525.Az

Vətən həsrətli, tanrıdan qismətli el sənətkarı


 

Vətən həsrətli, tanrıdan qismətli el sənətkarı<b style="color:red"></b>

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

(M.Şəhriyar)

 

İnsan var ki ölümündən sonra onun bu dünyadakı yoxluğu duyulmur. İnsan da var yaratdığı sənət əsərləri, ucalığı, böyüklüyü, sözünün kəsəri və dəyəri, dağ vüqarı, cəmiyyətdə tutduğu ağsaqqallıq statusu ilə hər zaman kövrək duyğularla, qürurla xatırlanır. Onun bu fani dünyadakı yoxluğuna alışmaq çox çətin olur. Əslən Göyçədən olan, sonradan Zaqatalada məskunlaşaraq ömrünün sonuna kimi burada yaşayıb-yaradan Aşıq Valeh Həsənov məhs belə saz-söz adamlarından, ustad sənətkarlarımızdan idi.

 Bu gün - martın 28-də Azərbaycan Aşıqlar Birliyinin üzvü, zaqatalalı Aşıq Valeh Həsənov 86 yaşında vəfat edib.

 Aşıq Valeh Rəhim oğlu Həsənov 1937-ci ildə may ayının 1-də Qərbi Azərbaycanın Göyçə mahalında, Basarkeçər rayonunun Şişqaya kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun atası Aşıq Rəhim dövrünün tanınmış aşıqlarından olub. Aşıq Valeh 1969-cu ildə ailəsi ilə birgə Zaqatalaya köçüb. Aşığın sənətkar ailəsində böyüməsi onu qüdrətli bir ustad, aşıq kimi yetişməsinə kömək edib. Ustad aşıq sənətinin bütün janrlarında yazıb-yaradıb, klassik dastanlarımızı mükəmməl bilicisi olub. Aşıq Valeh ustad-şagird ənənəsində layiqincə davam etdirib, onlarla şagird yetişdirib. Atası aşıq Rəhimin sənət şəcərəsinin layiqli davamçısına çevrilən Aşıq Valeh şeirlərinin birində özünü eşq əhli adlandırır və bununla yanaşı özü haqqında məlumat verir:

Eşq əhliyəm, məhəbbətdir ustadım,

Öz adım Valehdir, Həsən soyadım.

Hər zaman haqq deyib, haqq eşidən, haqqa bağlı olub, haqqı-həqiqəti soraqlayan, ümidsizliyə düçar olduğunda belə inamını itirməyən ustad sə-nətkar sözün həqiqi mənasında mərdlik, mərdanəlik məktəbi keçib.

Valeh, sən Haqq-Təaladan dərdinə dərman dilə,

Çağırginən şahlar şahın etiqadla, sidqilə,

Gəlsə yüz min təbib loğman, ya bilməyə, ya bilə,

Sidq dillə Haqq-Təaladan istə aman, üstədi.

Onun 1000-dən çox əsəri aşıq şeiri üslubunda yazılıb. Bunlardan, "Yaxşı yadadı", "Endim", "Ayrılıq", "Mən oldum", "Zaqataladan", "Zaqatala xəritəsi" "Göyçə", "Ulu Göyçə" və s. adlarını çəkmək olar. Aşıq Valehin yaradıcılığına məxsus başlıca xüsusiyyət aşıq şeiri ilə yanaşı, klassik şeir üslubunda da yüzlərlə nümunələrin yaradıcısı olması idi. O, poemalarında ayrı-ayrı zəhmətkeş, əməksevər insanların, eləcə də yaltaq məmurların mükəmməl portretini yaradıb. El sənətkarının 8-dən çox kitabı - "Mərcan gözlər", "Dastanlar", "Sabaha gedən yol", "Vüqar və Aypara dastanı", "Könlüm ayrılmayır Göyçə gölündən", "Mən necə yazmayım Zaqataladan" "Uğura doğru" və s. kitabları nəşr olunub. Onun poeziyası vətənpərvərlik, qəriblik, saf sevgi, haqq-ədalət, mübarizlik, cəsarət poeziyası idi.

Mən Valehəm, köç eylədim elimdən,

Vətən sözü heş düşmədi dilimdən,

Yurdum-yuvam tamam çıxdı əlimdən,

Qürbətdə bir ayım döndü min aya,

Ulu Göyçə, Göyçə gölü, Şişqaya.

Bizim elli, xoş niyyətli Aşıq Valehə Allahdan rəhmət diləyir, məkanı cənnət olsun deyirəm. Xatirəniz həmişə əziz tutulacaq, adınız hörmətlə anılacaq böyük ustad!

 

Zümrüd İBRAHİMQIZI

Filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib

 

 





29.03.2023    çap et  çap et