525.Az

Putinin yeni planı Moskvanın əleyhinə işləyəcək


 

Putinin yeni planı Moskvanın əleyhinə işləyəcək<b style="color:red"></b>

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı verib. Bu barədə  "Rossiya 24" telekanalının efirində danışan prezident Vladimir Putin deyib ki, Moskva Belarusda iyul ayına qədər raketlər üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Belarusa kömək etdiklərini bildirən Putin bir sıra faktlar açıqlayıb. "Biz təyyarələrdə modernləşmə aparmışıq və 10 təyyarə taktiki silahların istifadəsinə hazırdır. "İskəndər" raketləri vermişik. İndi isə taktiki nüvə silahlarımızı Belarusda yerləşdirəcəyik".

Belə görünür ki, Rusiya Belarusu hansısa hərbi əməliyyatlara hazırlayır. Baxmayaraq ki, Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini Böyük Britaniyanın Ukraynaya tükənmiş uran qarışığı olan mərmilər verməsi ilə izah edib. Lakin bu çox da inandırıcı dəlil kimi görünmür.

Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsi Moskvanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərindən imtina etməsi anlamına gələcək. Bu isə Rusiyanın özünün əleyhinə işləyəcək. ABŞ bundan sonra Avropadakı NATO ölkələrində, o cümlədən, Şimali Atlantika Alyansına qoşulmaqda olan Finlandiya və İsveçdə nüvə silahları yerləşdirmək imkanı qazanacaq. Doğrudur, Pentaqon Putinin yeni planından sonra Vaşinqtonun nüvə strategiyasına düzəliş etmək niyyətində olmadığını qeyd edib, lakin Belarusda nüvə silahının yerləşdirilməsi vəziyyəti tamamilə dəyişə bilər.

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına kəskin reaksiya isə Avropa və Çindən gəlib. Avropa İttifaqı Belarusda taktiki nüvə silahı yerləşdirilməsinə görə Rusiyaya qarşı yeni sanksiya tətbiq edəcəyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək planları barədə bəyanatını şərh edərkən bildirib ki, heç bir halda Ukraynadakı müharibə nüvə münaqişəsi həddinə çatdırılmamalıdır. Çin rəsmisi xatırladıb ki, 2022-ci il yanvarın 5-də nüvə silahına malik beş dövlətin liderləri nüvə müharibəsində qalib gəlməyin qeyri-mümkün olduğunu bildirən birgə bəyanat yayıblar. "Hazırkı şəraitdə bütün tərəflər diplomatik səylərini Ukraynadakı müharibənin sülh yolu ilə həllinə yönəltməli və vəziyyətin yumşaldılmasına birgə töhfə verməlidir".

Rusiya rəhbərliyinin yenidən nüvə silahını gündəmə gətirməsinin Moskvanı azsaylı tərəfdaşlarında da narazılıq yaratması Putinin yeni planının Moskvanın əleyhinə işləməyə başladığını göstərir. Nüvə silahının yayılmasının yolunu aça biləcək bu addıma Hindistan və Ərəb ölkələri də qarşı çıxacaq. Bu isə Rusiyanın daha da təcrid olunmasına yol açmış olar. Əgər Çin və Hindistan Rusiya ilə münasibətlərinə kiçik düzəlişlər etsələr, bu, Moskva üçün ölüm hökmünə bərabər olar.

 





30.03.2023    çap et  çap et