525.Az

Uşaqlar niyə peyvənd olunmalıdır?


 

PEYVƏNDİN TƏTBİQİNDƏN BU YANA BİR SIRA XƏSTƏLİKLƏRİN KÖKÜ KƏSİLİB

Uşaqlar niyə peyvənd olunmalıdır?<b style="color:red"></b>

Əsrlər boyu dəhşətli epidemiyalar milyonlarla insanın həyatına son qoyub. Zaman keçdikcə bir çox təhlükəli xəstəliklərə qarşı peyvəndlər meydana çıxıb. İlk dəfə profilaktik peyvəndləri 18-ci əsrin sonunda ingilis həkimi E.Cenner aparıb.

Son zamanlar "Peyvənd olunmalımı, ya olunmamalımı" sualı xeyli dərəcədə aktuallaşıb. Peyvəndin əleyhinə olan kəsimin arqumentinə görə, yeni doğulmuş uşağın əsas "qoruyucusu" anadır və o, övladına ana südü ilə birlikdə zərərli mikroblarla mübarizə aparmaq üçün hazır anticisimlər ötürür.

Pediatr Nigar Abdullayeva "525"ə açıqlamasında son illər bir çox valideynlərin peyvənddən imtina etdiyini təsdiqləyib: "Bir çox valideynlərdə peyvəndlərin uşaqlarda autizmə səbəb olacağı kimi yanlış təsəvvürlər formalaşıb. Xüsusilə qızılca, parotit, məxmərək (QPM) peyvəndinin buna səbəb olması təsəvvürü var. Əslində isə bunlar tamamilə yalnış fikirlərdir. Peyvəndlərin təhlükəsizliyinə nəzarət edən ABŞ-ın Tibb İnstitutu, CDC, FDA, Ümumdünya Səhiyyə Təşkilatı yayımladıqları bəyanatlarda peyvəndlə autizm arasında heç bir əlaqənin olmaması qənaətinə gəliblər. QPM peyvəndi autizm yaratmır".

Bəs, o zaman nə üçün "autizm" diaqnozu təxminən peyvənd  vurulduğu ərəfədə qoyulur. Nigar Abdullayevaya görə, autizmin əlamətlərindən biri nitq inkişafının ləngiməsidir. Demək olar ki, bir yaşına qədər uşaqlar danışmırlar, buna görə də həkimlər nitq inkişafının ləngiməsini körpələrin 15-18 aylığında aşkarlaya və autizm diaqnozunu qoya bilirlər. Təxmini elə bu aylarda da uşaqlara QPM peyvəndi olunur. Bu səbəbdən də anaların çoxu autizmi peyvəndlə əlaqələndirir. Əvvəllər peyvəndlərin tərkibində civə kimi konservantlar olurdu. Tiomersal - civə birləşməsidir və konservant kimi peyvəndin tərkibində istifadə edilir. Artıq 2001-ci ildən etibarən bu konservantlar bir sıra uşaq peyvəndlərinin tərkibindən çıxarılıb. Tədqiqatlar göstərib ki, peyvəndləmədən sonra orqanizmdə civənin səviyyəsi toksik səviyyəni keçmir və heç bir yan təsirə səbəb olmur. Son illər peyvəndlərin tərkibindən civənin çıxarılmasına baxmayaraq bir sıra ölkələrdə autizm hallarının sayı artmaqda davam edir. Bu da bir daha səbəb-nəticə (civə-autizm) əlaqəsinin olmamasını sübut edir".

Müsahibimiz bildirib ki, çoxsaylı tədqiqatlar  peyvəndin autizmə səbəb olduğunu göstərən tutarlı sübutun olmadığını təsdiqləyib: "Peyvəndlər infeksion xəstəliklərlə mübarizədə sınanmış ən effektiv vasitədir. Peyvəndlər tətbiq olunmağa başladığı müddətdən bu günə qədər bir sıra təhlükəli, ölümlə nəticələnən, əlilliyə səbəb olan infeksion xəstəliklərin kökü tamamilə kəsilib. Peyvəndlər əsasən, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, hepatit B, qızılca, parotit, məxmərək, pnevmokok, meninqokok, hemofilus influenze, suçicəyi, qrip kimi xəstəliklərin qarşısını almaq məqsədi daşıyır. Peyvəndlərin uşaq yaşlarında olunması ona görə vacibdir ki, immun sistemi tam formalaşmamış uşaq orqanizmi bu infeksion xəstəliklərlə mübarizədə acizdir, ona görə də bir sıra hallarda bu xəstəliklər ağır formada keçir, ya da ölümlə nəticələnir. Odur ki, uşaqlara peyvəndlərin olunması mütləq və zəruridir.

Peyvəndin əks göstəricilərinə gəlincə, bunları qeyd edə bilərik: proqressivləşən nevroloji xəstəliklər (məsələn, müalicəyə tabe olmayan epilepsiya), primer immun yetməməzliyi, qazanılmış immun yetməməzliyi, peyvəndə qarşı anafilaktik reaksiya, hamiləlik zamanı canlı vaksinlər, bəzi infeksion xəstəliklərin kəskin dövrü. Amma yüngül keçən respirator virus infeksiyaları, yüngül diareyalar bura aid olunmur. Həmçinin, peyvəndin vurulması üçün yay ayları da əks göstərici sayıla bilməz. Göründüyü kimi, peyvəndin əks göstərişləri çox deyil. Hörmətli valideynlər, yoluxucu xəstəliklərin ağır fəsadları ilə qarşılaşmaq istəmirsinizsə, uşaqlarınızı zamanında peyvənd elətdirin".

Uşaqlar arasında koronavirusa yoluxma hallarının az olması onlara vurulan pnevmakok və BSJ peyvəndi ilə əlaqədirilir. Bu peyvəndlər ağciyərlərdə və bronxlarda xəstəliyin yayılmasının qarşısını alır. Yalnız qızdırma verən peyvəndlərin vurulması qadağandır, digər bütün peyvəndlər vurula bilər. Həmçinin, uşaq peyvənd vurulmadan öncə mütləq pediatr, nevropatoloq müayinəsindən keçirilməli, ondan qan analizi götürülməlidir.

Havar ŞƏFİYEVA

 





29.03.2023    çap et  çap et