525.Az

"Kürdə suyun azalması əsasən, iqlim dəyişikliyi ilə bağlıdır"


 

"ÇAYIN QURUMASININ QARŞISINI ALMAQ ÜÇÜN SUVARMA SİSTEMİNƏ DƏ DİQQƏT EDİLMƏLİDİR"

"Kürdə suyun azalması əsasən, iqlim dəyişikliyi ilə bağlıdır"<b style="color:red"></b>

Bir vaxtlar Dəli Kür adı ilə tanınan, bol sulu, Azərbaycan ərazisindəki ən böyük çay indi öz məcrasından xeyli geri çəkilib. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir. Kürdə suyun səviyyəsi son günlərdə, demək olar ki, 50 santimetr aşağı düşüb. Çayın Səlyan rayonunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 2-3 santimetr azalma müşahidə olunur. Belə ki, nasosların sugötürmə imkanı olmadığından onlar dayandırılıb.

Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığının kəskin vəziyyət aldığı müəyyən olunub.  Salyan və Neftçala rayonlarında şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyəti tədqiq edərkən, məlum olub ki, Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəldiyi aşkarlanıb. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb. Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyir ki, son illərdə Kür çayının suyunun azalması əsasən, iqlim dəyişikliyi ilə bağlıdır: "İqlim dəyişikliyi 30 ildə çaylarımızda suyun 15 faiz azalmasına səbəb olub. Bununla yanaşı, çayda suyun mövsümi azalması və çay suyundan hədsiz istifadə kimi səbəblərin də ciddi rol oynaması mümkündür. Qış ayları çayda ən az sulu dövr hesab olunur. Kür və Araz çaylarının suyundan həmişə istifadə olunub, indi də olunur. Bütün amillər birlikdə Kürün aşağı axınında suyun azalmasına gətirib çıxarır".

Rafiq Verdiyevin sözlərinə görə, bütün bu amillərlə yanaşı qonşu ölkələrdə sudan istifadənin də bu azalmada rolu var.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyevin dediyinə görə, çaylar yağıntıdan və yeraltı sulardan qidalanır. Çoxillik iqlim göstəricilərinə əsasən, qış ayları yağıntıların az olduğu dövrdür. Yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində olacaq. Kür çayının qurumasından danışan mütəxəssis buna əsas səbəblərdən biri kimi su anbarlarını göstərib: "Ölkədəki çayların böyük əksəriyyəti tranzit çaylardır. Kür çayı bizim əsas su mənbəyimizdir. Kürün bir çox qolları Türkiyə, Ermənistan və Gürcüstandan qidalanır. Bu qidalanmada da bəzi hissələrdə su anbarları var. Bu çay ümumillikdə respublikamız daxil olmaqla 1515 kilometr ərazini keçir. Həmin ərazilər də maksimum dərəcədə gələcək üçün bu çaydan istifadə etməyə çalışır. Bu problem ucbatından da Kür çayı Azərbaycan ərazisinə çatanadək suyu azalır. Ölkədə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlar suyu gələcəkdə daha "səmərəli" istifadə üçün yığmağa çalışır. Nəticədə çaya bir hücum başlayır".

Ənvər Əliyev bildirib ki, Kürün quruması təhlükəsi həm də Araza aiddir. Mütəxəssisin fikrincə, çayın qurumasının qarşısının alınması üçün başlıca olaraq suvarma sisteminə diqqət edilməlidir: "Ən çox suvarılan ərazi taxıl sahələridir. Təəssüf ki, Azərbaycanda müasir texnologiya ilə təchiz olunan suvarma sistemləri olduqca azdır. Kürün şəklinə baxanda utanırıq. Bu çay Zaqafqaziyanın ən böyük çaylarından biridir. Kür daima bizi daşqınları ilə qorxudub. Amma indi Kür-Araz ovalığını çöküntülərlə təmin edən çay qurumaqdadır. Suvarma sistemlərinin artırılması vacibdir. Suyun hər qramını diqqətlə istifadə etməliyik. Günəş parıltısının illik miqdarı 2500-2800 saatdır. Hər kvadratsantimetrə düşən günəş radiasiyasının illik miqdarı 130-145 kkal/sm2 arasında dəyişir. Suvarma çox aparılan ərazilərdə günəş radiasiyası yüksəkdir. Təklif edirəm ki, həmin ərazilərdən günəş enerjisinin toplanılması üçün istifadə edilsin. Bu enerjidən məişətdə, ictimai yerlərdə istifadə edə bilərik. O ərazilərdə əhalinin 25-30 faizi yaşayır. Həmin əhaliyə həm istilik enerjisi verilsin, həm də anbarlara toplanan suyun bir qismi paylanılsın. Bəlkə, bu qaydada Kürün qurumasının qarşısı alınar".

Ekspert Kür çayının qurumasının su qıtlığı yaratmaqla yanaşı, həm də torpaqları şoranlaşdırdığını qeyd edib: "Təəssüf ki, həmin ərazilərdə nəhəng şoranlıq yaranıb. Kürün qurumasının səbəbləri ciddi araşdırılmalıdır. Kompleks iş ortaya qoyulduqdan sonra həll tapmaq olar. Ermənistan Gürcüstandan fərqli olaraq ölkələrarası su müqavilələrini imzalamır, bu da problem yaradır. Ermənistan çayı çirkləndirir, su israfına yol verir. Azərbaycana 8 hava kütləsi daxil olur, onlar bir-birindən olduqca fərqlidir. Suyun azalmasında insan faktoru əsas rol oynayır. Müəyyən dövr quraqlıq keçəcək. 2050-ci ildən başlayaraq planetdə ənənəvi soyuqlaşma başlayacaq. Buzlaşma dövründən yarımbuzlaşma dövrünə keçid olacaq. Bəlkə də, bu hazırlıq ona gedir. Adətən quraqlıq gəlir, ardınca da qəfil soyuq olur".

Əmir Əliyevin sözlərinə əsasən, dünyada gedən su qıtlığı prosesi Azərbaycandan yan keçməyəcək:

"Əbəs yerə deyilmir ki, Üçüncü Dünya Müharibəsi su üstündə baş verəcək. Azərbaycanda su ehtiyatı azdır. Təklif edərdim ki, kənd təsərrüfatında müasir suvarma sistemlərinə keçilsin. Damcı ilə suvarma sistemləri geniş tətbiq olunmalıdır. Suyu qənaətlə işlədən müasir texnologiyaların ölkəmizdə istifadəsi genişlənməlidir. İsraildə şirin su ehtiyatı demək olar ki, yoxdur. Buna baxmayaraq, onlar müasir texnologiyadan istifadə edərək dəniz suyunu şirin suya çevirə biliblər. Bu kimi ölkələrin təcrübəsindən yararlanmaq və əlavə su mənbələri tapmaq lazımdır. Son 20 ildə Azərbaycanda antisiklonlar üstünlük təşkil edir. Yəni günəşli hava hökm sürür, yağıntı azdır. Bu proses hər yerdə gedir. Kür çayının suyu, Xəzər dənizinin, eləcə də Volqa çayının səviyyəsi kəskin azalıb. Bu qış düşən yağıntının nəticəsi ola bilsin ki, özünü bir qədər göstərsin. Təxminən may, iyun aylarında Kürdə suyun bir az artmasını ehtimal etmək olar. Amma ümumi tendensiya suyun azalmağa doğru getdiyi yönündədir. Qışda düşən yağıntı demək olar ki, Kür çayına gəlib çıxmayıb. Əsas göstərici düşən yağıntının miqdarındadır. Volqa çayının hövzəsinə düşən yağıntının miqdarı da azalıb. Ölkəmizin ərazisinə Qafqazın şərq yamacından tökülən xırda çayların suyu o qədər azalıb ki, gedib dənizə çatmır. Bu suyun qarşısını alıb Şabranda Taxtakörpü su anbarı tikdilər ki, yığılan su Bakıya verilsin. Məlum olub ki, hazırda anbarda su ehtiyatı 50 milyon kubmetrədək azalıb. Bu isə Azərbaycan üçün problem deməkdir. Qeyd edim ki, əvvəlki illərlə müqayisədə sudan israfçılıq halları çoxalıb. Buna yol vermək olmaz. İndi əhalinin sayı artıb. Təxminən iki min əvvəl Yer üzərində cəmi 250 milyon əhali olub, indi bu say 8 milyarddır. Yəni əhali sayında 40 dəfəyə qədər artım var".

Hesablamalara görə, 2100-cü ildə Azərbaycanın su ehtiyatlarının 40 faizi azalması təhlükəsi ilə üz-üzə qala bilərik.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyir ki, su ehtiyatlarının azalması təhlükəsinin qarşısını almaq məqsədilə Kürün aşağı axarında suyun qalması üçün müvafiq tədbirlər görülür: "Nəzərə almaq lazımdır ki, ətrafda təsərrüfat sahələri və suvarma zamanı çayın suyundan istifadə olunur. Ona görə də suyun müəyyən hissəsini anbarlara toplamalıyıq ki, yay aylarında anbarlarda çayların suyundan istifadə edə bilək. Əgər suyun hamısını buraxsaq, yayda susuz qalarıq. Kürün aşağı axarında suyun qalması üçün çalışırıq".

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Su komissiyası yaradılıb.

Baş nazir Əli Əsədov bildirib ki, ölkədə su probleminin həlli hökumət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Artıq su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiya yaradılıb.

Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.

Bu günlərdə "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə içməli suyun qiymətinin yenidən artırılmasını təklif edib:

"Gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər. Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın".

"Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd edib ki, Azərbaycanda sudan istifadə üçün limitlər yarana bilər. Ekspert ölkədə ən quraq regionların Mərkəzi Aran, Naxçıvan və Abşeron olduğunu söyləyib: "Həmin ərazilərin davamlı su ilə təminatına ehtiyac var. Azərbaycanın su ehtiyatlarının əksər hissəsi xarici ölkələrin ərazisində formalaşır. Su təchizatında buna görə problemlər yaşanır".

Onun sözlərinə görə, artıq bu gedişlə sudan istifadə üçün limitlər yarana bilər: "Hər kəs istədiyi yerdə su mühərriki qoyub çaydan su götürə bilməz. Çaylardan götürüləcək suyun miqdarını azaltmaq üçün müxtəlif müasir texnologiyalardan istifadə edilməlidir".

Sevinc QARAYEVA

 

 

 





28.03.2023    çap et  çap et