525.Az

Azərbaycan və Hindistanın turizm şirkətləri arasında işgüzar görüş keçirilib


 

Azərbaycan və Hindistanın turizm şirkətləri arasında işgüzar görüş keçirilib<b style="color:red"></b>

Hindistanın Bakıdakı Səfirliyi, iki ölkə arasında turizm sektorunda işgüzar əməkdaşlıq potensialını araşdırmaq məqsədilə Azərbaycan və Hindistan tur operatorların və turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə  hibrid rejimdə Hindistan-Azərbaycan İşgüzar görüşünü təşkil edib. 

525.az-a Hindistan səfirliyindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən tur operatorların və turizm agentliklərinin nümayəndələri, eləcə də, mətbuat nümayəndələri tədbirə qatılmaq üçün yerli otellərin birində toplaşıb, hindistanlı həmkarları isə tədbirə virtual rejimdə qoşulublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili Vinay Kumar bütün iştirakçıları salamlayaraq, ölkəsinin turizminin təşviqi üzrə interaktiv görüşə qoşulduğu üçün onlara öz təşəkkürünü bildirib. O, fürsətdən istifadə edərək, görüşə onlayn qoşulan şəxslərə, o cümlədən STIC səyahət qrupunun sədri və icraçı direktoru Dr. Subhash Goyala, Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti Rajiv Mehraya, Zeal Global şirkətinin sədri Vishal Sharmaya və başqalarına xüsusi minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, Bakı ilə Dehli arasında birbaşa uçuşlar həftədə üç dəfəyədək artırılmaqla, aprelin ilk həftəsindən bərpa olunur. O, iştirakçıları ecazkar Hindistanı kəşf etmək üçün bu fürsəti əldən verməməyə və Hindistana cəlbedici turizm paketləri təşkil etməyə çağırıb.

Səfirliyin ikinci katibi Ajay Kumar Pandey və hindistanlı iştirakçılar Hindistanın turizm potensialı, gözəl turistik məkanları və Hindistana gələn əcnəbi turistlər üçün yaradılan imkanlar barədə təqdimatlar ediblər. 
Tədbir zamanı  Azərbaycan Turizm Bürosunun, Cənubi Asiya turizm bazarları üzrə əməkdaşı  Elman Məmmədov və Flame Tours & DMC şirkətinin satış və marketinq üzrə direktoru Fərid Hüseynov turizm sektorunda ikitərəfli əməkdaşlığa dair təqdimatlarla çıxış ediblər.
Hindistanın STIC Travel və Air Charters Qrupunun sədri Subhas Goyal bildirib ki, bugünkü B2B görüş iki ölkə arasında turizm axınının  artırılması və ölkələrin bir-birinin mədəni irsi ilə tanışlığı baxımından çox faydalıdır. Daha sonra tədbirin sual-cavab hissəsində Hindistan və Azərbaycan tur operatorları və turizm şirkətləri arasında turizmlə bağlı səmərəli müzakirələr aparılıb.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-dekabr aylarında ikitərəfli ticarət 2021-ci ilin analoji dövrü ilə müqayisədə illik 154,6% artaraq 1,882 milyard ABŞ dollarına çatıb. Hindistan hazırda Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.

Pərvanə Sultanova

 





29.03.2023    çap et  çap et