525.Az

Xəbərdarlıqdan hərəkətə


 

BAKI QANUNSUZ ADDIMLARA GÖZ YUMMAYACAQ

Xəbərdarlıqdan hərəkətə<b style="color:red"></b>

Ermənistanın son addımları bir daha onu göstərdi ki, bu ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqda davam edir, normallaşma prosesini mümkün qədər uzatmağa çalışır. Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, İrəvan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlərini davam etdirərək separatçıları silah-sursatla, canlı qüvvə, digər hərbi təyinatlı vasitələrlə təmin etməkdə idi. Bu daşınmalar isə Laçın yolunun şimalındakı torpaq yolları vasitəsilə həyata keçirilirdi. Məlumdur ki, Laçın yolunda 100 gündən artıqdır ki, azərbaycanlı ekofəallar bütün bu qeyri-qanunu addımlara, eyni zamanda, təbii sərvətlərimizin istismarına, ekoloji terrora etiraz olaraq aksiya keçirirlər. Bu aksiya həm də qanunsuz fəaliyyətlərin qarşısını aldığı üçün ermənilər öz çirkin məqsədləri üçün alternativ yollardan istifadəyə əl atmışdı. Azərbaycan dəfələrlə bəyanat verərək, bu daşınmalarla bağlı faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Çünki həmin silahlar bizə tuşlanır, həmçinin minalar insanlarımızın həyatına son qoymaqda davam edir. Bundan əlavə, silah-sursatla, canlı qüvvə ilə təminat separatçıların əl-qolunu açır və vəziyyəti gərginləşdirir. Xatırladaq ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması bir daha Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirdi. Xəbərdarlıqların ardınca hərəkətə keçən Bakı nümayiş etdirdi ki, öz ərazisində qanunsuz fəaliyyətlərə yol verməyəcək. Müdafiə Nazirliyinin açıqlamasında qeyd olundu ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilir. Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Görünən odur ki, Ermənistan Azərbaycanın sülh çağırışlarına təxribatlarla, vəziyyəti gərginləşdirməklə cavab verir. Amma onun da fərqindədir ki, bu mövqeyini uzun müddət davam etdirə bilməyəcək. Çünki qeyd etdiyimiz kimi, rəsmi Bakı erməni tərəfinin revanşist hərəkətlərinə, suveren ərazilərimizdəki qanunsuz addımlarına nə imkan verəcək, nə də buna dözüm göstərəcək. Ermənistan ona verilən şansdan yararlanmalıdır.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də bir daha Ermənistana xəbərdarlıq etdi.

Sitat: "Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan - azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz".

Beləliklə, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısı artıq alınıb. Bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və həmin yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini nümayiş etdirdi. Eyni zamanda, Ermənistanın qanunsuz addımları həm də Azərbaycanın Laçın yolunda sərhəd keçid məntəqəsinin yaradılması ilə bağlı təklifinin zəruriliyini bir daha isbatladı.

 

 





29.03.2023    çap et  çap et