525.Az

"Həm sağalmaz yaramız, həm də ən böyük qürurumuzdur"


 

ŞƏHİD ARİF QEYBİYEVİN HƏYAT YOLDAŞI İRANƏ XANIM QƏHRƏMAN DÖYÜŞÇÜMÜZLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞÜR

"Həm sağalmaz yaramız, həm də ən böyük qürurumuzdur"<b style="color:red"></b>

Ən böyük həsrətimiz olan Qarabağımıza qovuşmaqla, müqəddəs torpaqlarımızın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsinin əziz şəhidlərindən biri də Arif Qeybiyevdir. O, 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində doğulub. 2002-ci ildə E.Ağayev adına Səncəri kənd tam orta məktəbinə daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.

A.Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa, atletika üzrə dəfələrlə birincilik qazanıb. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayiəti ilə keçirilən Məşəl Yürüşündə A.Qeybiyev də iştirak edib.

O, 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakıda Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 4 dəfə sənəd verdikdən sonra istəyinə nail olub. 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında tankçı kimi yenidən hərbi xidmətə başlayıb. Həmin ilin avqustunda təyinatı Füzulidə yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib.

Tankçı A.Qeybiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzuli döyüşlərində onun dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından çıxaraq 100-200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gələrək şəhid olub. Astaranın Ərçivan qəsəbəsində dəfn olunub.

Arif Qeybiyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ailəli olan şəhidimizin Gülnur adında qız övladı yadigar qalıb.

Əziz şəhidimizi daha yaxından tanımaq, xatirəsini bir daha anmaq üçün ömür-gün yoldaşı İranə xanımla həmsöhbət olduq. İranə xanım sevimli həyat yoldaşını dərin hüzn və qürur hissi ilə xatırlayır:

 

- Arif haqqında nə qədər danışsam, bitməz. Hardan başlayım, özüm də bilmirəm. O qədər gözəl insan idi ki, sadəliyi ilə seçilirdi. Onu hamı çox istəyirdi, hər kəslə dil tapmağı bacarırdı. Tez əsəbiləşir, amma tez də hirsi soyuyurdu. Çox kövrək, yanımcıl, gülərüz idi. O, mənə təkcə həyat yoldaşı deyildi, hər bir doğmamı əvəz edə bilirdi. İkimiz də Astara Pedaqoji Kollecində oxumuşuq. Arif orada Bədən tərbiyəsi fakültəsində, mən isə Məktəbəqədər təlim və tərbiyə fakültəsində oxuyurdum. 2-ci kursda oxuyarkən tanıdım onu. Arif 3-cü kursda idi. Ən yaxın rəfiqəm Ariflə bir kursda oxuyurdu. Tələbəliklə bağlı gözəl xatirələrimiz var. Kollec vaxtı tanışlığımız tələbə yoldaşı kimi olsa da, o, tez-tez deyirdi ki, anamı sizə elçi göndərəcəm. Mənsə gülüb deyirdim ki, biz hələ uşağıq. Əsgərlik zamanı məzuniyyətə gələndə mənə elçi göndərəcəyini bildirdi, mən də razılıq verdim. 10 aprel 2017-ci ildə biz nişanlandıq. 2019-cu il aprel ayında toyumuz oldu. Onun kimi mərd oğlanla ailə qurduğum üçün heç vaxt peşman olmadım.

- Arif idmançı idi. Sonra niyə idman karyerasını davam etdirməyib hərbiyə qayıtdı? Onu ordu sıralarına qayıtmağa nə vadar etmişdi?

- Arif idmanla uşaqlıqdan məşğul olub. Atletika üzrə gənclər arasında 3 qat Azərbaycan çempionu, Avropa oyunlarının iştirakçısı olmuşdu. Diplomu, medalları çoxdur. İdmanın ardınca getməsi bəzi səbəblərdən alınmadı. Ancaq o, hərbi işi də sevirdi, hərbçi olmaq istəyirdi. İşinə hörmətlə yanaşırdı. Onun idmanla məşğul olması hərbiyə imtahanlar verəndə də özünü göstərdi. İdmanda böyük iz qoyduğu üçün İdman Federasiyası tərəfindən 2021-ci ildən hər il sentyabr-oktyabr ayında Astarada Arifin əziz xatirəsinə həsr olunmuş ölkə üzrə qaçış yarışı təşkil edilir.

- Qarabağ haqqında, müharibə ehtimalı barədə nələr deyirdi?

- Mübariz İbrahimovun videolarına çox baxırdı. Polad Həşimov şəhid olandan sonra lap dəyişmişdi. Bu itki hamı kimi Arifi də sarsıtmışdı, ancaq qisas haqqında düşünürdü.  Xocalı faciəsindən, qanlı tariximizdən danışanda çox kövrəlirdi. Bu mövzuda həssas idi.  Arifdə bayrağımıza çox böyük sevgi vardı. Toyumuzda gəlin maşınını da bayraqla bəzəmişdi. Qızımız dünyaya gələndə onu da bayraqla qarşıladı. Xəstəxana çıxışımız 26 Fevral Xocalı soyqırımına təsadüf etdiyindən maşın bəzəməmişdi, ancaq böyük bir bayraq almışdı. O bayrağı atasından qızına əmanət kimi saxlayıram. İndi Gülnur da bayrağı çox sevir. Bu sevgi atasından keçib qızına. Harada bayraq görsə, "Ana, Azərbaycana bax! Yaşa, Azərbaycan" - deyir. Bu mənə çox təsir edir. Fəxr edirəm ki, atasından bu cür gözəl duyğular keçib qızıma.

- Gülnura necə ata idi şəhidimiz?

- Gülnurla nəfəs alırdı, onu elə bağrına basıb qoxusunu içinə çəkərdi ki, sanki hiss edirdi əbədi ayrılacağını (gözləri dolur). Gülnurun dil açmağını, yeriməyini səbrsizliklə gözləyirdi. Deyirdi ki, ilk sözü "ata" olsun. Amma heyf ki, heç birini görə, eşidə bilmədi (kövrəlir). Gülnuru oxutmaq idi arzusu. Qızımızın 1 yaşını necə qeyd edəcəyimizin planlarını da qurmuşduq, amma qismət olmadı. Gülnur 7 aylıq ikən atası şəhadətə yüksəldi.

- Müharibəyə necə getdi?

- Atası rəhmətə getdiyindən Füzulidən kəndə gəlmişdik. Arif atasının "yeddi" mərasimini yola verib 23 sentyabrda geri qayıtdı. Mən ilk dəfə idi ki, ona "getmə" dedim. Heç vaxt darıxdığımı bildirməzdim ki, xidmət yerində narahat olmasın, amma həmin gün uşaq kimi ağladım, "getmə" dedim. Səfərbərlik elan olunmuşdu, nəsə olacağını hiss edirdim. Arif göz yaşımı silib dedi ki, dostlarımı orada tək qoya bilmərəm. Həmişə o xidmətə gedib-gələndə mən onun şəkillərini çəkərdim. Bu dəfə isə özü dedi ki, gəl şəkil çəkdirək, həyatdır, bilmək olmaz. Gülnurla, mənimlə şəkil çəkdirib getdi. Son danışığımız 27 sentyabr səhər saat 9-a işləmiş oldu. Həmin gecə saat 3-ə kimi danışmışdıq. "Hər şey hazırdır, bu gün son gecədir" dedi, şəhidlik arzusundan söz açmışdı. Həmişə bunu arzu edirdi özünə. Ağladığımı hiss edib sözü dəyişdi ki, mənə heç nə olmaz. Səhər onun mesajı ilə oyandım, saat 6-ya qalmış yazmışdı. Son sözləri "Yaşasın Azərbaycan! Vətən sağ olsun!" idi. Həmişəki kimi Gülnuru mənə əmanət etdiyini yazmışdı. Zəng vurdum, açmadı, sonra özü yığdı, "yaxşıyam, narahat olma hər şey yaxşıdır"- dedi və onu çağırdılar.

Ondan sora zənglərim cavabsız qaldı. Həmin gün televizorda "kənd Horadiz xilas olunub" sözünü eşidəndə nəsə ürəyimə damdı ki, Arifimə nəsə olub. Zənglərim də cavabsız qalırdı. Bir neçə saat sonra Arifin şəhidlik xəbəri gəldi, dünyam başıma yıxıldı, onun bayrağa sarınmış tabutunda mənim gəncliyim, xoşbəxtliyim getdi. Gözəl olan bir şey vardı ki, Arif şəhidlik arzusuna çatdı.

Arifsiz həyatımda bir yanım hər zaman boşdur. Onun yoxluğunu həmişə hiss edirəm. Onsuz hər şey o qədər çətindir ki! Arifsiz həyat bayramları məzar üstə keçirmək deməkdir. Hər yerdə gözüm onu axtarır, bəlkə çıxıb gələr deyə. Arifsiz həyatımda sonsuz kədər, həsrət var... Amma körpəmizə həm ata, həm ana olmaq var. Bu yükü daşımaq çox çətin olsa da, şərəflidir. Arifsiz həyatımın mərkəzində Gülnur var. Arifin əmanətinə onun özü kimi baxa bilməsəm də, adına layiq böyüdəcəyəm. Mən də, qızım da daim Ariflə fəxr edirik, edəcəyik də. O, bizim bizim həm sağalmaz yaramız, həm də ən böyük qürurumuzdur.

 

 





29.03.2023    çap et  çap et