525.Az

Qərbi Azərbaycan İcması beynəlxalq müstəviyə çıxır


 

QURUMUN İKİNCİ SƏNƏDİNİN BMT-də YAYILMASI DÜNYADA İCMANIN VARLIĞININ QƏBULU DEMƏKDİR

Qərbi Azərbaycan İcması beynəlxalq müstəviyə çıxır<b style="color:red"></b>

Qərbi Azərbaycan İcmasının ikinci sənədi Birləşmiş Millətlər Təşkilatının (BMT) sənədi kimi yayılıb. BMT katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İcmadan verilən məlumata görə, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

"Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır" - deyə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar bildirib.

Qeyd etdiyimiz kimi, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Həmin müraciət də BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu sənədlərin yayılması artıq o deməkdir ki, Qərbi Azəbaycan İcması dünyada tanınır və qəbul olunur. Beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycana dəstək verməlidir. Çünki Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıtması onların haqqıdır, ədalətin yerini tapması deməkdir. Beynəlxalq konvensiyalarda da bu hüquq təsbit edilib. Necə ki, ermənilər Azərbaycan ərazisində yaşayırlar, Qərbi azərbaycanlıların da bu hüququ tanınmalıdır. O da sirr deyil ki, bu gün Ermənistan monoetnik dövlətə çevrilib, bu ölkədə bir nəfər belə Azərbaycan əsilli insan yaşamır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışı əsas vəzifələrdən biri kimi müəyyən edib.

Ötən il Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə verdiyi mühüm mesajlar bu qayıdışın yol xəritəsi oldu.

BMT-də yayılan sənədlər mövzunun beynəlxalq gündəmə gətirilməsində mühüm rol oynayır. Bu istiqamətdə atılacaq addımların əksəriyyəti də beynəlxalq strukturlar, o cümlədən, BMT, Qaçqınlar Ali Komissarlığı, İnsan Hüquqları Komissarlığı kimi bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə, eyni zamanda, qaçqınlarla bağlı olan beynəlxalq sənədlərə əsasaslanır.

Həmçinin, Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

 

 

 





29.03.2023    çap et  çap et