525.Az

Almaniya Ukraynaya 18 "Leopard 2" tankı göndərib


 

Almaniya Ukraynaya 18 "Leopard 2" tankı göndərib<b style="color:red"></b>

Almaniya Müdafiə Nazirliyi Ukraynaya 18 ədəd "Leopard 2" tankı göndərdiyini açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, döyüş tankları Ukrayna əsgərlərinin təlimi başa çatdıqdan sonra təhvil verilib.

525.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu tankların cəbhədə “həlledici töhfə verəcəyinə” əmin olduğunu bildirib.

120 millimetr top mərmilərindən istifadə edilən çox qatlı kompozit zirehlərə malik "Leopard 2s" NATO ölkələrinin istehsal etdiyi ən yaxşı tanklardan biri hesab olunur. Rusiyanın "T-90" tanklarına qarşı hazırlanmış "Leopard 2"lərin Qərbdə istehsal edilən digər tanklara nisbətən daha asan saxlandığı və daha az yanacaq sərf etdiyi bildirilir.

Avropa ölkələrində təxminən 2000 "Leopard 2"nin hələ də istifadə edildiyi təxmin edilir. Almaniya əvvəlcə razılaşmasa belə, sonradan yanvarda bu tankları Ukraynaya göndərməyə razılaşmış, hətta digər ölkələrə bunun üçün icazə vermişdi.

Almaniya qanunlarına görə, bu tankların üçüncü ölkələrə daşınması üçün Berlinin icazəsi olmalıdır.

Həmçinin Ukrayna hakimiyyəti İngiltərənin göndərdiyi “Challenger 2” tanklarının da Ukraynaya çatdığını açıqlayıb. Ukraynanın müdafiə naziri Oleksey Reznikov öz "Facebook" hesabında tankların fotosunu paylaşıb. 

Britaniya Müdafiə Nazirliyi isə tankın daşınması ilə bağlı şərh verməsə də, Ukrayna şəxsi heyətinin təlimləri başa vuraraq ölkələrinə qayıtdığını təsdiqləyib.

Fərid Sançar

 





28.03.2023    çap et  çap et