525.Az

Gənc yazıçılar üçün nəzəriyyə dərsi: Naturalizm cərəyanı - Məti Osmanoğlu yazır


 

Gənc yazıçılar üçün nəzəriyyə dərsi: Naturalizm cərəyanı - <b style="color:red"> Məti Osmanoğlu yazır</b>

Naturalizm ədəbi cərəyan kimi XIX əsrin ikinci yarısında Fransada yaranıb və proqramlı şəkildə formalaşıb. "Naturalizm" termini latın dilindən gəlir, mənası  "təbii" deməkdir.  Bu cərəyanın qarşısına qoyulan başlıca məqsəd psixoloji və sosial gerçəkliyi bədii əsərlərdə təbiət elmlərində istifadə olunan metodlar vasitəsilə təsvir etmək idi. Naturalizm cərəyanının təmsilçiləri gerçəkliyin və insan xarakterinin obyektiv, dəqiq və qərəzsiz təsvirinə can atdıqlarını iddia edirdilər.

Bu cərəyanın nəzəriyyəsinə əsasən, roman gerçəkliyi necə var, o cür təsvir etməli, həyatı ideallaşdırmaqdan, ona bəzək-düzək vurmaqdan çəkinməlidir. Təbiəti tədqiq edən romanın qarşısına sədlər çəkərək onu məhdudlaşdırmaq olmaz: roman tarix, fiziologiya, psixologiya, siyasət, sosial iqtisadiyyat, din məsələlərinə müdaxilə etməlidir.

Naturalizm anlayışının ədəbiyyatşünaslığa gətirilməsi isə  fransız yazıçısı Emil Zolyanın adı ilə bağlıdır. Onun "Eksperimental roman" məqaləsi həkim Klod Bernardın "Eksperimental təbabətin öyrənilməsinə giriş" əsərinə əsaslanır. E.Zolya K.Bernardın  müşahidə və eksperiment haqqında fikir və mülahizələrini ədəbiyyata tətbiq edərək  bədii yaradıcılığı təbiət elmlərinin XIX əsrin ikinci yarısında əldə etdiyi nailiyyətlərlə bir araya gətirməyə çalışmışdı. E.Zolyanın fikrincə, naturalizm təbiətə münasibətdə dəqiq elmlərin son nailiyyətləri ilə eyni səviyyəyə yüksəlməli, Viktor Hüqonun idealist-romantik "fantasmaqoriyasını" aradan qaldırmalı idi.

K.Bernardın "müşahidə göstərir, eksperiment isə öyrədir" mülahizəsinə istinad edən E.Zolya romançının həm müşahidəçi, həm də eksperimentator olduğu fikrində idi. O vurğulayırdı ki,  roman yazan yazıçı "müşahidəçi olaraq faktları müşahidə etdiyi kimi təsvir edir, başlanğıc nöqtəsini müəyyənləşdirir, personajlarının fəaliyyət göstərəcəyi və hadisələrin cərəyan edəcəyi möhkəm zəmini hazırlayır. Sonra o, eksperimentatora çevrilir və eksperiment aparır - yəni konkret əsər çərçivəsində personajları hərəkətə gətirir, əsərdə baş verən hadisələrin ardıcıllığının tədqiq olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam eyni olacağını göstərir".

Fransız ədəbiyyatında E.Zolyadan sonra yazıb-yaradan yazıçılar bu cərəyana yeni rənglər əlavə elədilər. Gi de Mopassan romanlarında öz tərcümeyi-hal faktlarından daha çox istifadə etdi, Alfons Dode naturalizmə satira və yumoru gətirdi.

Keçən əsrin əvvəllərində dünya ədəbiyyatında naturalizm yenidən canlandı. Almaniyada Q.Hauptmanın, İsveçdə C.Strindberqin, Rusiyada M.Qorkinin, A.Kuprinin, İ.Buninin, ABŞ-da T.Drayzerin, C.Londonun və C.Steynbekin yaradıcılığına naturalizmin təsirlərini görmək mümkündür.

Ədəbiyyatşünaslıqda belə bir yanaşma da mövcuddur ki, naturalizm realist metodun zirvəsi idi və ədəbiyyat bu zirvəni fəth edəndən sonra realist metod tərəddüd keçirməyə düçar oldu.  Xüsusilə Birinci Dünya müharibəsi kimi qlobal fəlakət gerçəkliyin realist və romantik ölçülərə sığmayan qatma-qarışıq mahiyyətini üzə çıxartdı, hər hansı bir nəzəriyyə ilə izah etməyin mümkün olmadığını ortaya gətirdi. Beləliklə, ədəbiyyatda digər cərəyanların, gerçəkliyə fərqli pəncərələrdən baxmağın yolu açılmış oldu.

Emil Zolyanın naturalizm cərəyanının nəzəri əsasını təşkil edən "Eksperimental roman" məqaləsindən iki hissəni öz tərcüməmdə diqqətinizə təqdim edirəm.

 

Emil ZOLYA

 

EKSPERİMENTAL ROMAN

 

Ədəbi esselərimdə tez-tez eksperimental metodun roman və dram əsərlərində tətbiqinin zəruriliyindən bəhs etmişəm. Təbiətə qayıdış, çağımızı valeh edən naturalizmin inkişafı insanın zehni fəaliyyətinin bütün növlərini tədricən geriyə dönülməz elmi yola yönəldir. Lakin elmin də ədəbiyyata istiqamət verməsi fikri təəccüblü görünə bilər, çünki bu fikir dəqiq ifadə olunmayıb və anlaşılmamış qalıb. Buna görə də eksperimental roman deyəndə, mənim fikrimcə, nəyi başa düşməli olduğumuzu aydınlaşdırmağı faydalı hesab edirəm.

Beləliklə, mən burada yalnız Klod Bernardın "Eksperimental təbabətin öyrənilməsinə giriş" kitabında heyrətamiz güc və aydınlıqla ifadə etdiyi eksperimental metodun ədəbiyyata tətbiqindən danışmalı olacağam. Nüfuzlu bir alimin bu kitabı mənim üçün mötəbər təməl olacaq. Bu kitabda sualın hərtərəfli şərhi verilib və mən ondan təkzibedilməz arqumentlər kimi lazım olan sitatları gətirməklə kifayətlənəcəyəm. Beləliklə, mən kompilyasiya işinə başlayacağam və bütün məqamlarda Klod Bernarda istinad edəcəyəm. Fikrimin aydınlaşması və ciddi elmi həqiqət xarakteri daşıması üçün çox vaxt "həkim" sözünü "romançı" sözü ilə əvəz etməyim kifayət edəcək.

Ona görə "Giriş"i seçdim ki, çoxlarının nəzərində tibb hələ də incəsənətdir - lap roman kimi. Klod Bernard bütün həyatı boyu tibbin həqiqi elm yoluna girməsi üçün mübarizə apardı. Biz də tədricən empirizmdən qurtulan və eksperimental metod sayəsində həqiqəti dərk etməyə başlayan elmin dilinin açılması ərəfəsindəyik. Klod Bernard sübut edir ki, kimya və fizikada cansız cisimlərin öyrənilməsində tətbiq edilən bu metod canlıların öyrənilməsində, fiziologiya və tibbdə də tətbiq edilməlidir. Mən də öz növbəmdə sübut etməyə çalışıram ki, əgər eksperimental metod fiziki həyatın dərk olunmasına gətirib çıxarırsa, ehtiraslar həyatının və zehni həyatın dərk olunmasına da gətirib çıxarmalıdır. Bu, sadəcə, eyni yolun kimyadan fiziologiyaya, fiziologiyadan antropologiyaya və sosiologiyaya aparan pillələri məsələsidir. Sonda isə eksperimental roman gəlir.

Aydınlıq üçün "Giriş"in xülasəsini verməyi zəruri hesab edirəm. Bu elmi əsərin planı və orada işlənən mövzu ilə tanış olduqdan sonra oxucular mətndən istinad etdiyim çıxarışları daha yaxşı başa düşəcəklər.

Təbabətin bundan sonra fiziologiyaya əsaslanmaqla və təcrübi metoddan istifadə etməklə elmi yola qədəm qoyduğunu göstərən Klod Bernard ilk növbədə müşahidəyə əsaslanan elmlərin eksperimental elmlərdən nə ilə fərqləndiyini açıqlayır. Və o, belə bir nəticəyə gəlir ki, mahiyyət etibarilə təcrübə şüurlu şəkildə ərsəyə gətirilmiş müşahidədir. Bütün eksperimental mülahizələr şübhə üzərində qurulur, çünki eksperimentatorun təbiət qarşısında heç bir qərəzli niyyəti olmamalıdır və o həmişə mühakimə azadlığını saxlamalıdır. O, hadisələri yalnız sübut olunduğu zaman qeydə alır.

Kitabın ikinci hissəsində Bernard əsas mövzuya keçir və sübut edir ki, orqanizmlərin müstəqil mövcudluğu onlara eksperimentin tətbiq edilməsinə mane olmur. Fərq yalnız ondan irəli gəlir ki, cansız cisim xarici və adi mühitdə olduğu halda, canlı orqanizmlərin elementləri daxili və daha mükəmməl bir mühitin içindədir, lakin daxili mühit də xarici mühit kimi daimi fiziki və kimyəvi xassələrə malikdir. Buradan həm canlı varlıqlar, həm də cansız cisimlər üçün təbiət hadisələrinin mövcudluğu şəraitində tam determinizm meydana gəlir. Klod Bernard müəyyən hadisələri yaradan, "şərtləndirən" səbəbi "determinizm" adlandırır. Bu, onun dediyi kimi,  birbaşa səbəbdir, hadisələrin mövcudluğunun və ya baş verməsinin fiziki və maddi vəziyyətindən başqa bir şey deyildir. Deməli, eksperimental metodun məqsədi, hər hansı elmi araşdırmanın vəzifəsi canlı və cansız varlıqlara münasibətdə eynidir: bunun hər ikisində hansısa hadisə ilə onun birbaşa səbəbi arasında əlaqə tapmaq lazımdır, başqa sözlə desək, hər hansı bir hadisənin baş verməsi üçün hansı şərtlərin lazım olduğunu müəyyənləşdirməyə ehtiyac var. Eksperimental elm "niyə" sualı ilə məşğul olmamalıdır, o yalnız və yalnız hadisənin necə baş verdiyini izah edir.

Canlı varlıqlar və cansız cisimlər üzərində təcrübələr haqqında ümumi mülahizələri qeyd edən Klod Bernard yalnız canlılar üzərində aparılan təcrübələrlə bağlı mülahizələrə yer verir. Burada böyük və yeganə fərq ondan ibarətdir ki, canlı orqanizmlərin tədqiqi zamanı gərək öyrənilən hadisələrin ahəngdar bir bütövlük təşkil etdiyini nəzərə alasan. Daha sonra o, canlı varlıqlar üzərində eksperimentdən - tibbi  əməliyyatdan, anatomik hazırlıq şəraitindən, canlıların seçilməsindən, hadisələrin öyrənilməsinə riyaziyyatın tətbiqindən və nəhayət, fizioloqun laboratoriyasından danışır.

"Giriş"in son hissəsində Klod Bernard öz fikirlərini gücləndirərək eksperimental fizioloji tədqiqatlardan nümunələr verir. Daha sonra o, fiziologiyada eksperimental tənqiddən nümunələr verir və nəhayət, eksperimental tibbin hansı fəlsəfi xarakterli maneələrlə qarşılaşdığını göstərir. O, birinci sıraya fiziologiyanın təbabətə yanlış tətbiqini, psevdoelmi cəhaləti, eləcə də həkimlər arasında mövcud olan bəzi illüziyaları qoyur. Bununla belə, yekunda deyir ki, empirik və eksperimental təbabət nəinki bir-birinə uyğun gəlmir, əksinə, onları bir-birindən ayırmaq olmaz. Kitabın son sətirlərində eksperimental təbabətin heç bir tibbi doktrinaya və heç bir fəlsəfi sistemə uyğun gəlmədiyi deyilir.

Bu, ümumi şəkildə desək, "Giriş"in, üstünün əti götürülmüş skeletidir. Ümid edirəm ki, bu qısa sxem Klod Bernardın mətninə müraciət edərkən qaçılmaz olaraq yaranacaq boşluqları doldurmaq üçün mənə kifayət edəcək, yəqin ki, oradan yalnız "eksperimental roman" anlayışını müəyyənləşdirmək və şərh etmək üçün mənə lazım olan sitatları götürəcəyəm. Yenə deyirəm, Klod Bernardın əsəri mənim üçün yalnız üzərində dayandığım, arqumentlərlə və hər cür dəlillərlə dolu olan təməldir. Dili açılmaq ərəfəsində körpəlik dövrünü yaşayan eksperimental təbabət bizdə hələ südəmər olan və danışmaq səviyyəsinə yetişməmiş eksperimental ədəbiyyat haqqında təsəvvür yarada bilər.

(Ardı var)

 

 





29.03.2023    çap et  çap et