525.Az

"Ramiz Rövşən mükafatı" bədii qiraət müsabiqəsinin nəticələri açıqlanıb


 

"Ramiz Rövşən mükafatı" bədii qiraət müsabiqəsinin nəticələri açıqlanıb<b style="color:red"></b>

"TEAS Press" Nəşriyyat evi və "LIBRAFF" kitab mağazaları şəbəkəsinin 15 dekabr 2022-ci il tarixində elan etdiyi "Ramiz Rövşən mükafatı" bədii qiraət müsabiqəsinin nəticələri elan olunub və bu il mart ayının 29-da "Libraff"ın "Park Akademiya" filialında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 

525.az xəbər verir ki, Xalq şairi Ramiz Rövşənin açılış nitqi ilə başlayan tədbirdə yazıçı Zahid Xəlil, ədəbiyyatşünas Qismət Rüstəmov, şair Aqşin Yenisey və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov çıxış edərək müsabiqənin önəmindən danışıblar.

1-11-ci sinif şagirdləri arasında keçirilən müsabiqənin şərtlərinə görə, hər bir müraciətçi Ramiz Rövşənin müəllifi olduğu şeirlərdən birini ifa edərək, video formasında göndərməli və bu zaman müsabiqənin müəyyən edilmiş şərtlərini əhatə etməli idi. 

Onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilirib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib.

1-4-cü siniflər üzrə Ləman Abbaszadə, 5-8-ci siniflər üzrə Səbirə Həsənli, 9-11-ci siniflər üzrə Nihad Rəhimli qalib seçiliblər. Müsabiqənin qaliblərinə mükafatları şəxsən Xalq şairi Ramiz Rövşən özü təqdim edib.

Qaliblərlə yanaşı müsabiqədə həvəsləndirici yerlərə layiq görülən İpək Məcid, Zeynəb Bağırova, Nəzrin Xəyyamqızı və Sadiq Mahmudov da mükafatlandırılıblar.

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş "Ramiz Rövşən mükafatı", "LIBRAFF"dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti təqdim olunub. Bundan başqa, müsabiqənin münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə də həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.

 





30.03.2023    çap et  çap et