525.Az

Dünyada su böhranı: təhlükə qapını döyür


 

Dünyada su böhranı: təhlükə qapını döyür<b style="color:red"></b>

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır.

Azərbaycanda da içməli su qıtlığı artıq özünü göstərməyə başlayıb. Bununla əlaqədar vəziyyəti nizamlamaq üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Hətta "Azərsu" ASC ötən günlərdə qənaət rejimi ilə bağlı qərar qəbul edib, paytaxtın bəzi hissələrində bu rejimə keçilib.

Hesablamalara görə, 2100-cü ildə Azərbaycanın su ehtiyatlarının 40 faizi azalması təhlükəsi ilə üz-üzə qala bilərik. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.

Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 faiz azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 faiz azalacağı gözlənilir. Ölkəmiz adambaşına düşən su ehtiyatlarına görə 90-cı yerdədir. Ümumi su ehtiyatları üzrə isə hətta 140-cı yerdəyik.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, dünya əhalisinin böyük hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir: Bu problem nəinki Azərbaycanda, bütün dünyada var və getdikcə böyüyəcəyi proqnozlaşdırılır. Hətta bir neçə onillikdən sonra su qıtlığı nəticəsində ciddi faciələr yarana bilər: "Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur".

Nazir bildirib ki, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir: "Su ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı geniş maarifləndirmə işləri aparılır. Sosial-iqtisadi inkişafla əlaqədar ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak etməlidir. Özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Ətraf mühitin deqradasiyasına səbəb ola biləcək fəaliyyətlərin qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir. Yaşıl iqtisadiyyata keçid mərhələsində suya qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji təmiz istehsal prinsipləri, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi, su hövzələrinin, bioloji müxtəlifliyin və meşələrin qorunması kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməli, beynəlxalq əməkdaşlığı gücləndirməli, ekoloji problemlərin həllinə gətirib çıxara biləcək bütün imkanlardan istifadə etməliyik. 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi konteksində görüləcək bu tədbirlər təkcə Azərbaycanın deyil, bütün dünyada, regionda dayanıqlı inkişafa təkan verəcək. Bu fəaliyyətin həyata keçirilməsində BMT nəzdindəki təşkilat və proqramlardan daha geniş əməkdaşlıq imkanları olacaq".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir: "Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub. Hazırda Azərbaycanda da içməli suya müəyyən qısamüddətli qadağalar tətbiq edilir, su fasilələrlə verilir. Əkin sahələrində də qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac mütləqdir. Çünki keçən il əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq göstərdi, hətta bəziləri tamamilə məhv oldu. Xüsusilə, pambıq əkini ilə məşğul olan rayonlarda belə hal müşahidə edildi. Bu il də eyni problem gözlənilir. Qış ayları yağıntının miqdarı az, çaylarda sululuğun səviyyəsi aşağı oldu. Ancaq hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməkdədir. Yeni suvarma texnologiyalarının tətbiqi ön plana çıxarılıb. Bu faktdır ki, suvarma suyuna qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata keçirilir. Bizim su kanallarımız çox bərbad haldadır, müasir tipli deyil, beton kanallarla əvəz olunmayıb və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq planlaşdırma həyata keçirilməlidir. Hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi, hansı ərazilərə daha çox su verilməsi kimi məsələlər təhlil edilməli, buna uyğun strategiya müəyyənləşdirilməlidir".

Komitə sədri vurğulayıb ki, ciddi nəzarət tətbiq edilərsə, suya qənaət və kənd təsərrüfatında məhsuldarlığın artırılması mümkündür:  "Yeni su anbarlarının yaradılması da xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı bu sahəyə daim diqqət yetirir. Ona görə indidən tədbirləri genişləndirmək, yeni su kanalları istifadəyə verilənə qədər su ehtiyatını normal səviyyədə saxlamaq lazımdır. Çayların məcrasının su anbarlarına yönəldilməsi istiqamətində işlər aparılır. Su təsərrüfatının yaxşılaşdırılması üçün əvvəlki illərdən fərqli olaraq, bu ilin dövlət büdcəsində daha artıq xərclər nəzərdə tutulub. Eynilə beton kanalların istifadəyə verilməsi işləri davam etdirilir. Yeni su mənbələrinin üzə çıxarılması istiqamətində də müvafiq orqanların addımlarını görürük. Hökumətin bu sahədə böyük tədbirlər planı var, hətta Dövlət proqramı səviyyəsində qərarların qəbul edilməsi gündəmdədir".

AMEA-nın vitse-prezidenti İradə Hüseynova qeyd edib ki, Azərbaycanda və dünyada su qıtlığı getdikcə daha da şiddətlənə bilər. Su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: "Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır".

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun dediyinə görə, ölkənin 25 milyard kub su ehtiyatı var: "Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 faiz azalıb. Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər".

V.Kərimov vurğulayıb ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".

Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov su probleminin səbəblərindən biri kimi kənd təsərrüfatının genişlənməsini görür: "Kürdə suyun kəskin azalması və qurumasının səbəbi çox müxtəlifdir. Təbii ki, burada biz nəzərə almalıyıq ki, Kür transsərhəd çaydır və iqlim dəyişikliklərinin kəskin dəyişmələrinə məruz qalır. Bu, böyük çay olduğu üçün həm Türkiyə, ərazisində, həm Gürcüstanda, həm də Azərbaycanın özündə Kürdən su götürmələri getdikcə artmaqdadır. Azərbaycanda kənd təsərrüfatı sahələrinin sahəsi sürətlə artır ki, bu da suya olan tələbatın daha da artmasına səbəb olur".

Kənd təsərrüfatında su itkilərinə yol verildiyini deyən ekspert suya qənaətlə bağlı bir sıra təkliflər də irəli sürüb: " Biz təcili olaraq su itkilərini azaltmalıyıq. Bundan ötrü müasir suvarma texnologiyalarına keçid lazımdır. Bundan əlavə, torpaq kanallar betonlaşdırılmalı, açıq arxlar boru ilə əvəz olunmalı, fermerlərdə suya qənaətə təşəbbüsü yaradılmalıdır. Ən nəticədə sayğaclaşdırma işləri aparılmalıdır ki, su itkilərinin qarşısı alınsın. Biz suyu damla-damla istifadə etməliyik. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməli, daha dözümlü kənd təsərrüfatı yaradılmalıdır".

Sevinc QARAYEVA

 





29.03.2023    çap et  çap et