşanı olur. Və biz fanilər nə özümüzə, nə də yaxından tanıdığımız, gündəlik ünsiyyətdə olduğumuz, sevdiyimiz insanlara yaraşdırırıq ölümü.

Hər gün televiziya, radio, mətbuat vasitəsiylə evlərimizə qonaq olan, şəxsi ünsiyyətdə olmasa da, gördükləri işlərlə doğmalarımıza çevrilən məşhur simalar arasında da həmin o ölümü yaraşdırmadıqlarımız var, sözsüz ki...

Onlardan bəzilərini xatırlayıram...

Bu günlərdə tanınmış teleprodüser, rejissor, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin qəfil ölümü həmin sarsıdıcı gedişlərdən oldu. Cəmi 54 yaşlı prodüser ailəsiylə bayram keçirmək üçün gedərkən ürək tutması səbəbindən yaranan yol qəzasında dünyasını dəyişdi.

Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində dünyaya göz açan, telejurnalist Elçin Əlibəylinin qardaşı, Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı Oqtay Əliyev illər boyunca hazırladığı müxtəlif proqramlar, serial və filmlərlə Azərbaycan televiziya məkanına yeni nəfəs, yeni ruh gətirib, neçə-neçə istedadların üzə çıxmasına səbəb olmuşdu. O, həyata keçirdiyi bir-birindən maraqlı, fərqli layihələrlə adını televiziya məkanımıza qızıl hərflərlə yazdırmağı bacarmışdı. Buna görədir ki, Oqtay Əliyevin ölümü təkcə ailəsi, sevənləri üçün deyil, bütün ictimaiyyətimiz və mədəniyyətimiz üçün çox ağır itkilərdən oldu.

Xatırladıq ki, cəmi bir ay öncə indi özünün dəfn olunduğu "Qurd qapısı" məzarlığında Oqtay Əliyev Xalq artisti Ramiz Novruz haqqında düşüncələrini bölüşmüş, onu itirməyin ağırlığından bəhs etmişdi. Fevralın 20-də cəmi 67 yaşında itirdiyimiz Ramiz Novruz da Azərbaycan mədəniyyətinin ən ağır və əvəzolunmaz itkilərindən oldu.

Ondan bir ay öncə isə Əməkdar artist Tünzalə Əliyevanın vəfatı ilə sarsılmışdı incəsənət mühitimiz. Hər kəsin "Toppuş bacı" kimi tanıdığı aktrisa uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyaya gözlərini əbədi yumdu. Tünzalə Əliyeva Oqtay Əliyevin layihələrində çıxış edən, rejissorun həyat yoldaşı Dilarə Əliyeva ilə birgə verilişlərdə, seriallarda çəkilən aktrisalardan idi. Onların həm də çox yaxın dostluğu vardı. Dilarə Əliyeva iki ay öncə itirdiyi rəfiqəsinin yoxluğuna alışmazkən ömür-gün yoldaşını, həyatdakı ən yaxın dostunu, dayağını itirməyin faciəsi ilə baş-başa qaldı.

Son dövrlərin ən ağır itkilərindən biri də müğənni Rəhim Rəhimlinin qəfil ölümü oldu deyə bilərik. 45 yaşlı müğənni bircə anın içində bu dünyayla vidalaşdı.

Oqtay Əliyevdən cəmi 20 gün öncə Azərbaycan ictimaiyyətinə çox ağır zərbələrdən biri isə azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri Hacı Şahinin ölümü oldu. Martın 2-də qəfil ürəktutmasından dünyasını dəyişən 48 yaşlı ilahiyyatçının yoxluğu təkcə bir din xadiminin deyil, onu sevənlər üçün gözəl bir insanın, mərhəmətli dostun  itkisi idi. Buna görə də onu tanıyan, tanımayan hər kəsi dərin yasa qərq etdi.

Adlarını çəkdiyimiz, çəkmədiyimiz məşhurlar da özlərinin əbədi dünyasını qazananlardandır. Lakin onların fərqi həm də ondadır ki, onlar az yaşlarına rəğmən bu dünyada öz sənətləri, işləri ilə iz qoymağı, milyonların yaddaşında əbədiləşməyi bacardılar.

Bütün bunlar bir daha insan oğluna ölümün varlığını, əcəlin hər an kürəyimizdə dolaşan isti nəfəsini xatırladır. Yaşından, statusundan, tutduğu mövqedən, maddi durumundan asılı olmayaraq, ölüm hər kəs üçün var və o, bir gün gələcək. Əsas olan odur ki, bu həyatı bizə verilən vaxt ərzində tam mənasıyla yaşamağı və yaşatmağı bacaraq. Elə yaşayaq ki, doğulmağımıza sevinənlər gedişimizə ürəkdən ağlasınlar...

 





28.03.2023    çap et  çap et