Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın münasibətlərin normallaşmasına dair razılığa gəlməsi çox geniş müzakirələrə yol açdı. Məlum olduğu kimi, İran və Səudiyyə Ərəbistanın nümayəndələri Pekində bir neçə gün ərzində danışıqlar aparıblar və nəticədə üçtərəfli bəyanat qəbul edilib. Martın 10-da imzalanan anlaşmaya görə İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Üçtərəfli bəyanatda bildirilir ki, Tehran və Ər-Riyad suverenlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiqdirlər, həmçinin, ticarət, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlığı bərpa etməyi planlaşdırırlar.
Bu hadisənin Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdiyini bildirənlərlə yanaşı, min illik sünni-şiə qarşıdurmasına da son qoyacağını iddia edənlər var. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Səudiyyə Ərəbistanı və İran arasında əldə olunan razılaşmanı Çinin yeni dünya nizamının yaradılmasında iştirak etmək istəyinin həyata keçirilməsində mühüm addım adlandırıb.
Henri Kissincer bu fikirlərini The Washington Post qəzetinin şərhçisi Devid İqnatiusla söhbətdə bildirib. Devid İqnatius özü isə hesab edir ki, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmalar ABŞ-ın regionda "əvəzolunmaz güc olmadığını" göstərir. İqnatius bu vəziyyəti Yaxın Şərqdə çoxqütblülüyün başlanğıcı kimi dəyərləndirir. Belə göürünür ki, bu iki şəxsin fikirləri təxminən üst-üstə düşür.
Tehranla Ər-Riyad arasında diplomatik münasibətlər 2016-cı ildə Səudiyyə Ərəbistanının tanınmış şiə ruhanisi Ayətulla Nimr əl-Nimri edam etdikdən sonra kəsilmişdi. Ötən yeddi il ərzində Tehranla Ər-Riyad diplomatik münasibətləri bərpa etməyə bir neçə dəfə cəhd göstəriblər. İki il öncə İranla Səudiyyə Ərəbistanı İraqın vasitəçiliyi ilə danışıqlar aparıblar. Bağdadda keçirilən danışıqların bir neçə raundu uğursuz olsa da, münasibətlərin qismən yumşalmasına səbəb olmuşdu. Buna görə də 2022-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı 2016-cı ildən ötən müddət ərzində ilk dəfə İslam Əməkdaşlıq Təşkilatında çalışan üç iranlı diplomata viza verdi. Məlum olduğu kimi İslam Əməkdaşlıq Təşkilatının baş qərargahı Səudiyyə Ərəbistanın ikinci ən böyük şəhəri olan Ciddədə yerləşir. Ər-Riyadın bu addımına qarşı Tehran da qarşılıqlı addım ataraq Səudiyyə Ərəbistanı və İraqın enerji şəbəkələrinin birləşdirilməsinə müsbət reaksiya verdi. Baxmayaraq ki, bundan əvvəl Tehran İraqın enerji bazarını özünün müstəsna maraq dairəsi hesab edirdi. Lakin İranda etirazların başlaması Tehranla Ər-Riyad arasında yaxınlaşmanı dayandırdı. Tehran etirazların arxasında Körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının dayandığını güman edirdi.
Tehranla Ər-Riyadın əvvələr də barışmaq istədiyini nəzərə alanda Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın razılığa gəlməsi sürpriz hesab olunmamalıdır. Tehran və Ər-Riyad diplomatik münasibətlərin bərpasının ən yaxşı variant olduğunu anlamışdılar, sadəcə nüfuzlu vasitəçiyə ehtiyacları vardı. Buna görə də Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanı Pekinin böyük qələbəsi kimi dəyərləndirmək doğru deyil. Əvvəllər Yaxın Şərqdəki siyasi proseslərə böyük maraq göstərməyən Çin yaranmış imkanı dəyərləndirib və özünün sülhpərvər imicini gücləndirmək üçün yaranmış fürsətdən istifadə edib.
Çinin böyük uğuru kimi təqdim edilən Tehranla Ər-Riyadın anlaşması əslində çox kövrəkdir. Çünki bu razılaşma İranla Səudiyyə Ərəbistanı arasındakı bütün ziddiyyətləri keçmişdə buraxmağa imkan vermir. Digər tərəfən, İslam Respublikasının mövcud olduğu 44 il ərzində Tehran və Ər-Riyad arasında münasibətlər dəfələrlə gərginləşib və normallaşıb. Hər yeni normalaşmadan sonra gərginləşmə baş verib. İran və Səudiyyə Ərəbistanı bölgədə bir-birinə rəqib olaraq qalırlar. Ən əsası bölgədəki vəziyyət Tehranla Ər-Riyad arasında münasibətlərin hər an gərginləşə biləcəyini göstərir. Məsələn, Səudiyyə Ərəbistanı üçün Yəməndə sülhün yaranması çox böyük əhəmiyyət daşıyır. Ancaq belə görünür ki, Yəməndə sülh olmayacaq. İranın dəstəklədiyi Husilər artıq bəyan ediblər ki, Tehranla Ər-Riyad arasında münasibətlərinin normallaşması hərbi əməliyyatların gedişinə heç bir şəkildə təsir göstərməyəcək.
Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Nazirlər Şurasının 155-ci iclasının qərarları və bu qərarlara İranın reaksiyası da Tehranla Ər-Riyad arasında münasibətlərinin normallaşmasının asan olmayacağını göstərir. Nazirlər Şurası İranın Böyük Tunb, Kiçik Tunb və Əbu Musanı işğalını davam etdirməsini rədd edib və Birləşmiş Ərəb Əmirliklərinin üç ada üzərində suverenliyinə dəstəyini vurğulayıb. Nazirlər Şurası İranı Birləşmiş Ərəb Əmirliklərinin problemi birbaşa danışıqlar yolu və ya Beynəlxalq Məhkəməyə müraciət etməklə həll etmək səylərinə cavab verməyə çağırıb.
Səudiyyə Ərəbistanı təmsilçisinin də imzası olan Nazirlər Şurasınının qərarına İran kəskin reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyan edib ki, Əbu Musa, Böyük və Kiçik Tunb adaları İran İslam Respublikasının əbədi olaraq ayrılmaz hissələridir. Bu isə o deməkdir ki, İranla Birləşmiş Ərəb Əmirliyi, dolayısı ilə isə Səudiyyə Ərəbistanı arasında münaqişə ehtimalı real olaraq qalır.
Tehranla Ər-Riyad arasında münasibətlərinin gələcəyi önəmli şəkildə ABŞ-ın bölgəyə yönəlik siyasətindən, xüsusilə İrana qarşı addımlarından birbaşa asılı olacaq. ABŞ isə son zamanlar İrana qarşı siyasətini sərtləşdirib. Suriyada İrana bağlı qüvvələrin bazalarına güclü hərbi zərbə endirən ABŞ Tehrana qarşı hərbi əməliyyatlar planın da hazır olduğunu bəyan edib. Əgər ABŞ İrana qarşı sərt siyasətini bundan sonra da davam etdirsə, heç şübhəsiz ki, Ər-Riyad da Tehrana qarşı mövqeyini sərtləşdirəcək. Bütün bunlar İranla Səudiyyə Ərəbistanının barışması haqqında iddiaların gerçəklikdən uzaq olduğunu göstərir.
Çin isə Yaxın Şərqdə təsir dairəsi uğrunda ABŞ və Rusiya ilə mübarizə aparmalı olacaq. Amma hələlik o, belə bir mübarizəyə tam hazır deyil.