525.Az

Böyük Zəfərin ilk yolçularına söz abidəsi - Dayandur Sevgin yazır


 

Böyük Zəfərin ilk yolçularına söz abidəsi - <b style="color:red"> Dayandur Sevgin yazır</b>

Dəyərli yazıçımız Səyyad Aranın "Tacın qaytarılması" romanı, ik növbədə, xalqımızın mübariz əzminə, dövlətimizin iradə və qətiyyətinə məftunluq, ordumuzun qəhrəmanlığı sayəsində yaşanan haqq-ədalət təntənəsinə şükranlıq ifadəsidir. Böyük Zəfərlə nəticələnən savaşın an-an izlənməsi, Zəfər nəşəsinin Sözlə ifadəsi, bu müqəddəs yolun ilk yolçularına Söz Abidəsidir. Eyni anda həm kökdən gəlib-kökə gedən, mifoloji, mistik gəlişmələrə, həm də günümüzün reallıqlarına fərəhli baxış var bu əsərdə. Buradakı obrazlar xalqımızın haqq uğrunda əbədi yolçuluğunu simvolizə edir. Mifoloji düşüncəmizin Boz Qurd ərdəminə söykənən qüruru şüuraltı yaddaşdan "Tacın qaytarılması"na elə ilk səhifədən, ilk mətləbdən boylanır. Bu səbəbdən də böyük zəfərin ilk yolçuları, ilk sıra nəfərləri olan şanlı əzgərlərimiz qarşıdakı qələbəyə türkün başlıca totemi Boz Qurdun ruha qida verən səsləniş-ulartısı ilə yola salınır. Qələbə, uğur qutlaması, zəfər əlamətidir bu.

Sonra başqa bir Boz Qurd, sonra bir başqası, sonra da bir özgəsi səs verir bu çağırışa. Həmrəy olduqlarını bəyan edirmiş kimi: "Bu dəfə qurdlardan bir neçəsi ağız-ağıza verib ulaşdı. Səs dalğa-dalğa cəngəlliyə yayılaraq hamının içindən keçib getdi. Əsgərlər bir-birilərinə baxıb gülümsədilər...

Kimsə təəccübünü, bəlkə də həyəcanını gizlədə bilmədi:

- Bu nədi, əə?!

XTQ zabiti mənalı şəkildə münasibət bildirdi. Bilənlər başa düşüb gülümsədilər... Qurdların növbəti "xor"undan sonra əsgərlər tabor komandirinin üzündə qəribə bir məmnunluq, təbəssüm gördülər. Çox intizarda qalmadılar. Onların marağını hiss edən komandir özü izahat verdi:

- "Qurd ağzı mübarək olar" - deyib babalarımız. Bu, yaxşı əlamətdir. Əməliyyatımız uğurlar bitər, inşallah!"

Dəstədəkilər komandirin sözlərini bir-birinə ötürürlər, ta əbədi-əzəli torpaqlarımız, yurd yerlərimiz Füzuliyə, Ağdama, Cəbrayıla, Ağdərəyə, Laçına, Zəngilana, Zəngəzura, Kəlbəcərə, Şuşaya, Xankəndinə kimi. Qələbə, Zəfər anına qədər. Bu səs, bu xəbərdarlıq qələbə simfoniyası, rəmzi kimi dalğa-dalğa yayılır. Adlarını çəkdiyimiz doğma yurd yerlərimizin hər qarış torpağında, daşında, qayasında, geniş ormanlarında əks-səda verir. Baş leytenant Teymur Hüseynovun, kapitan Fuad Əliyevin, polkovnik Tehran Mənsimovun, tibb baş leytenantı Şakir Qasımovun, kapitan Turqut Əliyevin, polkovnik Kənan Seyidovun, kapitan Seymur Məmmədovun və başqalarının cəbhə gündəliklərinin, xatirələrinin hər anından eşidilir bu səs, ən ümidsiz, ağır dəqiqələrin hərəkətverici qüvvəsinə çevrilir.

Doğma Şuşamızın üzük qaşı kimi müzəffər ordumuz tərəfindən əhatəyə alındığı günlərin bədii təsviridir "Tacın qaytarılması"nda yazılanlar. Şanlı oğullarımızın qəti qərarıdır ki, erməni ordusu darmadağın edilməli, əsgərləri pərən-pərən salınmalı, qaçmağa, təslim olmağa məcbur edilməlidir. Təbii ki, "tarixi-memarlıq şəhəri olan Şuşaya ağır texnika və artilleriya ilə girmək Ali Rəhbərlik tərəfindən məsləhət görülməmişdi... Şuşanı qəfil hücumla, əlbəyaxa döyüşlə almaq əmri verilmişdi... Şuşanın qədim siması qorunmalı, şəhərin tarixi görünüşünə xələl gəlməməliydi".

Çünki Şuşa ruhumuzun bir parçasıydı. Şuşaya bala anasına, ruh bədənə qovuşan kimi qovuşmalıydıq. Elə də oldu. Hər şey Ali Baş Komandanın istəyi, dediyi kimi yerinə yetirildi. O vaxt, o xoşbəxt məqam yetişdi ki, Ali Baş Komandana raport verildi... 7 noyabr, saat 13:45 idi... "Hərbi operator sevincindən əlləri əsə-əsə bu tarixi anı lentə köçürürdü.

- Cənab Ali Baş Komandan!

Sizin rəhbərliyiniz altında Şuşa şəhəri işğaldan azad edildi.

Eşq olsun Azərbaycan xalqına!

Qarabağ Azərbaycandır!"

Bu sevincli, qürur dolu təsvirdən, yaşamdan sonra 2020-ci il noyabrın 8-ci gününün yaddaşlarda əbədi qalacaq sevinci gəlir:

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!.."

Bu o gündü ki, "hamı bəxtiyar və bəxtəvər idi. Bu gün millətin başının göylərə ucaldığı gündür.

...Paytaxt Bakı çağlayırdı. Şəhərin küçələri insan seliylə aşıb-daşırdı... Ali Baş Komandanın Şuşanın azad edilməsiylə bağlı təbriki və çıxışı monitorlarda təkrar-təkrar göstərilirdi..."

O unudulmaz anların bədii təsviri ən incə detallarına, ştrixlərinə qədər təsvir edilib "Tacın qaytarılması"nda. Millətin xoşbəxt olduğu günün bədii salnaməsi kimi oxunur. Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalqın dirçəliş gününün, özünün öz içində böyüdüyü günün ədəbi heykəli kimi üz-üzə dayanır oxucularla. İlk növbədə vətənçilik, qədirşünaslıq, sədaqət hissi dərsi verir. Soy-kökü, milli varlığın özəlliklərini anladır. Millət-dövlət-ordu birliyinin gücünü ifadə edir.

Mədəniyyət beşiyimiz Şuşanın 270 illiyinə və İkinci Qarabağ müharibəsinə həsr olunmuş "Tacın qaytarılması" romanı ilk növbədə yazıçı Səyyad Aranın vətəndaşlıq mövqeyinin, dövlətçiliyimizə bağlılığının, əbədi ehtiramının, azərbaycançılıq düşüncəsinin ifadəsi kimi oxunur və hər bir səhifəsi ilə oxucuya vəfa, etibar, yenilməzlik, qürur hissi aşılayır.

 





29.03.2023    çap et  çap et