525.Az

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir... - Vilayət Quliyev yazır


 

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir... - <b style="color:red">Vilayət Quliyev yazır</b>

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri professor Vilayət Quliyev Azərbaycan futbolunun vəziyyəti haqda:

"Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə.

Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri  V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu).

Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- "Bu futboldur, hər dəqiqə hər şey dəyişə bilər", - dedi.

Dördüncü qol vurulanda isə:

- "Futbol boş şeydir. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan", - deyə ürək-dirək verdi.

Sonrakı qollar vurulanda daha heçnə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

2007-ci ilin martın 24-də milli komandamız yenə Polşa ilə qarşılaşmalı oldu. Bundan əvvəl "ev matçını" Bakıda 0-3 hesabı ilə uduzmuşduq.

Üçüncü qarşılaşmanı da Varşavada 5-0 hesabı ilə uduzduq. Beləliklə, 3 oyunda 16 cavabsız top.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil eyni komandaya üçüncü dəfə "quru hesabla" uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

- "Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...", - dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."

Yazı müəllifin "Facebook" səhifəsindən götürülüb.

 





28.03.2023    çap et  çap et