525.Az

İnfeksion yoluxmalardan necə qorunmaq olar?


 

İnfeksion yoluxmalardan necə qorunmaq olar?<b style="color:red"></b>

Son dönəmlərin müntəzəm hava dəyişikliyi virus infeksiyalarının artmasına və yayılmasına səbəb olur. Fərqli xüsusiyyətlərə malik  hər bir infeksiya orqanizmdə kəskin və ya xroniki xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. QİÇS və hepatit B kimi bəzi yoluxucu infeksion xəstəliklər də var ki, onların  birdəfəlik müalicəsi qeyri-mümkündür. Bu xəstəliklərə vaxtında diaqnoz qoymaq son dərəcə vacibdir.

İnfeksionist  Leyla Əmrahova "525"ə açıqlamasında infeksion xəstəliklərin patogen mikroorqanizmlərin - virus, bakteriya, göbələk və parazitlərin orqanizmə daxil olması nəticəsində baş verdiyini vurğulayıb: "Patogen mikroorqanizmlər insan orqanizminə müxtəlif yollarla daxil ola bilir və yoluxma üsullarına görə bir neçə qrupa bölünür. Transmissiv yolla - yəni həşəratlar vasitəsilə yoluxan xəstəliklər kimi malyariya, leyşmanioz, gənə borreliozu, gənə ensefalitlərini göstərmək olar.  Bağırsaq infeksiyaları isə əsasən, alimentar yolla yoluxur. Bundan başqa qeyri-transmissiv qan infeksiyaları da var ki, bunlara  hepatit B, C, D  daxildir. Bu infeksiyalar əsasən parenteral yolla yoluxur. Hepatit B infeksiyasının qanla yoluxması da mümkündür. Cinsi və transplasentar yolla yoluxanlar da var. Tənəffüs yolu infeksiyaları əsasən hava-damcı, hava-toz yolu ilə yoluxur.

Bəzi yoluxucu xəstəliklərdən sonra orqanizmdə davamlı qazanılmış təbii immunitet əmələ gəlir və həmin xəstəliklərə nadir hallarda yoluxuruq. Bu xəstəliklərə su çiçəyi, qızılca, göy öskürək daxildir. İnfeksion xəstəliklərdən qorunmaq üçün aktiv və passiv immunizasiya mümkündür. Aktiv immunizasiya vaksinlər və anatoksinlər, passiv immunizasiya antitoksik zərdablar və immunoqlobulinlər vasitəsilə həyata keçirilir".

Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün ilk növbədə gigiyena qaydalarına əməl edilməli, tibbi alətləri mütləq sterilləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, qızdırma, mədə-bağırsaq infeksiyaları zamanı ishal, qusma davamlı olduğu təqdirdə orqanizmdə su itkisi baş verir. Bəzi hallarda infeksion xəstəliklərə müalicə və müayinələr  zamanı da yoluxuruq. 

Stomatoloq Hüseyn Abdullayev "525"ə açıqlamasında diş müalicəsi zamanı infeksion xəstəliklərə yoluxmamaq üçün avtoklov, ultrasəs vanna, ultrabənövşəyi lampalardan istifadə etməyin vacibliyini qeyd edib: "Bu xəstəliklərin yoluxma halı müxtəlif simptomlarla müşayiət olunur. Belə xəstəliklərə yoluxmamaq üçün istifadə olunacaq alətlər və avadanlıqlar kimyəvi yolla strelizə edilməlidir. Diş müalicəsi zamanı qaydalara əməl olunmadıqda hepatit, herpes, QİÇS, göbələk kimi ağır xəstəliklərə yoluxma halları baş verə bilir. Yoluxmuş şəxs öncə terapevt-həkim, daha sonra ixtisas həkimi tərəfindən müalicə olunmalıdır".

Havar ŞƏFİYEVA

 





29.03.2023    çap et  çap et